Azərbaycan kinosu 120: tarixi, bu
günü və gələcək inkişaf perspektivləri
Bir sinema pərdəsidir
gözümdə,
Tək oturub,
seyr edərəm özüm də…
Kino hisləri,
arzuları izah etmək üçün ən yaxşı
vasitədir deyirlər. 120 yaşlı Azərbaycan kinosunun
tarixinə nəzər salanda ekran sənətimizin bunu nə
dərəcədə gerçəkləşdirə
bildiyinin şahidi oluruq. Azərbaycanda kino sənətinin
yaranması da, əslində, arzuların gerçəkləşməsi
idi...
Film kimi
arzular – kinomuzun tarixindən bu günə
Hər
şey arzudan doğur. Arzu varsa, məqsəd var, məqsəd
varsa, nəticə var. 120 il əvvəl Bakıda ilk kino
nümayişini təşkil edən Aleksandr Mişon kim idi,
buraya niyə gəlmişdi? Kinomuzun gerçək
yaşını necə öyrəndik?
Bu yerdə kino tariximizin yorulmaz tədqiqatçısı,
Əməkdar incəsənət xadimi Aydın Kazımzadəni
dinləyək. Çünki
məhz onun tədqiqatları Azərbaycanda kinonun 1898-ci ildə
yarandığını üzə çıxarıb:
“Aleksandr Mişon 25 il Bakıda yaşayıb. Burada fotoatelyesi
olub. Atelyedə filmlər çəkib. Dövlət arxivinə
gedib Mişonun çəkdiyi neqativləri araşdırdım.
Bütün neqativləri düzüb tarixlərə
baxırdım ki, görüm onun filmləri neçənci
ildən başlanır. Artıq 1879-cu ildən neqativlərin
üzərində onun adının getdiyinə şahid oldum.
Demək, həmin ildə Mişon Bakıda olub. Maraqlı
faktlardan biri də budur ki, A.Mişon 1900-cü ildə Parisdə
keçirilən Dünya sərgisində iştirak edib. Həmin
sərgidə Lümyer qardaşları onun filmlərini
alıblar. Onlar öləndən sonra varidatları dövlət
arxivinə təhvil verilib...”
Azərbaycan Dövlət Film Fondu Dünya
Arxivlər Cəmiyyətinin üzvü olduğu
üçün araşdırmalar nəticəsində
Fransada “Bibiheybətdə yanğın” və “Balaxanıda
neft fontanı” filmləri aşkar edilir. Lentlərin
üzərində 1898-ci il
yazılmışdı... Bu gün Azərbaycan kinosunun tarixi
1898-ci ilin 2 avqust tarixindən hesablanır və ulu öndər
Heydər Əliyevin 2000-ci il dekabrın 18-də
imzaladığı sərəncama əsasən, bu tarix kino
işçilərimizin peşə bayramına çevrilib.
Aydın müəllim deyir ki, Azərbaycan
kino sənətinin inkişafının sovetləşmədən
sonra başlaması təsadüfi deyildi: “Bu, 1917-ci il
inqilabından sonra sovet dövlətinin qurucusu Leninin kinoya
verdiyi önəm ilə bağlı idi. O, deyirdi:
“İnqilabın qələbəsini insanların beyninə
yeritmək üçün ən yaxşı vasitə
kinodur. Özü də sənədli filmlər”. Bu səbəbdən də planlı şəkildə
bütün sovet respublikalarında olduğu kimi bizdə də
1923-cü ildə kinostudiya yaradıldı. Kinostudiyada sənədli
və bədii filmlər çəkilməyə
başlandı. Kinostudiyanın yaradılması ilə yerli
kadrlarımız yetişməyə başladı...”
Azərbaycan kinosu sovet dövründə,
bütün stereotiplərə, bu sahədə güclü
ideoloji nəzarətə rəğmən, zəngin
inkişaf yolu keçib, bədii yöndən mükəmməl
ekran əsərlər ərsəyə gəlib. Ötən əsrin 90-cı illərində
Azərbaycanın üzləşdiyi çətinliklər, mədəniyyətin digər sahələri kimi,
kinodan da yan keçmədi. 2000-ci illərin əvvəlləri
kino sənətimizdə inkişaf, yeni axtarışlar, o
cümlədən milli vətənpərvərlik, tariximiz,
Qarabağ mövzularının ekranda daha geniş əksini
tapdığı dövr
başlandı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il
4 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan
kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı” buna əsaslı zəmin yaratdı.
