Türk dünyası: maarifçilikidentiklik

 

 

Parisdə keçirilən beynəlxalq konfransda türk xalqlarının irsindən bəhs olunub

 

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət mərkəzində “Türk dünyası: maarifçilikidentiklikmövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı səfirliklərinin, UNESCO yanında daimi nümayəndəliyimizin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə gerçəkləşib.

 

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türkdilli dövlətlərin mədəniyyətinin və irsinin dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bildirib. Qeyd edib ki, türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirib, beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manaskimi tarixi irs nümunələri bütün türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.

 

Ümumtürk mədəniyyətinin görkəmli mütəfəkkirlərinin, ədiblərinin, alimlərinin dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr verdiyini vurğulayan G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında da geniş məlumat verib.

 

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həyata keçirdiyi islahatlardan və dövlət rəmzlərinin qəbul edilməsindən danışıb, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə toxunub. O, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyətin sabitləşdiyini, iqtisadiyyatın dirçəldiyini vurğulayıb. Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin Qərblə əlaqələrinin və əməkdaşlığının genişləndiyi diqqətə çatdırılıb. Səfir Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafına, eləcə də mədəniyyətimizin təşviqinə töhfələrindən bəhs edib.

 

Qazaxıstanın Fransadakı səfiri Jan Qalıyev türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən, ölkəsində bu istiqamətdə görülən işlərdən danışıb. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Bolaşak” təqaüd, latın əlifbasına keçidlə bağlı “İctimai şüurun müasirləşdirilməsi” proqramlarından söz açıb.

 

Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ölkəsinin türkdilli dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu ölkələrdə qədim türk abidələrinin bərpasına kömək göstərdiyini bildirib. Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirlərin türk dünyasının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Konfransın ikinci hissəsində Fransanın Nis Sofia Antipolis Universitetinin Siyasi elmlər və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva çıxış edərək, XIX-XX əsrlərdə Azərbaycan maarifçiliyində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili, Azərbaycanda maarifçilik ideyaları, milli təhsil və inteqrasiya, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında məlumat veriblər.

 

Konfransdan sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Cəmilə Həşimovanın əsərlərindən ibarət “Türk dünyasının cənnət bağları” adlı sərginin açılış mərasimi olub. Sərgi çərçivəsində türkdilli ölkələrin nümayəndələri – Azərbaycandan Səddam Novruzbəyov (balaban, tütək), Qazaxıstandan Aygerim Yersainova (kobız) və Türkiyədən Sərxan Uyar (saz, kaval) milli musiqi alətlərində xalq musiqilərini səsləndiriblər.

 

Sonda tədbir iştirakçıları milli şirniyyatlara qonaq ediliblər.

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.8.