Kiyevdə Müslüm
Maqomayevin xatirəsi anılıb
Ukraynanın paytaxtı Kiyevdə
dünya şöhrətli müğənni və bəstəkar,
SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm
Maqomayevin (1942-2008) xatirəsi anılıb.
Azərbaycanın
Ukraynadakı səfirliyinin təşkilatçılığı
və təşəbbüsü ilə Müslüm
Maqomayevin xatirəsinə həsr edilən
musiqili gecə Kiyevin ən
məşhur mədəniyyət ocağında – Ukrayna Milli Akademik
Opera Teatrında keçirilib.
Xarici
ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri, ictimai
xadimlər, mədəniyyət xadimlərinin
qatıldığı musiqili gecədə
çıxış edən Azərbaycanın Ukraynadakı səfiri
Azər Xudiyev bildirib ki, Müslüm Maqomayev parlaq
yaradıcılığı ilə Ukraynada
milyonlarla tamaşaçı qəlbini fəth
edib. Bildirib ki, musiqiçinin Azərbaycan
xalqı qarşısında xidmətləri əvəzsizdir.
Ukrayna
Milli Akademik Opera Teatrının direktorunun
müavini Oksana Koqut bildirib ki, M.Maqomayevi bütün dünyada
tanıyır və sevirdilər. Çox
zəhmətsevər, qayğıkeş, təvazökar insan olan M.Maqomayev
neçə-neçə istedadlı musiqiçinin
böyük səhnəyə yolunu açıb.
Sonra Ukraynanın
tanınmış incəsənət xadimləri səhnəyə
çıxıblar və M.Maqomayevin
repertuarından mahnılar ifa ediblər.
Mədəniyyət.- 2018.- 15 iyun.- S.10.