Almaniyada gənc dramaturqların teatr festivalı keçirilib
Almaniyanın Potsdam şəhərində Höte İnstitutunun təşkilatçılığı və “LIT:potsdam”
ədəbiyyat festivalının
dəstəyi ilə gənc dramaturqların
“Next Stage Europe 2018” beynəlxalq teatr festivalı keçirilib.
Rusiya,
Belarus, Ukrayna və digər ölkələrin
təmsil olunduğu festivalda Azərbaycandan yazıçı Ülviyyə
Heydərova iştirak
edib. O, festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılıb.
Potsdamın Hans Otto Teatrında keçirilən tədbirdə
Ü.Heydərova Azərbaycan
teatrı, mədəniyyəti
haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın
müharibə şəraitində
yaşamasına baxmayaraq,
mədəniyyətə dövlət
tərəfindən böyük
dəstək göstərilir.
Festival iştirakçıları
Hans Otto Teatrının yaradıcı
heyətinin iş təcrübəsi ilə
yaxından tanış
olub, bu teatrın redaktorları Kristofer Hanf və Yonas Lüşerlə
görüşüblər. Həmçinin Babelsberqdə
Film və Televiziya Universitetində professor Torsten
Şlyüz, Berlin İncəsənət
Universitetində professor, dramaturq
Paul Brodovski, Berlində
Feliks Blok Erben və başqa teatr xadimləri, yazarlarla görüşüb,
müasir teatr tendensiyaları və dramaturgiya barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, iştirakçılar
Berlindəki Höte İnstitutunda olublar, “Deutsches Theater”də tamaşaları izləyiblər.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.10.