İSESCO-nun “Yaşıl şəhər
strategiyası” ilə bağlı ekspertlərin görüşü
2018-ci ilin “İslam mədəniyyəti
paytaxtı” Naxçıvanda İSESCO-nun
“Yaşıl şəhər strategiyası”nın həyata
keçirilməsi ilə bağlı ekspertlərin görüşü keçirilib.
Şəhər İcra Hakimiyyətində muxtar respublikanın
zəngin təbiətini
özündə əks etdirən
kitablardan, şəkil və
bukletlərdən ibarət
sərgiyə
baxışdan sonra birinci texniki sessiya olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
“Yaşıl şəhər
strategiyası” üzrə
eksperti Araz Bağırlı çıxış
edərək ölkəmizdə
və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu istiqamətdə həyata
keçirilən tədbirlərdən
söz açıb.
İSESCO-nun eksperti Foued El Aynı görüşün məqsədi,
gözlənilən nəticələr
barədə danışıb,
yüksək qonaqpərvərlik
üçün minnətdarlığını
bildirib.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin şöbə
müdiri Azər Məmmədov “Naxçıvanın
ekoloji mühitinin qorunması” mövzusunda çıxış edib.
Bildirilib ki, Naxçıvan
şəhərində hələ
keçmiş zamanlardan
kütləvi yaşıllıq
sahələrinin qorunduğu
ərazilər mövcuddur. El arasında “Böyük bağ” adlanan ərazidə iki əsrə
şahidlik edən yüzlərlə ağac var. Əcəmi
seyrəngahında da yaşı çox olan ağaclara rast gəlmək
mümkündür. Son
illər hər iki ərazidə
abadlaşdırma tədbirləri ilə yanaşı, yeni ağacların əkilməsinə də
diqqət xeyli artırılıb.
Ümumilikdə muxtar respublikanın ümumi ərazisinin 14 faizə qədəri
yaşıllıqlarla örtülüb.
Naxçıvan şəhəri ərazisində 850 hektara yaxın (yaxud
adambaşına 85 kvadratmetr) yaşıllıq var.
Yaradılan infrastruktur, yeni tikililər ətrafında
yaşıllıqların salınması, təbiətə
dövlət qayğısı, alternativ bərpaolunan
enerji ehtiyatlarından səmərəli
istifadə edilməsi kimi amillər
Naxçıvanın dünyada
“yaşıl şəhər” kimi ön sıralarda yer
alacağına əminlik yaradır.
Sonra Misir Ərəb Respublikasının “Yaşıl
şəhər strategiyası”
üzrə eksperti Mohsen Abouelnaga İSESCO-nun
“Yaşıl şəhərlər
və onların davamlı inkişaf məqsədlərinin əldə
olunması ilə əlaqəsi üzrə Fəaliyyət Planı layihəsi”nin təqdimatını edib.
İkinci sessiyada üzv ölkələrin
– Azərbaycan, Türkiyə,
Özbəkistan və
Tacikistanın təcrübələrinin
təqdimatı olub, müzakirələr aparılıb,
tövsiyələr səsləndirilib.
İyunun 22-də “Yaşıl
şəhərlər” üzrə
İSESCO-nun Fəaliyyət Planı layihəsinin panel
müzakirələri keçirilib.
Mədəniyyət.-
2018.- 29 iyun.- S.10.