Ulu poeziyamızın ƏBƏDİGƏNCi

 

Düşmən qələmi ömrünü yarımçıq kəssə də, sözü bütöv, irsi əbədi Mikayıl Müşfiq...

 

Hələlik 110 il...

Ölümündə olumundan iki qatdan çox yaşayır, hələlik...

Nakamlıq bu doğal şairi elə uşaqlıqdan müşayiət edib; hələ ayyarımlıqkən anasını, 6 yaşındasa atasını (“Vüsaqi” təxəllüsülə şeirlər yazan, eyniadlı poeması əsasında “Şah İsmayıl” operası yazılan Mirzə Əbdülqədir) itirib. Sonralar bütün varlığı ilə Vətən oğlu olmaq çabasında bulunmuş bu şair bu əvəzsiz əzizlərindən birini belə qutlayıb:

 

Ana dedim,

ürəyimə yanar odlar saçıldı,

Ana dedim,

bir ürpəriş hasil oldu canımda,

Ana dedim,

qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim,

fəqət onu görməz oldum yanımda…

 

 Nənə himayəsilə böyüyən bu uşaq sənət nam-nişanlı gözəllik-özəllikləri elə mənimsəməyə başlayır ki...

Və elə bu fəhmi-mənimsəmə hesabına sonralar uşaqlarçün də gözəl şeirlər, “Şəngül, Şüngül, Məngül” kimi milli ana südü qoxulu nağıllar yazır. “Yenə o bağ olaydı” adlı əbədi sevgi dastanındakı məlum xitabı ilə desək, siz bu nağıldakı dipdiri əhval-pürsanlığa və çəpişlərdən birinin tərənnümünə baxın, ey şip-şirin nəvəli nənə-babalar!

 

“Biri varmış, biri yoxmuş,

Məzlumların dərdi çoxmuş...

 

Alnındakı qaşqa gözəl,

Yoxdu bundan başqa gözəl...

 

İbtidai təhsil aldığı rus-tatar məktəbində xüsusi diqqət, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ümumməhəbbət mərkəzinə düşən Mikayıl əmək fəaliyyətinə müəllimliklə, yaradıcılığa “Bir gün” şeirilə (“Gənc işçi” qəzeti, 1926) başlayır.

Bütün Azərbaycan könüllərinin “həri”sini almış, hər cür duyar-duyğuları “Oxu, TAR”sayağı çalmış bu gənc dünyəvi həzdən nakam getsə də, “Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca, şeir olacaq” kimi poetik şamlar yandırdı, SÖZdən estetik kamlar aldı.

Bu an, rübabının Ay-Günəş (Ay-Ulduz!) parlaqlığı heç zaman sönməyəsi, güləbənzər söz közləri heç vaxt külə dönməyəsi, bənzətmələrə, tərif-təqdirlərə bac, tənqid-tənlərə uc, müqayisələrə öc verməyəsi şairin hamıya bəlli misralarından bir neçəsini yad etməmək müşkül:

 

“Asılaydı sözlərim -

Könlünün qulağından

bir qızıl tana kimi,

Günəş doğana kimi...”

 

Bəli, siyasi kataklizmlərdən savay, hər şey ürəyimizcə, könlümüzcə ikən...

Yəni, bu “Yerlə əlləşən, göylə çarpışan” şairin “bəndəvi qəza-qədəri” 30-cu illərə qədərmiş...

O mənhus onilliyin ortalarında Azərbaycan rəzil ədəbi tənqidi birbaşa bu incəqəlb şairə yönəldi. Bunun bir “baiskar”ı da dövrün böyük ədiblərinin, ümumən milli ziyalıların onun imzasına hədsiz maraq, bənzərsiz dəyəri idi. Böyük Hüseyn Cavid əfəndi onu “Gələcək şeirimizin tacidarı” adlandırırdı. Bu, milli bədxahların qısqanclıq alovlarını göylərə bülənd, Kremlə şülən edirdi. Onlar hətta bu alovlu millət aşiqinə “millət atası” Stalin haqda da şeir yazdırdılar. Amma həm də... sənətkarlıq elementləri baxımından, o dövr məddahlarının hamısınınkından qat-qat poetik! Bu yazımın həcminə müdaxiləsindən xeyli heyfsilənsəm də, o şeirdən bir bənd: 

 

Cahan dairəsi bir üzük kimi –

Üstünün ən böyük gövhəri sənsən.

