“Səttarın arzusu”
necə yarandı?
Azərbaycan
dekorativ-tətbiqi sənətinin son bir qərinəlik
inkişafının ən parlaq səhifələrini Xalq rəssamı
Eldar Mikayılzadənin yaratdığı xalçalar təşkil
edir, desək, yanılmarıq. Hələ tələbəlik
illərində bu sənətin ən tələbkar
xiridarlarını belə heyrətlənməyə məcbur
edən gənc rəssam “Şəbi-hicran” (1981)
xalçası ilə çox yüksək
sənət zirvəsini fəth etdiyindən, əslində, özünün sonrakı
yaradıcılığını yalnız yeniliyə
köklənməsini şərtləndirmişdi.
Yaxşı haldır ki, o,
bunu zamanında duymuş
və bu günə kimi
ərsəyə gətirdiyi süjetli və
ornamentli xalçaları ilə bu sahədə əldə etdiyi
birinciliyi qoruyub saxlaya bilmişdir. Onun yaratdığı “Nağıllar aləmi”
(1983), “İslam” (1992), “Təbriz” (1993),
“Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar”
(1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç
peyğəmbər” (2003), “Yaranış” (2010) və s. nadir sənət
nümunələri də bunun təsdiqidir.
Bu xalçaların bir
çoxuna rəssamın Brüsseldə
təşkil olunan fərdi sərgisində
(1996) tamaşa edən Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev onların bədii tutumundakı
çoxqatlılığı xüsusilə yüksək dəyərləndirmişdi.
Bu
günlərdə xalçaçı-rəssamın ölkə
Prezidenti İlham
Əliyevin sərəncamı ilə “Xalq
rəssamı” fəxri adına layiq
görülməsi də onun milli incəsənətimizin inkişafına verdiyi bənzərsiz töhfələrin rəsmi
dəyərləndirilməsi sayıla bilər.
Əgər bu gün 62 yaşlı sənətkarın
yaradıcılıq irsini dəyərləndirməli
olsaq, onda ilk növbədə yaratdığı
xalçaların qeyri-adi dərəcədə
naxış və təsvir zənginliyini, eləcə də
onların çoxqatlı məna-məzmunla yükləndiyini
qeyd etməliyik. Başqa
sözlə desək, onun hər bir xalçanın ümumi
kompozisiyasının ən müxtəlif elementlərini mənalandırması
və bu “təsvirlər məcmusu”nun bədii
bütövlüyünə nail ola bilməsi dünya
xalçaçılığında bu vaxta qədər rast gəlinməyən
haldır. Onun asimmetrik “Şəbi-hicran”
(1981, 2006) xalçasında təbiət elementlərindən Füzulinin obrazlı portretini
yaratmasından və “dərd şairi”nin bənzərsiz sənət dünyasına
özünəməxsus bədii güzgü
tutmasından başlanan bu
yüksəliş sonrakı illərdə müxtəlif çeşnili bənzərsiz toxuculuq nümunələrindən keçməklə,
sonda özünü daş-qaşlarla ilmələrin
qovşağından yaradılan və dünyada
bənzəri olmayan “Kəhkəşan” (2012) əsərində
növbəti mərhələsinə yetişmişdir.
Sənətkarın yaxın-uzaq yaradıcılıq
planlarına az-çox bələdçiliyimizin
qarşılığında qətiyyətlə deyə bilərik
ki, əldə olunan bədii-texniki
uğurlar hələ son
deyil. Belə ki,
hazırda yaradıcılığının çiçəklənmə
dövrünü keçirən
xalçaçı-rəssam hələ bundan
da yüksək zirvələr fəth etmək
istəyindədir...
Onun bu vaxta qədər ərsəyə
gətirdiyi çoxsaylı xalçaların hər birinin özünəməxsus yaranma
tarixçəsi vardır. Amma “Səttarın
arzusu” (2012) onların arasında bəzi
xüsusiyyətlərinə görə seçilir. Elə bu
yazıda rəssamın müstəqillik illərində
yaratdığı “Səttarın arzusu”
xalçası barəsində söz açmağa qərar verməyimizin səbəbsiz
olmadığını görəcəksiniz.
Adından da göründüyü kimi əsər məşhur fırça
ustası, Xalq rəssamı Səttar Bəhlulzadəyə
həsr olunub. Dahi həmyerlisi ilə ilk ünsiyyətindən onu
özünün “mənəvi ulduzu” sayan Eldar
Mikayılzadə, çoxsaylı görüşləri və
söhbətləri zamanı bənzərsiz mənzərə
ustasından rənglərlə “danışmağı”, onlarla “ünsiyyət qurmağı” öyrənə
bilmişdi. İlmələrin sirrini o, xalça
elmimizin banisi Lətif
Kərimovdan, bu sənətin nəhayətsiz
texnoloji bilik və vərdişlərini
isə bu sahədə əvəzsiz olan Cəfər Müciridən öyrənmişdi.
Odur ki, o, həmişə sənətdə əldə
etdiklərinə görə bu üç nəfərə minnətdar olduğunu dilə gətirir.
Eldar
Mikayılzadənin Səttar Bəhlulzadə dünyasına
müraciətinin kökündə həm də onun Azərbaycan tarixini
şərəfləndirən şəxsiyyətlərin
obrazlarına davamlı olaraq müraciət
etməsi durur, desək, həqiqəti
söyləmiş olarıq. Əslində, rəssam bu xalça üzərində
çalışmağa
başlayanda onun Səttar
Bəhlulzadəyə həsr olunmuş bir neçə əsəri vardı. Amma xalçaçı-rəssamı məhz
“Səttarın arzusu”
xalçasını yaratmağa başqa bir hadisə məcbur
edib...
