Mübarizə ruhlu “Müharibəli
Novruz”
Əgər çoxəsrlik incəsənət
tarixinə nəzər salsaq, görərik ki, ayrı-ayrı
dövrlərdə incəsənətin yeni və təravətli
qalmasını şərtləndirən yeganə səbəb
yaradıcıların ənənəvi mövzulara zaman-zaman
fərqli – özünəməxsus münasibət göstərmələridir.
Müstəqillik illərində rastlaşdığım bir
rəngkarlıq tablosu bunun həqiqət olduğunu bir daha təsdiqləyir...
2010-cu ildə mənə “Səməd
Vurğun təsviri sənətdə” kitabında yer alacaq təsviri
və tətbiqi sənət əsərləri barədə
fikirlərimi yazmaq təklif olunmuşdu. Çoxsaylı rəngkarlıq, qrafika, heykəltəraşlıq
və dekorativ-tətbiqi sənət nümunələrini təhlil edərkən
rastıma çıxan bir tablonun fotosu məni, sözün əsl
mənasında, heyrətə gətirdi. Bu, Nəcməddin
Hüseynov adlı rəssamın yağlı boya ilə
çəkdiyi “Müharibəli Novruz” əsəri idi.
Çoxillik təcrübəmə və
yaddaşımın itiliyinə güvənib tablonun müəllifinin
kimliyini yadıma salmağa çalışdım. Amma nə qədər
çalışsam da, bir nəticəyə vara bilmədim.
“Niyə mən belə bir istedad sahibini tanımıram?”
sualı məni bir an belə tərk etmirdi. Odur ki, suallar burulğanına
düşmüş şəkildə həmin
illüstrasiyaları toplayan və kitabı nəşrə
hazırlayan Səməd Vurğunun Bakıdakı ev-muzeyinə
yollandım. Orada muzey əməkdaşlarından
aldığım cavab nə qədər gözlənilməz
olsa da, müəyyən dərəcədə mənim
informasiyasızlığıma bəraət qazandıracaq
idi. Məlum oldu ki, Nəcməddin Hüseynov Bakıda yox,
Qazax rayonunun Çaylı kəndində yaşayır. Bölgədə az qala Çaylının
“tanınma nişanı”na çevrilən rəssamın
Bakı ilə əlaqəsi də yox dərəcəsindədir.
Əsəri də muzeyin direktoru Aybəniz xanım Vəkilova
2006-cı ildə Bakıda keçirilən Qazax rayonu günlərində
görüb və onu muzeyə almaq qərarına gəlib.
Direktorun əsəri pulla almaq təklifinə yox deyən rəssam,
onu sevimli şairinin ev-muzeyinə hədiyyə edəcəyini
bildirib.
Beləliklə, “Müharibəli Novruz” məşhur
muzeyin kolleksiyasına daxil edilib. Bundan
sonra baş verənlərdən – mənim Qarabağ
müharibəsi ilə bağlı iştirak etdiyim tədbirlərdə,
radio-televiziya verilişlərində həmin əsəri
davamlı təbliğ etmədiyimdən rəssamın
özü də xəbər tutdu. Mənimlə telefon əlaqəsi
yaratdı və mən onun barəsində əlavə məlumatları
ala bildim.
Məlum oldu ki, onun rəssamlığa gəlişində
görkəmli alimimiz Xudu Məmmədovun rolu olmuşdur. Belə ki, o,
onuncu sinifdə oxuyarkən Çaylı kənd məktəbinə
görüşə gələn alim orada Nəcməddinin
çəkdiyi rəsmləri görmüş və onun təxəyyülünü
və bacarığını çox bəyənmişdi. Bu yerdə deyək ki, rəssamlıq sahəsinə
dərindən bələd olan Xudu müəllim zamanında
bir çox gənc rəssama milli sənət
qaynaqlarımızın alt qatını duymaqda yaxından
kömək etmiş, bu məqsədlə Bakıda xüsusi
kurslar da təşkil etmişdi. Odur ki, ucqar bir kənddə
parlayan istedadın daha da inkişaf etməsi üçün
dostu Bəxtiyar Vahabzadəyə ismarış göndərir,
Nəcməddinin təhsil məsələsinin həllində
yardımçı olmağı xahiş edir.
O, 1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinin tələbəsi olur. Burada
tanınmış fırça ustaları – Xalq rəssamı
Sirus Mirzəzadə, eləcə də Elxan Tahirov və
Rüfət Əsədullayevdən sənətin sirlərini
öyrənir, 1981-ci ildə təhsilini başa vurur. Bir
müddət Bədii Fondda tərtibatçı-rəssam kimi
çalışan gənc rəssama izdihamlı Bakı
mühiti bir qədər cansıxıcı görünür
və o, doğma kəndinə qayıtmağa qərar verir.
