İstədiyi kimi yaşamağı kimlər
bacarır?
Psixologiyadan az-çox başı
çıxan, həyatı və insanları olduğu kimi qəbul
edən oxucunun başlıqdakı sualı çoxmənalı
təbəssümlə oxuduğuna əminəm. Bu sualı mənə
də versəydilər, ilk münasibətim fərqli
olmazdı. Çünki normal insanın öz istədiyi kimi
yaşaması, yalnız ürəyindən keçəni etməsi
absurddur. Bunu etmək istəyənlərə, hətta istəyini
gerçəkləşdirməyi bacaranlara münasibət təxminən
eynidir. Bunu ifadə etmək üçün çox söz
demək olar, amma sonucda bütün fikirlər bir sözə
gəlib çıxır: dəli.
Haqqında
danışacağımız tamaşanın adı isə
belədir: “İstədiyim kimi yaşamışam”. Biz tərəflərdə
o qədər də tanınmayan müasir Amerika dramaturqu Vilyam
Lyüs bir aktrisa üçün nəzərə tutduğu
mono-pyesi “Zelda” adlandırsa da, ya əsərə quruluş verən
Xalq artisti Ağakişi Kazımov, ya Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının Bədii
şurası, bəlkə də tamaşanı oynayan aktrisa
Mehriban Abdullayeva, yaxud da hamısı birlikdə tamaşa
üçün daha cəlbedici ad seçiblər: “İstədiyim
kimi yaşamışam”.
Əsərin qəhrəmanı Zelda
adlı bir qadındır.
O qadın ki, ahıl yaşının
astanasına yaxınlaşmaqdadır...
O qadın ki, bütün
ömrünü istədiyi kimi yaşadığını zənn
edir...
O qadın ki, elə ürəyi istədiyini
etdiyinə görə illərdir ki, psixiatriya müalicəxanasında
qalmağa məhkumdur, ona “şizofreniya” diaqnozu qoyulub. Zelda niyə
psixi xəstə sayılmalıdır? İstədiyi kimi
yaşadığına görə?
Müəllif
barədə geniş məlumat toplaya bilməsək də,
son illər rus teatr məkanında “Zelda”ya ara-sıra
müraciət edildiyindən pyes barədə müəyyən
qədər informasiya yığdıq. Demə, bu əhvalatın
qəhrəmanı təxəyyüldə yaranmış
personaj yox, öz müasirlərinin həsəd və
heyranlıqla qarşıladığı gerçək qəhrəmandır.
Zelda Seyr kimi
dünyaya gələn şıltaq və istedadlı qız
sonradan Zelda Fitscerald kimi tanınır. Hörmətli hakimin
qızı, böyük sərvətin varisi, ekstravaqant tərzli,
qeyri-ordinar düşüncəli Zelda hələ gənc ikən
sonradan məşhurlaşacaq yazıçı Frensis Skott
Fitsceralda ərə gedir. Bəli, “Cənnətin o biri tərəfində”,
“Dahi Getsbi”, “Sonuncu maqnat” kimi dünya şöhrəti
qazanmış əsərlərin müəllifi Fitsceralda!
Maraqlıdır ki, çox yaxşı ədəbi qabiliyyət
sahibi olan Zelda da xeyli maraqlı əsərin müəllifidir,
onun qələmindən çıxan yazılar
dövrünün populyar jurnallarında dərc olunub. Sadəcə,
onun istedadı tam parlamayıb, ya da həyat
yoldaşının istedadının kölgəsindən
çıxa bilməyib.
Fitscerald cütlüyü parlaq, ehtiras və
macəra dolu həyat yaşayıb, onları dünya tarixinə
“caz dövrü” kimi düşmüş ötən əsrin
iyirminci illərinin Kralı və Kraliçası
adlandırıblar. Zelda
Fitscerald ömrünün sonunadək, hətta bu ömrü
harada başa vurmağından asılı olmayaraq, dəlicəsinə
sevdiyi dahi kişinin yanında olduğu üçün
taleyinə minnətdar olub. Qadın öz ərini dəlicəsinə
sevdiyi qədər də qəlbinin dərinliklərində
ona həm də nifrət edib. Səbəb? Çox sadə:
Zeldanın saçdığı İşıq Frensisin onun üzərinə
saldığı Kölgənin fonunda çox solğun idi...