Milli kinonun son nailiyyətləri
Milli kinomuzun retro ekran əsərləri
tamaşaçıların indi də sevdiyi filmlər
sırasındadır. Yaşlı
və orta nəslin nümayəndələri illər əvvəl
çəkilən filmlərə böyük maraq və
nostalgiya hissi ilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi
kimi, kino sənətimiz də inkişafdan qala bilməz. Kino mərkəzləri, kinoteatrlar yenidən qurulur,
kino sənayesinin inkişafı üçün bütün
istiqamətlərə yol açılır, istehsal mexanizmi
müasirləşir. Özəl kinostudiyalar fəaliyyət
göstərir, “Azərbaycanfilm” kinostudiyasının nəzdində
əlavə studiyalar işləyir. Filmlərin
festivallarda iştirakı, gənc rejissorlara yaşıl
işığın yanması, layihələrin ərsəyə
gəlməsi – bütün bunlar Azərbaycan kinosunun
uğurları sırasındadır. Ölkəmizdə
keçirilən festivallar, bura gələn xarici kino mütəxəssisləri,
ustad dərsləri və s. kinomuzun yüksəlişindən
xəbər verir.
Təxminən son on ildə dövlət
büdcəsindən ayrılmış vəsait hesabına
40-dan çox tammetrajlı bədii, 50-dən çox
qısametrajlı bədii, 200-dək sənədli, habelə
20-dək cizgi filmi çəkilib. O
cümlədən dövlət sifarişi ilə Qarabağ
mövzusunda 9 bədii film lentə alınıb, “Azərbaycanın
Milli Qəhrəmanları” silsiləsindən 70-dən
çox sənədli film ərsəyə gətirilib.
Müqayisə üçün deyək ki, 1996-2005 illərdə
cəmisi 16 tammetrajlı və 4 qısametrajlı bədii
film çəkilmişdi.
Azərbaycan filmləri 150-dən çox
beynəlxalq festivalda iştirak edib. Bu
festivalların 50-dən çoxundan mükafatlar
almışıq. Son illərin ekran əsərlərindən
“Azərbaycanfilm”də istehsal olunmuş
“Çölçü” (rejissor Şamil Əliyev) indiyədək
30-dan çox beynəlxalq kinofestival və forumlarda
nümayiş olunub, mükafatlar qazanıb. Rafiq Əliyev və
Cavid Təvəkkülün «Dərs», Mirbala Səlimlinin
«Qırmızı bağ», rejissor İlqar Nəcəfin “Nar
bağı”, Elçin Musaoğlunun “Nabat” bədii filmi və
digər filmlər dəfələrlə festivallarda qalibiyyət
qazanıblar.
Azərbaycan kinosunun inkişafı və təbliğində
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri
də xüsusi qeyd etməliyik. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban
xanım Əliyevanın təşəbbüsü və
himayəsi ilə 2011-2016-cı illərdə dünyanın ən
nüfuzlu kino festivalı olan Kann Film Festivalında ölkəmizi
təmsil edən xüsusi pavilyon fəaliyyət göstərib. Fondun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə milli mədəniyyətimizi, tariximizi əks etdirən
bədii və sənədli filmlər lentə alınaraq
ölkəmizlə yanaşı beynəlxalq arenada təqdim
olunub.
15 sentyabrda kino mövsümü başlayır…
Kinoya dövlət dəstəyi ilə
yanaşı, milli kinomuza ictimaiyyətin əvvəlki sevgisini
qaytarmaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən
mühüm tədbirlər həyata keçirilir. 120 illik yubileyini qeyd etdiyimiz
Azərbaycan kinosunun bu gün təbliğata daha çox
ehtiyacı var.
2017-ci ildə ilk dəfə olaraq nazir
Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən,
15 sentyabrda ölkəmizdə kino mövsümünün
başlanması kimi bir tarixin əsası qoyuldu. Bakıda və ölkənin
şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzləri
də daxil olmaqla 240-dan çox mədəniyyət müəssisəsi
müntəzəm şəkildə filmlərin
nümayişinə başladı. Həmçinin özəl
kinoteatrların gündəlik repertuarlarında milli filmlər
üçün seanslar ayrıldı. Bu addım kinoya
maraq, milli kinonun cəmiyyətdə
populyarlığını özünə qaytarmaq
üçün atılan ən gözəl addım oldu.
Gəncləşən kinomuzun perspektivləri
Hazırda
kino sahəsində Azərbaycan Prodüserlər Gildiyası,
Kinorejissorlar Gildiyası və Kinoaktyorlar Gildiyası kimi təşkilatlar
fəaliyyət göstərir. Onların yaradılmasında məqsəd
sənətçiləri bir mərkəzdə birləşdirmək,
yaradıcılıq potensiallarının üzə
çıxarılmasına köməklik göstərməkdir.
