Yüz il əvvəlin zəfər
yolu...
Bir gün
Qarabağdan da keçəcək...
26 iyun təqvimimizin şanlı səhifələrindən
biri, Azərbaycan Silahlı Qüvvələrinin
yarandığı gündür. Yüz il öncə bu gün Azərbaycan
Xalq Cümhuriyyətinin Nazirlər Şurası ilk milli ordu
birləşməsinin təşkil edilməsi barədə qərar
qəbul edib. Cümhuriyyət
dövrünün əksər səhifələri kimi bu
tarixdən də uzun müddət xəbərsiz olmuşuq.
Yalnız 1998-ci ildə bu gün təqvimdə
haqq etdiyi yeri aldı. Prezident Heydər Əliyevin 22 may
1998-ci il tarixli fərmanı ilə 26 iyun
Azərbaycan Silahlı Qüvvələri Günü elan
edildi...
Milli Ordunun yaranması yeni qurulan milli
dövlətin özünütəsdiq tarixinin ən önəmli
mərhələsi idi. Məhz
güclü, nizami ordu 1918-ci il mayın
28-də elan edilən istiqlalın bütün ölkə ərazisində
qələbə çalmasını təmin edə bilərdi.
Bu qələbədə Azərbaycana ən
böyük dəstəyi isə qardaş Türkiyə verdi. İyunun əvvəlində
Şaumyanın başçılıq etdiyi Bakı
Komissarları Soveti əksəriyyəti ermənilərdən
ibarət olan 20 minə yaxın döyüşçü ilə
Cümhuriyyətə qarşı savaşa başlamışdı.
Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə
köçməsinə mane olmaq idi. Lakin buna
nail olmadılar. Osmanlının beşinci
diviziyası (Qafqaz diviziyası) Mürsəl paşanın rəhbərliyi
ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə
keçərək Gəncəyə gəlib
çıxdı hökumətin şəhərə gəlməsini
təmin etdi.
İyunun 16-da milli hökumət Tiflisdən
Gəncəyə köçdü. İyunun 26-da Nazirlər Şurası ilk
hərbi korpusun (diviziya statusunda) yaradılması barədə
qərar qəbul etdi. Keçmiş çar ordusunda general olan
Əliağa Şıxlinskinin başçılıq etdiyi
müsəlman korpusu əsasında Milli Ordunun təməli
qoyuldu.
* * *
Azərbaycan milli korpusunun və
Osmanlının beşinci diviziyasının birləşmiş
qüvvələri (Qafqaz İslam Ordusu) Nuru paşanın
komandanlığı altında Gəncədən Bakıya zəfər
yürüşünə başladı. Orduya türklərdən və
azərbaycanlılardan ibarət 18 min əsgər və zabit
daxil idi. İki həftə davam edən
qanlı döyüşlər Azərbaycan və Osmanlı
qoşunlarının qələbəsi ilə nəticələndi.
Göyçay və Şamaxı ətrafında
Bakı Soveti qoşunlarına ağır zərbə vuruldu.
İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı
Soveti istefa verməyə məcbur oldu, avqustun 1-də
Bakıda eser, menşevik və daşnaklardan ibarət
“Sentrokaspi diktaturası” adlanan mürtəce bir qurum
yaradıldı.
Avqustun 11-də hökumət ümumi hərbi
səfərbərlik elan etdi və 1894-1899-cu il
təvəllüdlü bütün vətəndaşlar hərbi
xidmətə çağırıldı.
Sentyabrın 15-də Bakıya həlledici
hücum başlandı, şəhər azad edildi. Bu döyüşlərdə
Azərbaycan və Osmanlı qoşunları ümumilikdə 4
min şəhid (o cümlədən türk hərbçilər
1130 nəfər) vermişdi.
Lakin türk əsgərləri tezliklə
Azərbaycanı tərk etməyə məcbur oldu. 1918-ci il oktyabrın
30-da imzalanan Mudros müqaviləsinə görə I Dünya
müharibəsində məğlub sayılan Osmanlının
qoşunları Bakını tərk etməli, şəhərə
qalib Antantanı təmsil edən ingilis qoşunları daxil
olmalı idi. Milli hökumətin bu qərarı
qəbul etməkdən başqa çarəsi yox idi. Noyabrın 17-də general Tomsonun hərbi dəstələri
Bakıya daxil oldu. Bu arada Cümhuriyyətin
Hərbi Nazirliyi fəaliyyətə başladı.
Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd
bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi
nazirin müavini, general Süleyman
Sülkeviç Baş Qərargah rəisi təyin edildilər.
* * *
1919-cu il milli ordu
quruculuğunda həlledici mərhələ oldu. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən
başa çatdırıldı. 40 min nəfərlik
nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən
ibarət idi. 1919-cu ilin yayında isə,
yenə I Dünya müharibəsinin nəticələrinə
əsasən, ingilislər Bakını tərk etməli
oldular. Şəhərin idarəçiliyi
Azərbaycan hökumətinə təhvil verildi.
Cümhuriyyətin ordu quruculuğunda təcrübəli
general və zabitlər – İbrahim ağa Usubov, Həmid
Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib
bəy Səlimov və digərlərinin böyük əməyi
olmuşdu.
Lakin 1919-cu ilin sonundan Azərbaycana
şimaldan hərbi təhdidlər atmağa
başlamışdı. “Vahid
Rusiya”nı bərpa etmək iddiasında
olan general Denikinin qoşunları Cənubi Qafqaza
yaxınlaşırdı. Denikinlə müharibə
aparan rus bolşeviklərinin də gözü Azərbaycanda
idi. Bu arada Ermənistanın daşnak
hökuməti Moskvada gizli danışıqlar apararaq Azərbaycandan
qoparılacaq ərazi güzəştləri müqabilində
Cümhuriyyət hökumətini devirməyə
yardımçı olacağını bolşeviklərə
vəd etdi.
1920-ci ilin əvvəlindən Azərbaycan
Ordusunun, demək olar ki, bütün qüvvələri
Qarabağ, Zəngəzur və Gəncə istiqamətində
ermənilərlə savaşda idi, ölkənin şimal sərhədləri
isə müdafiəsiz qalmışdı. Bakıda
isə hökumət daxilində və parlamentdə böhran
dərinləşirdi. 1920-ci ilin aprelində
bolşevik Rusiyasının XI ordusu Azərbaycan sərhədlərinə
yaxınlaşdı və A.Mikoyan başda olmaqla Bakı
bolşevikləri “Azərbaycan xalqı adından” rus ordusunu
Bakıya çağırdılar. Aprelin 27-də
Bakı buxtasına yan alan XI ordunun hərbi
gəmiləri artıq toplarını parlament binasına
tuşlamışdı, Bakıda milli hökumət süqut
etdi.
Gəncəbasarda və Qarabağda
Cümhuriyyətin ordu hissələri ilə rus
qoşunları arasında toqquşmalar iyunun ortasınadək
sürdü. Amma qüvvələr bərabər deyildi.
Bolşevik hökuməti 1920-ci il mayın
7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil
edilməsi barədə dekret verdi. Milli Ordunun ləğvindən
sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən
güllələndi, komandirlərin böyük hissəsi
repressiyaya məruz qaldı...
* * *
Sovet dövlətinin bütün sahələrində
olduğu kimi, ordu quruculuğu da məlum siyasi-ideoloji prinsiplərə
köklənmişdi. Moskva milli respublikalarda, ələlxüsus müsəlman
respublikalarında milli hərbi kadrların hazırlanması
yönündə cəhdləri qısqanclıqla
qarşılayır və dəf edirdi. Müttəfiq
respublikalarda hərbi tədris məktəbləri əsasən
Rusiya, Ukrayna və Belarusda fəaliyyət göstərirdi.
“Bunları
görəndə, düşünürdüm ki,
yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu
müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz
var. Biz nə üçün ordudan təcrid olunuruq?” – ulu
öndər Heydər Əliyev bu sözləri 2003-cü il aprelin 21-də, Cəmşid
Naxçıvanski adına hərbi məktəbin 30 illik
yubiley təntənəsində çıxış edərkən
demişdi. O hərbi məktəb ki, hələ sovet
dövründə Azərbaycanda milli hərbi kadrların
hazırlanması istiqamətində mühüm rol
oynayıb.