Bu hadisə onun Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbinin son kursunda
oxuduğu 1974-cü ildə – rəssamın
dünyasını dəyişməsindən bir
müddət əvvəl baş verib. O, heç vaxt unuda biməyəcəyini
tez-tez dilə gətirdiyi bu
görüşü xatirələrində
belə yaşadır: “Axşam dərsdən
evə qayıdanda mənə bildirdilər ki,
rəssamın qardaşı oğlu bizə
gəlmişdi. Səttar xəbər göndərib ki, Eldar nə vaxt evə gəlsə mütləq mənə
dəysin. Durmayıb onlara yollandım. Saat 9-10 arası olardı. Qapını
açıb içəri girdim. Gördüm ki, elə dəhlizdə
döşəyin üstündə uzanıb yatıb. Onu qaldırmağa qıymadım, gözləməyə
qərar verdim. Yanında balaca
albomu görəndə fikrimdən onun rəsmini çəkmək keçdi. Götürüb
karandaşla onun rəsmini
çəkdim. Özümü nə qədər
sakit aparmağa
çalışsam da, elə hənirtiyə
ayıldı. Hal-əhval tutandan sonra məni çağırmasının səbəbini
dedi. Bildirdi ki, səhər müalicə üçün
Moskvaya yola düşür, dünyanın işini bilmək olmaz, bəlkə,
bir də görüşmədik.
Çağırdım ki, halallaşaq. Beləcə ayrıldıq. İndi o vaxt
çəkdiyim rəsm mənə tez-tez
həmin günləri, sevimli müəllimim
Səttar Bəhlulzadəni xatırladır...”
Bu
günlərdə Rəssamıq Akademiyasının sənətşünas
tələbələrilə onun
emalatxanasında olarkən xalçaçı-rəssam həmin
görüş barəsində
yazılmayanları da xatırlatdı. Bildirdi ki, söhbətimiz
zamanı Səttar gələcək yaradıcılıq
arzularından da danışdı. Bildirdi ki, Azərbaycan təbiətinin
ümumiləşdirilmiş möhtəşəm
obrazını yaratmaq niyyətindədir.
Əlavə etdi ki, əcəl
aman versə, qayıdan kimi
bu əsəri işləyəcəyəm.
Amma o, geriyə tabutda döndü və arzusu da ürəyində
qaldı. Beləcə, düz 38 il mən onun “arzusu”nun təsiri
altında yaşadım. Vəziyyətdən
çıxış yolunu xalçada “Səttarın arzusu”nu yaratmaqda gördüm
və işə başladım. 2012-ci ildə üzərində
böyük həvəslə işlədiyim
bu əsəri tamamladım...
Dahi mənzərə
ustasına həsr olunmuş xalçada o, rəssamın
36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə,
Azərbaycan təbiətinin ümumiləşdirilmiş
obrazını yaratmağa nail
olmuşdur. Burada “Azərbaycan nağılı”, “Kəpəzin göz yaşları”, “Gülüstan”,
“Mənim anam”, “Qədim tut
ağacı”, “Piti”, “Abşeron
natürmortu”, “Gəlin guşəsi”, “Batabat”, “Suraxanının qədim alovları”,
“Torpağın arzusu” və s. əsərlərinin ayrı-ayrı fraqmentlərindən
incəliklə istifadə olunmuşdur.
Kompozisiyada yalnız bir
müəllif əlavəsi mövcuddur. Bu da xalçanın
yuxarı hissəsində - “Batabat”dakı çəhrayı
dağın arxasından əsrarəngiz Azərbaycan təbiətinə
nəzər salan Səttarın gözləridir.
Bizcə, təbiətlə vəhdətdə verilən bu gözlər bütün
görüntüyə gətirilənləri qovuşdura
biləcək çox məntiqli bədii
tapıntıdır.
İlmələrinin
sıxlığı 50x50 olan və ölçüsü 180x270 sm
olan xalçanın toxunmasında rənglərin
çoxsaylı çalarlarından istifadə olunmuşdur. Bu da əsərin ümumi
koloritinə əlvanlıq gətirməklə böyük mənzərə ustasının ecazkar yaradıcılıq palitrasına uyğundur...
Diqqətçəkən
məqam müəllifin xalçanı divarda
– sərgi salonunda asılmış rəngkarlıq
əsəri kimi təqdim etməsidir. Doğrudan da bəyaz
çərçivəyə salınmış rəngkarlıq
əsəri, onu əhatələyən məkanın
tərtibatı ilə həyatdan götürülmüş
real səhnəni xatırladır.
Buradakı üzəri fotoaparatlı skamya,
etüd çantası, gül
çələngi və ona bəxş olunan yaradıcı gücə görə Tanrıya dua edən müəllifin “kölgə”-obrazı
da əsərin təbiiliyini şərtləndirir,
desək, həqiqəti söyləmiş olarıq.
Əslində
çoxsaylı əsərlərdən “məcmu”, “qurama” və yaxud “kollaj” yaratmaq elə də
çətin bir proses
deyil. Ancaq Eldar
Mikayılzadə çox fərqli bir bədii vasitədən istifadə etməklə
bu çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir
mənzərə yaratmışdır. Onun
qənaətincə, “Səttarın arzusu”
yalnız bu bədii tutumda
və bu möhtəşəmlikdə ola bilərdi. Bu əsərin
dahi mənzərə ustasının digər
tabloları kimi cəlbedici və
duyğulandırıcı olması da bizi buna inandırır...
Ziyadxan
ƏLİYEV
Əməkdar incəsənət xadimi
Mədəniyyət.-
2018.- 15 iyun.- S.12.