Tarixin darısqal keçidlərində

Bəşərin xilaskar rəhbəri sənsən!..

 

Bu şeirdən sonra “üz hücumlar” bir müddət səngisə də, universal antimilli içlər – bomboz sifətlər, qıpqırmızı “şahid”lər zəmanəsi bu ümumxalq nəbzli şairin əleyhinə işləyirdi. Az keçmiş mənəvi adını ona qoymuş Ə.Əkbər imzalı birisi “Kommunist” qəzetinin 1937-ci il 20 iyun tarixli nömrəsindəki “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” məqaləsində yazacaqdı: “Xalq düşmənləri, müsavatçı, pantürkist ünsürlər (!) sovet ədəbiyyatının inkişafına hər vəchlə mane olmuşlar. Azərbaycan Sovet Yazıçıları İttifaqına soxulan kontrrevolyusioner, alçaq müsavatçıların havadarı, -  ikiüzlü Əhməd Cavad, Hüseyn Cavid, Sanılı və onların ayrılmaz quyruğu Mikayıl Müşfiq uzun illər boyu sosializm quruluşumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və  murdar işlərini davam etdirmişdir. Öz pantürkist çıxışları ilə əsl reaksion simasını çoxdan bəri göstərmiş olan M.Müşfiq təqib edilən bir ilan kimi ədəbiyyata öz zəhər tuluğunu boşaltmağa hər vəchlə çalışır. Mən şahidiyəm ki, o, hətta Azərbaycan Sovet Yazıçıları İttifaqının üçüncü plenumunda yeni yetişən gəncliyi açıqdan-açığa həvəsdən salırdı...”

Ancaq...

Bu əbədigənc ulu şair həmin o yazıçılar birliyinin ovaxtkı-buvaxtkı cavanlarından tutmuş bütün gələcək gəncliyinədək bir örnək olmada, sonralarkı qələm xələflərindən birinin “Güllələr demədi qayıdın geri, Hələ uşaqsınız, - nə yaşınız var” misrasındakı tufan cavanlara ədəb-irfan, poetik mübarizə nümunəsi kimi qalmaqda!..

Bu şair bu xalqı tək elə poetik rənglərlə tərənnüm etməklə kifayətlənməyib, həm də şəxsi keyfiyyətlərilə, bir çox “kütlə”, “toplum” ənənələrinə ümummillilik yönü verib, ziyalılıq yolu nümunəviliyi göstərib. Çağdaşlarının xatirələrinə görə, o,   bolşeviklərin “gödən”çi-“Vətən”çi siniflər arasında işini bitirib qələmçilərə keçdiyi çağlarda istedadsız qrupların “kəndçi-şəhərli”, “asfalt-torpaq” nifaqlarına öz ali-əxlaqi, mədəni-mənəvi davranışı ilə bahəm, “qumral gözlər”, “mənimlə əyişəydin”, “sular xırçın olaydı” kimi doğal-sığal ifadələrilə ümummilli bir konsensus gətirməyə, öz “sətiraltı”ları ilə onları Vətənin sabahına çağırırdı:

 

Vicdanları pək şəffaf, insanları nurani,

Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!

Qaplar yarın artıq sağ dünyaları ürfanı.

Hər yer güləcək, nura mötad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Və bu şairin “Oxu, tar!” nidasının qalınca kölgəsində belə bir –

Arzu: Oxu, Söz!..

Tanrının “Ol!” nidasına binaən – Adəm-Həvva yardan da, bu sənət aşiqinin “çal” əvəzinə “oxu” dediyi Tardan da, kainatdakı hər görünüb-duyulan vardan da əzəl yaranmış Söz, oxu!

Sənin özündən bəhs etməyin belə səndən ayrı yolu yox, əlahəzrət Söz! Tarixən ozanlarımız da öz vəz-vaqeələrini sonda səninlə aydınlatmalı olmuş, “saznan dediklərini söznən” də demişlər. Oxu və hərdən, bu yaşca “uşaq”, coşu-qoşuca ulu söz kanına qədərki “Sözün də su kimi lətafəti var”, “Hər ləhzə yoxdan olur var, söz”, “...Nə söz qaldı sənətkara dəyməmiş?!” kimi sələf-inciləri də ayağa çək. Qanadlanıb-oylanıban uç və bu könlü fırça, dəftəri tablo sənətkarın layiqincə vəsfi üçün təzə-tər bir vər aç. Nəqli epizodlar, epik təhkiyələr ürəyə qanıq verməyəndə yanıq taktlar, lirik notlar saç, polifonik prelüdlər, folklorik etüdlər elə...

