Özbəkistan telekanalında Zeynəb Xanlarova haqqında veriliş
Özbəkistanın “Zor TV” kanalında
Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova
haqqında veriliş yayımlanıb.
Proqramda Özbəkistanın mədəniyyət
və incəsənət xadimləri, bu ölkənin Xalq artisti,
Nəsibə Abdullayeva, Daşkənddəki Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
nəzdində fəaliyyət göstərən “Azərbaycan
qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın
Əməkdar artisti Kövkəb Əliyeva və başqa sənətçilər
iştirak ediblər.
Verilişdə qeyd edilib ki, “Mehr gözdə”
adlı proqramın müəllifi və aparıcısı
Asror Abrorxocayev Bakıda olub və Zeynəb Xanlarova ilə
görüşüb. Verilişdə müəllifin Zeynəb Xanlarova ilə müsahibəsi
yayımlanıb və sənətkarın Daşkənddəki
konsertlərini və unudulmaz mahnılarını
əks etdirən kadrlar təqdim olunub. Bildirilib ki, Zeynəb Xanlarova
1980-ci, 1982-ci və 1998-ci illərdə Daşkənddə olub, paytaxtın ən böyük
konsert salonunda sənətsevərləri
sevindirib.
Verilişdə Azərbaycan şairi Dəmir
Gədəbəylinin Zeynəb Xanlarova haqqında Bakıda
lentə alınan fikirləri tamaşaçıların diqqətinə
çatdırılıb.
Nəsibə Abdullayeva və Kövkəb
Əliyeva Zeynəb Xanlarova ilə görüşlərindən
danışıb, onun mahnılarını səsləndiriblər.
“Azərbaycan qızları” rəqs
ansamblının üzvləri isə milli rəqslərimizi
ifa ediblər.
Mədəniyyət.- 2018.- 22 iyun.- S.15.