Heydər Əliyev 1973-cü ildə
böyük səylər nəticəsində belə bir məktəbin
yaradılmasına nail olmuşdu. Həmin dövrdə Azərbaycan ildə
təxminən 60 min gənci ordu sıralarına göndərirdi.
Ancaq onların tam əksəriyyəti inşaat
batalyonlarında xidmət keçirdi. Hərbi
hissələrdə azərbaycanlı zabitləri, necə deyərlər,
barmaqla saymaq olardı.
Əlbəttə, indi bəziləri
1973-cü ildə Bakıda belə bir hərbi məktəbin
yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar
hesab edə bilərlər. Amma buna nail olmaq üçün həqiqətən
böyük siyasət və uzaqgörənlik lazım idi.
* * *
Üstündən 20 il
ötdü və Heydər Əliyevin yaratdığı hərbi
məktəb müstəqil Azərbaycanda ordu quruculuğu
üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri
olanlar artıq müstəqil Azərbaycanın Silahlı
Qüvvələrinin komandirləri, generalları idi.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra, bütün sahələr kimi, ordu
quruculuğu böhran və çətinliklərdən
keçdi. Təkcə
bir faktı deyək ki, 1991-1993-cü illərdə Azərbaycanda
Müdafiə Nazirliyinin rəhbərliyi 7 dəfə dəyişdirilmişdi.
Dövrün məlum prosesləri, Qarabağda
yaşanan ağır itkilər Silahlı Qüvvələri
də iflas həddinə gətirmişdi. Dövlətin
və onun ordusunun güclü liderə, komandana ehtiyacı
vardı.
Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə
qayıdandan sonra ölkədə gerçək ordu
quruculuğu başlandı. Lakin bu prosesə fundamental şəkildə
başlamaq üçün ölkədə ictimai-siyasi
sabitliyin bərqərar edilməsi, ordu quruculuğunun şah
damarı olan iqtisadiyyatın bərpası zəruri idi. Bütün bunları nəzərə alaraq Heydər
Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində
atəşkəsə nail oldu. Çünki
o, Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar
olduğu kimi, müzəffər ordu quruculuğu
üçün nə etmək lazım olduğunu da gözəl
bilirdi. Sonrakı illərdə Azərbaycanda Silahlı
Qüvvələrin ən müasir səviyyədə, o
cümlədən NATO standartlarına bərabər şəkildə
tamamilə yenidən qurulması, ordu hissələrinin
maddi-texniki təchizatının təkmilləşdirilməsi,
hərbçilərin həyat şəraitinin
yaxşılaşdırılması üçün
atılan ardıcıl addımlar bunu bir daha təsdiqlədi.
* * *
“Əfsuslar olsun ki, dünyada beynəlxalq
hüquq normaları arxa plana keçib. İndi güc amili əsas
rol oynayır. Kim güclüdür, o da
haqlıdır. Biz ölkəmizi gücləndiririk.
Hərbi potensialın möhkəmləndirilməsi
ilə məşğuluq. Biz daha da
güclü olmalıyıq. Həm siyasi,
həm iqtisadi, həm hərbi gücümüz daha da
artmalıdır” – Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin sözləri dövlətin
ordu quruculuğuna nə dərəcədə müstəsna
önəm verdiyini göstərir.
Bu gün Azərbaycan Ordusunun istər
texnika və bacarıqlı hərbi kadrlar baxımdan təchizatı
ilə, istərsə də ölkəmizin iqtisadi
potensialının bu istiqamətdə açdığı
imkanlarla həqiqətən öyünməyə dəyər. Bu bir gerçəkdir ki,
sülh danışıqları, diplomatiya yalnız və
yalnız o vaxt səmərəli olur ki, onun arxasında
güclü və qarşı tərəfin
hesablaşdığı ordu dayansın.
Bu reallıqla işğalçı
dövlət də əvvəl-axır hesablaşmağa məcbur
olacaq. Necə ki, 2016-cı ilin
aprelində bu gücün qarşısında geri durmağa məcbur
oldu. Təkrarı da olacaq.
Babaların yüz il öncə Gəncədən
Bakıya istiqlalı gətirən zəfər yolu nəvələrin
sayəsində bir gün Qarabağdan da keçməlidir...
Vüqar ORXAN
Mədəniyyət.- 2018.- 22 iyun.- S.11.