Turanasığmaz böyük Azərbaycan Oğlunun ata-baba odasına - əfsanəvi Xızır qədəminə də məkan olmuş Xızı torpağının Sayadlar obasına fövqəl-xəyalicə bir səfər edibən de; Salam, ey müqəddəs Ev-Muzey!..

Yerləşdiyin bu elatın özü də canlı, təbii, ey Ədəbi-Bədii Muzey; otuzuna çatmamış Mikayılının başdan-başa lirik, otuz beşinə varmamış Cəfərinin təpədən-dırnağa dramatik obrazlar qalereyalarına binaən...

Hələ bəri başından başlanan təbiətən ulu, məziyyətən xalça-xalı dağları, ürək-göbəyi boyunca çeşməli-sulu bağları, ağıl-kamalca xoca, xaraktercə ərən, mənlik-mərdlikcə uca insanları!..

Tarixən ozanların tapındığı, aşıqların aşiqlənib, yazanların obrazlandığı o dağların ətəklərində adına “ab-hava” deyilən həb, döşündə-qaşında fitrəti-qüdrəti təb, bəsirət gözüylə də baxa bilsən, - başından başda Rəbb!

Hə, bütün ululardan ulu Söz!

Buranın çeşməli-sulu dağlarının mənzərəsi bəh-bəh, bağlarının nər-nəğməsi cəh-cəh, mer-meyvəsi mey, meşəbəyisi xoş-beş. Adamlarının insanlığı da ki, bu mürəkkəb, bu çətin dünyanın asanlığı!..

Əzizim Söz, gözaltıla ki, könlümüzcə çox yaxın olan o binəyə məsafəcə hələ var; yəni burda həddi çox keçib əhədi kəsməyəsən ki, orda qəhətlik çəkməyək. Gözətlə ki, o tikili daxilində milli məlul-minorluqla bahəm bəşəri majorluq da etməliyik; deməli, qüssələnib qəmlənəndə şənliyə, feyzi-fəxarətlənəndə qəmliyə yer saxlamalı...

Bu mövzu doğmadan da doğmadır, loğman Söz! Burada söhbət yalnız və yalnız Sənin necə seçmələnib, cümlə sapına nə cür muncuqlanmağından gedə bilər...

Zahirdə surəti-lal, batində sürəti-an xəyala nə zaval, – o ocağa tez yetmək istəyimizə nisbətdə?..

Canım Söz! Biz, bu ulu SÖZçünün mübarək xatirə-odasının kandarına yetincə, Sən də bir-iki misra boyla:

 

“Çəkinərək çox zaman

söhbəti dəyişəydin,

Mənimlə əyişəydin...”

 

Arzuya bax, sevgilim...

Tellərindən incəmi,

Söylə, ürəyincəmi?..

 

Arzuya bax, ay Söz! Bu şeirdə Allahın bu bənzərsiz bəndəsi hansısa bir qıza xitab edir (bu barədə sonluqda), çörəyi Səndən çıxan bəndələrdən biri olan mənciyəzsə, elə sənin özünə müraciət edirəm. Beyin-başımda çözlənib-sazlan, düzlənib-vəzlən görüm, bu misralar adicə bir bəndəvi kəlməmi, ya... (əstəğfürullahi) bir vəhymi? Hər halda, Sənin bütün məlum-müqəyyəd zərfliklərindən zərifmi, sifətlərindən lətifmi, feillərindən incəmi, ən yaraşı qafiyələrincə, hüsnü-süs üslubuncamı?!.

Belə-belə sual-nidalar, SÖZ əfəndim!..

Yolun sağında - yaranışından qol-qola girib bu dünyanı yola verən dağlardan birinin sinəsində - çəkidə yüngüldən-yüngül, vəzndə ağırdan-ağır bir abidə. Ladı - məqam-muğam rübablar, adı - “Oxu, Tar”!..

Nəhayət, keçək içəri.