“Zelda”
– öz ehtiraslı sevgisi və istedadını sevimli həyat
yoldaşına qurban verən, faciəli, dəhşətli,
eyni zamanda həm də maraqlı taleyi ilə ərinin ən
yaxşı romanlarının mövzusuna çevrilən
qadın haqqında pyesdə hadisələr onun müalicə
aldığı psixiatriya klinikasında baş verir. Bir gün
Zelda həkimindən xəlvət onun otağına keçir
və öz xəstəlik tarixçəsini tapır. Diaqnoz:
“şizofreniya”. Zelda çaşqınlıq içində
bütün həyatını yada salır... Axı, Zelda
tipik xəstə deyil. O, sadəcə, çalışıb
ki, həyatını istədiyi kimi yaşasın.
Onun istədiyi kimi yaşamını da
bizə aktrisa Mehriban Abdullayeva anladır. Təxminən
bir saat ərzində aktrisa valideynlərini çox da incitməyən
övlad, sevdiyi oğlanla ciddi münasibət qurmağa nail
olan, sonralar da heç vaxt həyat yoldaşından aralanmayan,
bütün məişət çətinliklərinə,
yaradıcılıq həyatının
başlanğıcını müşayiət edən
sıxıntılara rəğmən sevgisi azalmayan qadın
rolunu seçir: əgər belə isə, əri ona niyə
xəyanət etməliydi ki?.. Hələ qızı nədən
anasından üz döndərsin?..
Mehriban xanımın qəhrəmanı
gərəksiz müalicələrin bir qədər də
pozduğu yaddaşı ilə savaşır:
qayğısız uşaqlığını, üsyankar
yeniyetməliyini, bacı-qardaşı ilə bütün
çoxuşaqlı ailələrdə rast gəlinən
dartışmaları, gələcək həyat
yoldaşı ilə necə tanış olduğunu yadına
salır... Amma Zeldanın yaddaş problemi onu tamaşa boyu bir
zaman kəsiyindən o birinə qovur: aktrisa bu gərginliyin
içində gah atıldığından 45 yaşında
vaxtsız qocalmış qadına, gah da
uşaqlığının yanındakı yeganə
yadigarı gəlinciyinə sığınan aciz
qızcığaza çevrilir.
Tamaşanı izləyən seyrçi
bəzən aktrisadan ötrü narahat olur: bu ruh
halının dəyişkənliyini yaşamaq, baxanları da
yaşadığına inandırmaq gərəkdir axı... Mehriban
Abdullayeva isə bütün istedadını, sənət
sevgisini və sənət hünərini ilk dəfə
müraciət etdiyi monotamaşa janrına səxavətlə
xərcləyir. Əslində tamaşaçıya
ünvanlanan bu səxavət payı heç cavabsız
qalmır.
Tamaşaçı aktrisa ilə birlikdə
haldan-hala düşür, onun cavab axtardığı suallar
üzərində düşünür, istədiyin kimi
yaşamaq seçiminin kiçik cəmiyyət deyilən ailədə,
həm də tələblərinə tablaşmalı
olduğumuz böyük cəmiyyət deyilən toplumda nə
sayaq yaşamağın çözümünü
axtarır.
* * *
“İstədiyim
kimi yaşamışam” tamaşasının qoyduğu əbədi
sualları bizə Mehriban xanımla birlikdə tamaşanın
bütün yaradıcı heyəti – quruluşçu rejissor
Ağakişi Kazımov, quruluşçu rəssam Elşən
Sərxanoğlu, işıq üzrə rəssam Vadim Kuskov,
musiqi tərtibatçısı İradə Muradova, rejissor
assistenti Sona Mustafayeva çatdırdılar.
* * *
Başlığa
çıxardığımız sualın cavabı barədə
isə özünüz də düşünün.
Çalışın ki, həm cavabınız pozitiv olsun, həm
də cəmiyyətlə ortaq məxrəcə gələ
biləsiniz.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2018.- 22 iyun.- S.10.