Bu təşkilatlarda gənclər də yaxından iştirak
edir, müzakirələr və diskussiyalar,
yaradıcılıq görüşlərində öz fikirlərini
çəkinmədən demək imkanı qazanırlar.
Milli kinoya gənc mütəxəssislərin
cəlb olunması zərurətini nəzərə alaraq
müxtəlif səpkili və formalı müsabiqələr
təşkil olunub. Mədəniyyət
Nazirliyinin “Bu meydan, bu ekran”
müsabiqələrinin qalib layihələri əsasında
müstəqil prodüser mərkəzlərində nazirliyin dəstəyi
ilə 23 qısametrajlı film çəkilib. Nazirlik, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı mütəmadi olaraq bu
layihələri davam etdirir. Dünyanın müxtəlif
ölkələrində yaşayan kino təhsilli azərbaycanlı
gənclər “Azərbaycanfilm” kinostudiyasına dəvət
edilib. Son illər ərzində on gənc
kinematoqrafiya üzrə təhsil almaq üçün nazirlik
tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə
göndərilib. 2017-ci ildə Ümumrusiya Kinematoqrafiya
Universiteti ilə danışıqlar nəticəsində Mədəniyyət
Nazirliyinin vəsaiti hesabına azərbaycanlı gənclərin
bir neçəsinin kino ixtisası üzrə bakalavr səviyyəsində
təhsil almaq üçün Rusiyaya göndərilməsi də
bu sıradandır. Kinonun hər zaman peşəkarlara
ehtiyacı var. Bu sahədə yeni nəslin
formalaşmasında təhsilli, müasir baxışlı gənclərin
də öz rolu var.
Azərbaycanda kino sənayesinin
böyük potensialı var və biz bu ənənəni
qoruyaraq, Azərbaycan kino sənayesinin inkişafını təmin
edərək, milli kinomuzun şöhrətini özünə
qaytarmalıyıq. Bu gün
kinonun qarşısında duran əsas məqsəd istehsal
prosesinin düzgün qurulması və tənzimlənməsi,
yarımçıq filmlərin tamamlanması, yaradıcı
və texniki potensialımızın müəyyənləşdirilməsi
və inkişaf etdirilməsidir.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində, Heydər
Əliyev Fondunun dəstəyi ilə Buzovnada fəaliyyət
göstərən 5 nömrəli texniki peşə məktəbində
kino mütəxəssislərinin hazırlanması
üçün hər bir şərait mövcuddur. Kino
elə bir sahədir ki, burada səs, rəng, aktyor, operator,
rejissor işi – hər bir detalda kiçik zəiflik ümumi
kompozisiyada çox böyük mənfi təsir göstərə
bilir. Burada təhsil alan gənclərə master-klaslar təşkil
edilməli, xaricdən mütəxəssislər dəvət
edilməli, xaricdə kino şirkətlərinə təcrübə
keçməyə göndərilməlidirlər. Azərbaycan
multikultural, tolerant ölkə kimi tanınır. Ölkəmizin
bu imici, gözəl təbiəti, mədəni müxtəlifliyi
kino sənayesinin inkişafı üçün hər
cür şərait yaratmağa qadirdir. Xarici kino şirkətlərini
ölkəmizə cəlb etmək, qonşu ölkələrin
müasir günlə ayaqlaşan kino siyasəti və təcrübəsindən
bəhrələnməklə Azərbaycan kinosu da dünya
miqyasında tanına bilər. Dəfələrlə
ölkəmizdə səfərdə olmuş polşalı
kinomütəxəssislər, 2015-ci ildə iki dəfə
Bakıda həmkarları ilə görüşən Rusiya
Kinematoqrafçılar İttifaqının sədri və
Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita
Mixalkov Azərbaycanın kino potensialını yüksək
qiymətləndirib.
Kinonun gələcək inkişafında
müxtəlif ölkələrin kino mütəxəssisləri
ilə yaradıcılıq əlaqələrinin
yaradılması, təcrübə mübadiləsinə
kömək göstərmək məqsədi daşıyan
Yay kino akademiyası, təhsil layihələrinin təşkili
də öz müsbət təsirini göstərə biləcək
amillərdəndir.
Lalə AZƏRİ
Yazı Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə
təqdim edilir.
Mədəniyyət.-
2018.- 29 iyun.- S.12.