Azərbaycanın fəxri adlarına layiq görülmüş
peterburqlular
Öz
doğma ölkəsinin hüdudlarından kənarda
yaradıcılıqla məşğul olan Sankt-Peterburqun
dörd sakini “Azərbaycan Respublikasının Əməkdar
artisti” fəxri adına layiq görülüb. Bu fikir “Rossiyskaya qazeta”da dərc olunmuş “Ən yaxşılar layiq görülüb” sərlövhəli
məqalədə vurğulanır.
Müəllif Olqa Ştraus qeyd edir ki, Azərbaycan
Respublikası Prezidentinin mayın 27-də - Respublika
Günü ərəfəsində imzaladığı sərəncama
əsasən, Peterburq Mariinsk Teatrının solisti, metso-soprano
Regina Rüstəmova, teatrın balet truppasında
aparıcı rolların ifaçısı Timur Əsgərov,
Sankt-Peterburq Caz Filarmoniyasının solisti, gitaraçı Həsən
Bağırov və Yelena Obraztsova, Beynəlxalq Musiqi
Akademiyasının solisti Elnarə Məmmədova fəxri ada
layiq görülüblər.
Bu artistlərin hər birinin maraqlı
yaradıcılıq yolu, tərcümeyi-halı var. Məsələn,
Həsən Bağırov 1967-ci ildə bu
şəhərdə doğulub, Sankt-Peterburq Xor
Kapellasının nəzdində Xor Məktəbində
və Musorqski adına məktəbdə
təhsil alıb. O, “Sekret” rok-teatrında
da fəaliyyət göstərib və bir çox beynəlxalq
müsabiqələrin qalibi olub. H.Bağırov uzun müddətdir caz multiinstrumentalisti və bəstəkarı David Qoloşekinlə sıx əməkdaşlıq
edir və hazırda Sankt-Peterburqun
aparıcı caz ustalarından biri, bossa-novanın təkrarolunmaz
ifaçısı və Co Pass üslubunda orijinal bəstəkar kimi
tanınır.
On iki ildən çoxdur məşhur
Mariinsk teatrının səhnəsində
çıxış edən Regina
Rüstəmova isə Azərbaycan vətəndaşıdır.
Bakı Xoreoqrafiya Məktəbinin məzunu
Timur Əsgərov Sankt-Peterburqda
balet ustasıdır. Elnarə Məmmədova
da öz
yaradıcılığına Bakıda başlayıb.
Lakin onların hamısını öz
doğma ölkələrinə sevgi və minnətdarlıq
hissi, Rusiya və Azərbaycanın mədəni həyatında
fəal iştirak etmək arzusu birləşdirir.
Məqalə müəllifi hazırda
Bakıda qastrol səfərində olan Elnarə Məmmədovaya
telefonla zəng edə bilmədiyini, Həsən
Bağırovun isə oktyabrda Bakı Beynəlxalq Caz
Festivalında iştirak edəcəyini diqqətə
çatdırır.
Fəxri ad alan Həsən
Bağırov deyir: “Mən fəxr edirəm və sevinirəm.
Əlbəttə,
hər şeydən əvvəl Azərbaycan Prezidentinə və
bütün Azərbaycan xalqına təşəkkürümü
çatdırmaq istəyirəm. Bəli, mən Sankt-Peterburqda doğulmuşam,
Rusiya vətəndaşıyam, amma daha çox
xoşdur ki, tarixi vətəndə öz
həmvətənlərini unutmurlar”.
Regina Rüstəmova isə qeyd edir:
“Çıxış etdiyim bütün tamaşaların
proqramlarında bu fəxri adın yer alacağı mənim
üçün çox vacibdir”. Onun sevimli partiyası isə Karmendir,
məhz “Karmen” Reginanı opera
sənətinin zirvələrinə aparan
yaradıcılıq yolunun
başlanğıcı olub.
“Azərbaycanın
Əməkdar artisti adının verilməsi
mənim üçün böyük
şərəfdir”, - deyə Regina qeyd edir. Əlbəttə,
bu, gələcək fəaliyyətimiz, daha yüksək zirvələri fəth etməyimiz
üçün mühüm
təkan olacaq.
Timur Əsgərov da yüksək
mükafatların gətirdiyi məsuliyyətdən söz
açır. “Balet” jurnalında onun rəqsi
haqqında yazılıb: “Yüngül
tullanışla sanki göylərdə uçan rəqqas elastik-yumşaq
fırlanma texnikasına, mürəkkəb keçidlərin
aydın ifadəsinə, mənalı hərəkətlərə
malikdir. Onun cəsarətli
rəqsi artistizm və incə nüanslarla zəngindir. Bütün
bunlarla yanaşı, onun
yaraşıqlı olması da az əhəmiyyət kəsb etmir”.
Balet artisti bildirir ki, sevimli
partiyalarını seçməkdə çətinlik çəkir:
o, obrazın xarakterini
üzə çıxaran dramatik
süjetlərə üstünlük versə
də, bütün rollarını sevir. Onun repertuarında
Şərq koloriti olan
“Məhəbbət əfsanəsi”, “Şurale”,
“Xəyalların yolu ilə” baletləri xüsusi yer tutur.
Azərbaycanın
Sankt-Peterburqda baş konsulu Sultan Qasımovun
sözlərinə görə, hazırda Sankt-Peterburqda
yaşayan 400 minə yaxın azərbaycanlı
şəhər həyatının müxtəlif sahələrində
- sahibkarlıq və elm, təhsil və inşaatda çalışır. Lakin yüksək incəsənət – musiqi, opera, balet, insani və dövlətlərarası
münasibətlərdə daha böyük əhəmiyyət kəsb edir. Məhz bu sahə
insanları dil maneəsi olmadan
birləşdirir, bir şəxsiyyətin
ən yaxşı xüsusiyyətlərini – istedad,
gərgin əmək, dinləyicilər və
tamaşaçılarla qarşılıqlı anlaşma keyfiyyətlərini önə
çıxarır.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.13.