“Azərbaycan hekayələri”
Britaniyada təqdim olunub
Tərcümə Mərkəzinin beynəlxalq layihələrindən
olan “Azərbaycan hekayələri” kitabı
Londonun Britaniya Kitabxanasında təqdim olunub. Tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, yazıçı
və tədqiqatçılar
iştirak ediblər.
Tərcümə Mərkəzindən bildirilib ki, kitabın redaktoru, ingilis filoloqu, yazıçı-tərcüməçi
Anne Tompson çıxışında
dünyanın dini və irqi ayrı-seçkilikdən,
sosial və siyasi ədalətsizlikdən
yeganə xilas yolunun qarşılıqlı
anlaşma və ədəbiyyatlararası mübadilə
olduğunu vurğulayıb.
Mərkəzin fəaliyyəti
haqqında da tədbir iştirakçılarına
geniş məlumat verən Anne Tompson qurumun rəhbəri, yazıçı Afaq Məsudun bu sözlərini sitat gətirib: “Böyük xilas yolunun müjdəçisi
olan bu nəşr
sevginin və mərhəmətin dialoqu
üzərində qurulmuş
qardaşlıq, doğmalıq
abidəsidir”.
Daha sonra ədəbi tənqidçi Vesna Petkoviç, məşhur
“EU Today” dərgisinin baş
redaktoru Hari Qartrayt, tərcüməçi-şair
Karolina Valton, “University College London” universitetinin elmi işçisi Sevinc Baxış, Azərbaycanın
Böyük Britaniyadakı
səfirliyinin əməkdaşı
Hüseyn Hüseynov və digərləri çıxış edərək,
kitabın ədəbi-bədii
məziyyətləri barədə
fikirlərini bölüşüblər.
Tədbir kitaba daxil edilmiş əsərlərdən
parçaların səsləndirilməsi
ilə sona çatıb.
Qeyd edək ki, müasir
Azərbaycan ədəbiyyatının
dolğun mənzərəsini
əks etdirən kitaba 24 yazıçının
– Əbdürrəhim bəy
Haqverdiyev, Əli Vəliyev, Mir Cəlal Paşayev, Ənvər Məmmədxanlı, İsmayıl
Şıxlı, İsa
Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal
Abdulla, Seyran Səxavət,
Saday Budaqlı və başqa müəlliflərin hekayələri
daxil edilib. Kitabın ön sözünün müəllifi “British Council Azərbaycan”
ofisinin direktoru, filoloq Elizabet Uaytdır.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.13.