Mədəniyyət keçmişimizi
və bu günümüzü
gələcəyə birləşdirir
Bakıda İran mədəniyyəti
günlərinin açılış mərasimi oldu
İyunun 27-də Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında İran mədəniyyəti
günlərinin rəsmi açılış mərasimi keçirildi.
Mərasimdə
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, İran
İslam Respublikasının mədəniyyət və
islami irşad
naziri Seyid Abbas Salehi, digər rəsmilər,
eləcə də iki
ölkənin mədəniyyət və
incəsənət xadimləri, ictimaiyyət
nümayəndələri iştirak edirdilər.
Tədbirdə
əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirildi.
Mədəniyyət naziri Əbülfəs
Qarayev çıxış
edərək İran və Azərbaycan arasında qarışlıqlı
mədəni əlaqələrin
inkişafından danışdı. Bildirdi
ki, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran
memarlıq, xalq
yaradıcılığı nümunələri, ədəbiyyat
və təsviri sənət kimi mədəni
irs sahələri var.
Bu sahələrdə birgə layihələrin
həyata keçirilməsi əməkdaşlığın əsas
istiqamətini təşkil edir. Azərbaycan-İran
mədəni əlaqələrində teatr
sahəsi də önəmli yer tutur. Ölkəmizin teatrları hər il İranda keçirilən
beynəlxalq festivallarda uğurla
iştirak edirlər. Eyni
zamanda İran
teatrları da ölkəmizə səfərlər
edir, bu yaxınlarda qonşu ölkə Şəkidə “Sərhədsiz
teatr” beynəlxalq festivalında təmsil olundu. İki ölkənin
milli kitabxanaları arasında sıx əməkdaşlıq
məmnunluq doğurur: “Bu
gün iki ölkənin
əməkdaşlığında əlamətdar hadisə
yaşanır, ölkəmizdə İran
mədəniyyəti günləri keçirilir.
Belə tədbirlərin
reallaşdırılması iki ölkənin
dövlət başçılarının təşəbbüsü
əsasında gerçəkləşir. İran
və Azərbaycan mədəniyyətləri tarixən
bir-birinə yaxın olub. İran
sənətçilərinin Azərbaycanda, Azərbaycan sənətçilərinin
də İranda çıxışları
adi hal alıb. Bu da bizim
mədəniyyətlərimizin yaxınlaşmasına daha geniş zəmin
yaradır. Budəfəki mədəniyyət
günlərində İran sənətçiləri
Bakı və Gəncədə maraqlı
çıxışları ilə insanların zövqünü oxşayacaq.
İnanıram ki, bu tədbirlərdən
sonra iki dövlətin
mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri
daha da inkişaf edəcək, mədəni
mübadiləyə geniş təkan verəcək”.
Əbülfəs Qarayev ötən ilin yayında İranda Azərbaycan mədəniyyəti günlərinin də
uğurla keçirildiyini xatırlayaraq, İranın mədəniyyət günlərinin də
ölkəmizdə yüksək səviyyədə
gerçəkləşəcəyini dedi.
İran İslam Respublikasının
mədəniyyət və
islami irşad naziri Seyid Abbas
Salehi bildirdi ki, iki ölkə
arasında mədəni
əlaqələrin inkişafı
üçün böyük
potensial var. Bizi birləşdirən
mədəni və tarixi köklər,
hazırda ölkələrimiz arasında siyasi
əlaqələrin yüksək səviyyədə
olması, ölkə rəhbərlərinin çoxsaylı
görüşləri, dövlətlər arasında imzalanan sazişlər ikitərəfli əlaqələrin
inkişafına, o cümlədən mədəni
əməkdaşlığa mühüm
zəmin yaradır: “Hər iki dövlətin
qədim mədəniyyətə malik
şəhərləri var. Bu şəhərlərdə dünyanın nadir mədəni, tarixi
abidələri yerləşir. Bizim
dinimizdə, mədəniyyətimizdə bir-birinə
bağlı olan onlarla
maddi-mədəniyyət nümunələri mövcuddur.
Bunlar keçmişimizi
və bu günümüzü
gələcəyə birləşdirən mədəniyyətdir.
Mədəni əlaqələrimizin inkişafı
qarşılıqlı tədbirlərin reallaşması üçün baza rolunu oynayır. Dövlətlərimizin
başçıları mədəni əlaqələrimizin daha da inkişafına dəstək
olurlar. İnanıram ki,
bundan sonra da bu əlaqələr inkişaf edəcək”.
Mərasimdə daha sonra
tanınmış dirijor
Firudin Şəhbarianın
bədii rəhbərliyi
ilə İran Milli Orkestrinin konsert proqramı təqdim olundu.
Fariz HÜSEYNOV
Mədəniyyət.-
2018.- 29 iyun.- S.3.