Daha bir qədim
xalçamız Cənubi Afrikadan gətirilib
“Azərxalça” Açıq Səhmdar
Cəmiyyəti (ASC) dünyanın nüfuzlu muzeylərində,
şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə
şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını
aşkara çıxarıb ictimaiyyətə təqdim edir. Aşkarlanan qədim və
orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində
1870-ci ildə toxunmuş xovsuz
xalçadır.
“Azərxalça”dan
bildirilib ki, xalça Cənubi Afrika Respublikasının
Yohannesburq şəhərindəki bir xalça
kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib.
Xalçanın
bu ölkədən əldə edilməsi
xalçalarımızın tarixən yayıldığı
arealın nə qədər geniş olduğunu göstərir.
Bu növ xovsuz xalçalara xalq
arasında “şəddə”, “sərəndaz” da
deyilir. Xalça üzərində əks olunmuş
naxışlar, simvollar, türk
tayfalarına məxsus damğalar qədim
zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə
münasibətini, həyat tərzini, adət-ənənəsini
dəqiq ifadə edir. Əsas bəzək
elementi olaraq
Naxçıvan qrupu Azərbaycan
xalçalarını səciyyələndirən dəvə
karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir.
Tədqiqatlar
göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri
olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan
bölgəsində daha çox
toxunub. Bu təsvirlər
bölgədə yaşayan əhalinin ənənəvi
təsərrüfat həyatını əks etdirir.
Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü
307 x 172 olan xovsuz xalçanın saxlanma
vəziyyəti əladır. İlk
baxışdan sənət əsəri təsiri
bağışlayan bu qiymətli nümunənin
unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.
Mədəniyyət.- 2018.-
15 iyun.- S.15.