“Novator” – tanınmış tarzən haqqında film
İyunun 20-də Azərbaycan Milli Konservatoriyasında
tarzən, Əməkdar artist, professor Həmid Vəkilovun
yaradıcılığına həsr edilmiş “Novator”
filminin təqdimatı keçirilib.
Filmin nümayişindən əvvəl ssenari müəllifi,
Əməkdar mədəniyyət işçisi Səadət
Təhmirazqızı tarzənin həyat və
yaradıcılığından söhbət açıb. Bildirib ki,
ekran əsərində Həmid Vəkilovun Azərbaycan Televiziyasının fondunda saxlanılan ifalarından istifadə edilib.
Sonra film təqdim olunub. Ekran əsərində Xalq artisti,
professor,
Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin, Əməkdar artist Sahib Paşazadənin, konservatoriyanın müəllimi Məmmədəli Məmmədov və başqalarının Həmid Vəkilovun musiqi mədəniyyətimizə töhfələrinə dair fikirləri yer alıb.
Filmin nümayişindən sonra çıxış
edən Bəstəkarlar İttifaqının katibi, Əməkdar
incəsənət xadimi Zemfira Qafarova tarzənin özünəməxsus
yaradıcılıq üslubundan danışıb. Vurğulayıb ki,
Həmid Vəkilov tarı ilk dəfə ayaqüstə böyük məharətlə ifa edən sənətkar kimi tanınıb.
Filmin quruluşçu rejissoru Namiq Zeynalov ekran əsərində virtuoz ifaçı,
novator sənətkarın canlı
obrazını yaratmağa çalışdığını bildirib, Həmid Vəkilovun öz bəstələrinin də olduğunu söyləyib.
Sonda
“Tar mənim həyatımdır,
tar mənim, mən də tarınam!”
– deyən Həmid Vəkilov tədbirin təşkilatçılarına
və iştirakçılara,
filmin yaradıcı heyətinə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.13.