Dayan, dayan... Bu muzeydəki bir çox eksponat və fotoşəkillərdən çox da üzülməmək, repressiv-depressiv bədbinliklərə yüklənməməkçün ikicə “tablet” nikbinlik həbi qəbul edək:

 

Sənin gülüşlərin yaz səhərindən

Hissimə, fikrimə sanki rəng alır,

Gül ki, şeirlərim gülüşlərindən

Qırılmaq bilməyən bir ahəng alır.

 

Cahan ki solmayan bir bağça-bağdır,

Burda rəvamıdır - gülmədən ölmək?!

Yazıq o şəxsə ki, qaraqabaqdır,

Nə qədər yaraşır insana gülmək!..

 

 Bu da... ağrı-acılı hiss, həyəcan, duyğu, xiffət kimi psixoloji notları faktoloji eksponatlarından qat-qat çox olan Muzey.

 

“Oxu”, fakt!..

 

 Bu muzeyin içərisi də, həyəti də adını daşıdığı Bəndənin həyatı kimi ikili; adamı gah fəxarətdən, gah sıxıntıdan hipnoz edən fotolar, misralar. Bəzisi solğun, bəzisi yorğun, gah halsız heyrət, gah sonsuz nifrət saçan bu fotoşəkillər zaman-zaman üzbəüzlərinin gözlərini tir-tifilcə yaşardar, misralarsa, bir ipəkcə yaylıq kimi qurular...

Bəs buradakı digər əşyaları nə adlandırıb, necə oxşayaq? Bəlkə, bəzi qələmlər kimi “və başqaları” deyə? Ya bəlkə “eksponat”, “inventar”? Yox, Fakt əfəndim, yox. Səndən öncə oxuyan Sözdən bir-iki gilə mədəd dilə. De ki, bu xalqın özü “Müşfiq”, sözü müştaq capcavan Dədəsi hara, Sənin lüğət fondunun “eksponat” adlı yapyavan ifadəsi hara?!.

Hə, yoldaş “37” yarlıqlı söz qurusu! Bəlkə, “bizim repressiya dastanımızda sənətdən kamlığın, həyatdan nakamlığın maddi qafiyələri” adlandıraq bunları?! Məsələn; “Bax, bu sağdakı 39 şəkil həyat eşqli dəmlərin təcəllası, soldakı 40-cı isə bizim qanlı hakimiyyət qəmlərinin məcəlləsi”...

 

Və bu da “Akt”...

 

Belə bir sənəd olmadığına görə, dırnaq işarəsi açmadan yazıram bu “akt”ı:

1908-ci il iyunun 5-də Bakıda doğulmuş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (Universitetini) bitirmiş, 7 il orta məktəblərdə müəllimlik etmiş, 22 yaşında “Küləklər” adlı ilk kitabını çap etdirmiş, nadir istedadı ilə poeziyamızın inkişafında xüsusi rol oynamış, çoxlu tərcümələr etmiş, 26 yaşında Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvü olmuş Mikayıl Əbdülqadir oğlu İsmayılzadə - Mikayıl Müşfiq ədəbiyyatı dəlicəsinə, xalqını müdrikcəsinə, Dilbərini Məcnuncasına sevdiyinə görə, 6 yanvar 1938-ci ildə güllələnsin...

Və bu yazının ortalığındakı mötərizədə verdiyim “sonluqda” vədi. Söhbət Azərbaycan oxucusunun ovaxtdan-buvaxta “candəftəri şeir” kimi əzizlədiyi “Yenə o bağ olaydı” şeirinin həsr edildiyi (lakin bu yaxınlaradək heç kimin tanıyıb-bilmədiyi) xanımdan – məşhur yazıçı Ənvər Məmmədxanlının bacısından gedir. 1936-cı ildə qardaşının bağına tez-tez gələn Müşfiq, R.Rza və başqa gənc şairlərlə birgə çimərliyə getməli olmuş Arifə xanım ömrünün sonlarında verdiyi müsahibədə belə deyir:

 “- Eh... nə deyim. Yaxşı günümüz onda getdi. Ən yaxşı yayımız onunla bitdi. Yazıq Müşfiq o sehrli gecələrin bəzəyiydi. Romantik idi. Adi adamlar, hətta o biri şairlər kimi də deyildi. Nəsə tamam başqa cür idi o. Çox şən oğlan idi yazıq. Sizlər onu görmədiniz…”

Bir halda ki “Kainat olduqca, şeir olacaq”, - bu hikməti bulan da əbədi qalacaq!..

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2018.- 22 iyun.- S.12.