İslam mədəniyyətinin tarixi və bu günü bir arada
“Naxçıvan İslam mədəniyyətinin paytaxtı
2018” ilinin təntənəli
açılış mərasimi keçirilib
İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018” ilinin təntənəli açılış mərasimi keçirilib.
Mərasimdən öncə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziyanın təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistanın mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.
* * *
Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisinə baxış olub. Naxçıvanın gözəlliklərini, təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Haçadağın fotoşəklini İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə TÜRKSOY-un baş katibi Düsen Kaseinova hədiyyə edib.
Qurani-Kərimin tilavəti ilə başlayan tədbirdə Naxçıvan Dövlət Televiziyasının hazırladığı “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmi nümayiş olunub.
Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub.
Vasif Talıbov dəvəti qəbul edib açılış tədbirində iştiraka görə qonaqlara təşəkkürünü bildirərək qeyd edib ki, ölkəmiz İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir: “Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir... Bu, tarixboyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür”.
Naxçıvan İslam mədəniyyətinin yaşadılmasında xüsusi rol oynayıb
Vurğulanıb ki, belə bir şəraitdə Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür.
Qeyd olunub ki, Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul edib. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu var. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşıb. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Naxçıvanda türk-islam mədəniyyəti XII əsrdə - Azərbaycan Atabəylər dövləti zamanında özünün intibah mərhələsinə çatıb. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoyub.
Orta əsrlərdə Naxçıvan İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. XV əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. XVIII əsrdə Naxçıvan xanlığı dövründə də bu torpaqda İslam dəyərləri yaşadılıb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb.
Ali Məclisin sədri çıxışının sonunda bir daha qonaqlara təşəkkürünü bildirib, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan 2018” tədbirlərini açıq elan edib.
“Bu layihə tarixi yaddaşı din vasitəsilə insanlara qaytarmağa çalışır”
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri bu tədbirdə iştirakdan məmnunluğunu vurğulayaraq İslam təşəbbüslərinə verdiyi böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edib ki, İSESCO tərəfindən həyata keçirilən bu proqram üzv dövlətlərin də birlikdə koordinasiyası çərçivəsində icra edilir və ən önəmli mədəni layihələri, sivilizasiya və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirir: “Bu paytaxtların seçilməsi dini fəlsəfə çərçivəsində həyata keçirilir. Seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımdan və eyni zamanda, İslam mədəniyyətinə və bəşəri dəyərlərə töhfə verməlidir. Bu gün bəşəriyyətin fərdi çağırışlarla üzləşməsinin şahidi oluruq. Ona görə də bəzi mədəni və bəşəriyyətlə bağlı xüsusi proqramlar icra olunur. Bu proqram da tarixi yaddaşı bir növ din vasitəsilə insanlara qaytarmağa çalışır. Yəni keçmişi və hazırkı dövrü bir-birinə bağlamaq cəhdidir. İSESCO ümumdünya sülh, harmoniya, intellektual yaradıcılıq, eyni zamanda, elm və araşdırmalar vasitəsilə bu işə töhfə verir”.
İlk dəfədir Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəldiyini söyləyən baş direktor deyib: “Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir. Azərbaycanın bu gözəl guşəsində olmağımızdan məmnunluq duyuruq. Buradan bütün dünyaya çatdırmaq istəyirik ki, İslamın terrorizmlə eyniləşdirilməsi qəbuledilməzdir. Fürsətdən istifadə edərək bildiririk ki, bilikli, bacarıqlı və konstruktiv yanaşma vasitəsilə insanlara İslamın gerçək üzünü və gözəlliyini göstərəcəyik”.
Azərbaycan tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub
Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib: “Bu gün tarixi bir hadisənin işığına toplaşmışıq. Naxçıvan mədəniyyəti, tarixi ilə Azərbaycan xalqının qədim sivilizasiyasının beşiklərindən biri olduğunu nümayiş etdirir. Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcudluğu və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, “Naxçıvanqala”, “Nuh“ türbəsi, “Qarabağlar”, “Yusif Küseyiroğlu”, “Möminə xatın” türbələri, Əlincəqala və digər abidələrin xüsusi bir özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi baxımdan, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır”.
Vurğulanıb ki, məhz bu amillər Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirib. Həmin qərar Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Naxçıvan həm tarixi-mədəni abidələri, həm müasir inkişafı, həm də müdrik və ziyalı insanları ilə tanınır. Lakin bu torpaq Azərbaycan xalqı üçün, böyük İslam dünyası üçün təkcə abidələri ilə deyil, eyni zamanda, xalqımızın ümummilli lideri Heydər Əliyevin vətəni kimi doğma və əzizdir.
Nazir çıxışında ölkəmizin İSESCO ilə əməkdaşlığından da bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası 1991-ci ildən İSESCO-nun üzvüdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il 24 noyabr tarixində İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub. Bu təşkilatın dəstəyi ilə ölkəmizdə son 10 ildə İslam ölkələrinin mədəniyyət, təhsil, ailə və qadın məsələləri üzrə nazirlər konfransları, İSESCO-nun baş konfransı və icraiyyə şurası, həmçinin Azərbaycan Prezidentinin təşəbbüsü olan Bakı Prosesi platformasında Dünya Mədəniyyətlərarası Dialoq forumları, eləcə də İslam Həmrəylik Oyunları keçirilib. Son üç ildə ölkəmiz İSESCO-nun Baş konfransına sədrlik edir: “Bu amillər cənab Prezident tərəfindən 2016-cı ildə Azərbaycan Respublikasının İSESCO üzrə Milli Komissiyasının yaradılmasına dair xüsusi sərəncam imzalanmasına, eyni zamanda, İslam dünyası ilə dərin və sıx əlaqələrin olması 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edilməsinə zəmin yaratmışdır. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda, İslam İntibahının bərqərar olunmasında mühüm rol oynamışdır”.
Diqqətə çatdırılıb ki, sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur.
* * *
Mərasim Naxçıvan Dövlət
Filarmoniyasının konsert proqramı ilə
davam edib.
Mədəniyyət.- 2018.- 22 iyun.-
S.3.