“Ömür
qısa, incəsənət isə əbədidir...”
İyunun 21-də Muzey Mərkəzində “Ömür qısa, incəsənət isə əbədidir...” adlı gecə keçirildi. Gecə tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuşdu.
Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq Leyla Axundzadənin həyat və fəaliyyətindən danışdı. Bildirildi ki, Leyla Axundzadə 21 iyun 1953-cü ildə Moskva şəhərində anadan olub. 1975-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirib. 1984-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alan Leyla xanım AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Təsviri sənət şöbəsində elmi işçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi kafedrasının müdiri, Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri, 2006-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışıb. Bütün fəaliyyəti dövründə öz istedad və bacarığı ilə seçilib, onu tanıyanların, həmkarlarının hörmət və rəğbətini qazanıb.
Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamına əsasən Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü. Leyla Axundzadə 2010-cu ildə faciəli şəkildə dünyasını dəyişib.
Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov Leyla Axundzadənin Azərbaycan sənətşünaslığına verdiyi töhfələrdən bəhs etdi, xatirələrini danışdı.
Daha sonra Azərbaycan Rəssamlar
İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov,
Dövlət İmtahan Mərkəzinin sədri
Məleykə Abbaszadə, sənətşünas Dilarə Vahabova və Leyla Axundzadənin
tələbələri çıxış edərək
xatirələrini dilə gətirdilər.
Vurğulandı ki, Leyla
Axundzadə öz bilik
və bacarıqlarını hər zaman
başqaları ilə bölüşən, öz
dəst-xətti ilə seçilən sənətşünaslardan
idi. Gənc nəsil ondan daim öyrənir
və hər zaman onun dəstəyini
hiss edirdi.
Bildirildi ki, Leyla Axundzadə
1978-ci ildən Azərbaycan
Rəssamlar İttifaqının
üzvü idi. 2000-ci ildə “Zamanın qanadları” Yaradıcılıq
Assosiasiyasını yaratmışdı.
2007 və 2009-cu illərdə
İtaliyada – Venesiya Biennalesində Azərbaycan
pavilyonunun təşkilində
onun xüsusi rolu olmuşdu. Həmçinin Azərbaycanda “Aliminium” Beynəlxalq Müasir İncəsənət Biennalesinin
təşəbbüsçüsü və təşkilatçısı
idi.
Diqqətə çatdırıldı ki,
Leyla xanım sənətşünas kimi
daim axtarışda olan, yeniliklər axtaran insan idi. Zəhmətkeş mütəxəssis, bacarıqlı
təşkilatçı kimi
konseptual sənəti
dərindən bilir, müasir sənətin yeniliklərini Azərbaycana
gətirməyə çalışırdı.
Gecədə Azərbaycan Televiziyasının
Leyla Axundzadəyə
həsr etdiyi sənədli filmdən kadrlar nümayiş olundu.
Lalə AZƏRİ
Mədəniyyət.- 2018.- 22 iyun.-
S.2.