“Cavad xan”
səhnəyə çıxdı
Cümhuriyyətin yubileyinə ithaf edilmiş və elə
yüzilliyə yaraşan tamaşa
Zəmanə
elə gətirib ki, bu
gün hətta dünya
miqyasında klassik ənənələrə
söykənən yeni balet
əsərinin səhnəyə vəsiqə alması nadir sənət hadisəsi sayılır. Bu baxımdan başa çatmaqda olan teatr mövsümünü
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün
zəngin il hesab etmək
olar. Bir mövsümdə
iki yeni baletin (fevralın əvvəlində Qara Qarayev və Fərəc
Qarayevin “Qoyya” baletinin premyerası olmuşdu)
repertuara daxil edilməsi
yaradıcı kollektivin uğurudur.
Nə
vaxtdan bəri söhbəti gəzən “Cavad xan” baletinin
ilk tamaşası iyunun
9-da baş tutdu.
Səhnə
əsərinin qəhrəmanı iki əsrdən
çox mərhələli şəkildə
davam etmiş milli azadlıq və dövlət müstəqilliyi
uğrunda mübarizəmizin əfsanəvi
rəmzlərindən olan Cavad
xandır.
Əvvəlcə
musiqi haqqında. “Cavad
xan” Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun ilk
baleti olsa da, bəstəkarın tarixi
mövzuda yazdığı növbəti
irihəcmli əsəridir. Baletin musiqi kanvası sırf qəhrəmanlıq duyğusu, himn və marş ruhu üzərində
qurulduğundan əfsanələşsə
də, Cavad xan
obrazının, əsərin bəhs etdiyi
mübarizə tarixinin səhnə həllinə
birbaşa yol
açır.
Əsərin
librettosu (müəllif - Əjdər Ulduz) da musiqini
tamamladığından tamaşa bir nəfəsdə dinlənilir və baxılır.
“Cavad xan” baleti
Xalq artisti, son zamanlarda Azərbaycan səhnəsinin
ən parlaq balerinalarından olmuş Kamilla
Hüseynovanın xoreoqraf kimi
ilk müstəqil böyük
səhnə quruluşudur. Artıq ilk səhnələrdən - imperator
I Aleksandrın sarayında Qafqazın fəthinə həsr olunmuş saray balından
tamaşaçı hiss edir
ki, onu maraqlı tamaşa gözləyir. Knyaz Sisyanov
(Əməkdar atrist Samir
Səmədov) gürcü
knyaginyasını (Ayan Eyvazova) I Aleksandra (Əməkdar artist
Makar Ferştandt) fəth
olunmuş Qafqazın rəmzi kimi təqdim edərkən iki
qalib kişinin
görkəmindəki, jest və hərəkətlərindəki
qələbə ədası ilə məğlub qadının rəqsində hüzn elə
dəqiqliklə çatdırıldı ki,
tamaşanı başa düşmək üçün əsərdə bəhs edilən
tarixi olayı bilməyə ehtiyac qalmadı. Sonrakı səhnələrdə,
xüsusilə iki planda
işlənmiş – həm nazik pərdə
ilə yaradılan ön və arxa plan hadisələrinin
effekti, həm
də səhnənin sanki tən ortadan bölünərək Gəncəyə
imperator qoşununun yürüşü zamanı iki
tərəfdə baş verən hadisələrin
eyni vaxtda təsviri Kamilla Hüseynovanın birpərdəli baletin yığcam zaman
çərçivəsində rəqsin dili
ilə daha çox söz demək, daha dərin mətləbləri
çatdırmaq bacarığını üzə
çıxardı. Gəncə müdafiəçiləri
ilə Sisyanovun qoşunu
arasındakı döyüş səhnəsinin
həlli də uğurla
tapılmışdı. Xan arvadı
obrazını canlandıran Əməkdar artist
Nigar İbrahimovanın torpaq
uğrunda iki oğlunu şəhid versə
də, balalarının nəşi üzərində
ağını çox emosional
şəkildə çatdırmaqla yanaşı, Cavad xana (Xalq
artisti Gülağası Mirzəyev) layiq həyat yoldaşı, xan
zövcəsi kimi qürurlu
davranışı da diqqətimizdən
yayınmadı. Cavad xanın öz ailə üzvləri ilə birlikdə adajiosu isə hətta baletdən ayrıca,
konsertdə, müsabiqədə ifa ediləcək
rəqs nömrəsi kimi də
maraqlıdır. Gəlin, razılaşaq ki, müasir dövrdə
bəstələnən və tamaşaya qoyulan balet əsərlərində
belə adajiolara (bir, iki və ya daha çox solistin ifasında müstəqil, yaxud mürəkkəb musiqili-xoreoqrafik
formalı rəqs nömrəsinin mərkəzi hissəsi) az rast gəlinir.
Tamaşanın
səhnəqrafiyasına gəlincə, tarixi
mövzunu bitkin tamamlayan arxa fonda dəyişən şəkillərdən
istifadə uğurlu tapıntıdır,
personajların geyimi öz
dövrünü tam əks
etdirirdi. Quruluşçu rəssam Dövlət mükafatı laureatı, Xalq rəssamı
Rafiz İsmayılovun tamaşa
üçün seçdiyi
qara-qırmızı fon, istər saray əyanları, rus
zabitləri, istərsə də xan ailəsi
və Gəncə əhalisinin libası üçün
seçilmiş rənglər
tamaşanın bədii həllini tamamlayırdı. Sadəcə,
bəzi ifaçıların görkəmində xırda bir uyarsızlığı vurğulamaq
istəyirik. Çar Rusiyasının istər
saray əyanları, istərsə də
döyüşən ordu zabitləri üçün yazılmamış qayda olub: rus
zabiti mütləq bığ saxlamalı idi. Tamaşada isə bu xırda məqam diqqətdən
qaçıb. Təbii ki, növbəti tamaşalarda bunu aradan qaldırmaq mümkündür.
Opera və balet tamaşaları haqqında
yazılarımızda adətən musiqinin
səslənişi, orkestrin ifası və
dirijorun idarəsi barədə fikirləri
yazının sonuna, teatr
dili ilə desək, finala
saxlayırıq. Çünki tamaşa barədə qeydlərimizin necəliyindən
asılı olmayaraq onu
major notlarla bitirməyə meyllilyik.
Teatrın baş dirijoru, Xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərlik etdiyi orkestr bu tamaşada da bəstəkarın öz
əsərinin səslənişində gözlədiyi qüsursuz ifanı təqdim etdi,
əsərin dramatizminin tam
çatdırıldığını biz
də eşitdik.
Qulaqlarımızın aldığı səs zövqü, salon dolusu teatrsevərlərin alqışları da sübuta yetirdi ki, biz
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf edilmiş bu maraqlı və
sanballı, elə yüzilliyə yaraşan
tamaşanı dinləyib seyr etmişik.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.-
2018.- 15 iyun.-
S.8.