Beləcə, artıq bir qərinədən çoxdur ki, rəssam
Çaylıda yaşamaqda, göz açıb gördüyü
füsunkar təbiət mənzərələrini, ünsiyyətdə
olduğu insanları əsərlərinin qəhrəmanına
çevirməkdədir. O həm də Azərbaycan Rəssamlar
İttifaqının üzvü kimi vaxtaşırı əsərlərini
müxtəlif miqyaslı sərgilərdə nümayiş
etdirir. Rayondakı rəsm qalereyasının daimi ekspozisiyasında
da Nəcməddinin əsərləri
yer almışdır.
Onun bu günlərdə İçərişəhərdəki
“NUR Art House” qalereyasında açılmış fərdi sərgisi
də tamaşaçılar tərəfindən maraqla
qarşılanmışdır. Rəssamın hesabat sərgisində onun
rəngkarlıq və qrafika əsərləri yer
almışdı. Əsərlərində hər mövzunu mənalandırmağa,
onların fəlsəfi qatına bədii görkəm verməyə
üstünlük verən rəssamın bədii irsi kifayət
qədər düşündürücüdür.
Bakıda görüşümüz
zamanı ondan “Müharibəli Novruz”un
yaranması tarixçəsini danışmağı xahiş
etdim. O
dedi: “Əsərin yaranması 1993-cü ilin martına təsadüf
edir. O vaxtlar atəşkəs barəsində
razılığın əldə olunmadığı bir
şəraitdə demək olar ki, hər gün sərhəd
zonasından güllə səsləri eşidilirdi.
Yaxşı yadımdadır, Novruz bayramı axşamı səslənən
çox güclü və davamlı atəş səsləri
bütün kənd camaatını küçəyə
çıxartmışdı. Mən də onların
arasında idim. Bir anlığa gözümün
qarşısına ölümlə göz-gözə,
üz-üzə qalan ordumuzun əsgərləri
gəldi. Fikirləşdim ki, görəsən, onlar da
bayramı qeyd edirlərmi? Edirlərsə, süfrələrində
nələr vardır? Belə suallarım get-gedə
çoxaldıqca məndə onlara rənglərin dili ilə
cavab vermək istəyi yarandı... Səhərisi günü
molbertin arxasına keçəndə artıq nə çəkəcəyimi
dəqiq bilirdim. Mürəkkəb kompozisiyadan uzaq olan tabloda qəhvəyi
rəngli sadə stolun üzərində özündə
milli ənənələrimizi yaşatmağa yönəli əsgər
süfrəsi açılmışdı... Müharibə
şəraitində səməni göyərtməyə
imkanı olmayan əsgərlərimiz, onu rəng
baxımından səməniyə bənzəyən bir dəstə
güllə topası ilə əvəz etmiş, ona bayram əhval-ruhiyyəsi
vermək üçün belini də qırmızı
parça ilə bağlamışlar. Yanına da rəngli
yumurtaları xatırladan iki əl qumbarası qoymuşlar...”
Nəcməddin Hüseynovun bu izahına
onu əlavə etmək olar ki, doğrudan da, tabloda
gördüklərimiz nə qədər sadə olsa da, ənənəvi
mövzunun özünəməxsus bədii şərhi
baxımından çox yeni və gözlənilməzdir. Mövcud şəraitin
inandırıcılığı şübhə
doğurmayan görüntüsü nəhayətsiz rəssam
təxəyyülünün nəticəsidir.
“Müharibəli Novruz”un
reproduksiyası da daxil edilmiş “Azərbaycan incəsənəti”
(ingilis dilində) ensiklopediyasının 2012-ci ildəki təqdimatında
iştirak edənlər bu əsərlə bağlı
alqış səslərini yəqin indi də yaxşı
xatırlayır. Bu,
hər bir müəllif üçün önəmli olan həmin
xoş anlarda salonda olmayan Nəcməddin Hüseynovun
yaratdığı bənzərsiz əsərin
zamansızlığa qovuşmasının təsdiqi idi. Bu həm də milli bayramlarımızı
yaşadan əsgərlərimizin mübarizə ruhuna bələnmiş
tabloda bədiiləşdirilən və düşmən
üzərində qələbəyə müəllif
inamının ifadəsi olan yüksək sənətkarlığın
təqdirinin əyani görüntüsü idi...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi
Mədəniyyət.-
2018.- 29 iyun.- S.11.