Tədris
ilinin yekunlarına həsr olunmuş iclas keçirildi
İyunun 25-də mədəniyyət
naziri Əbülfəs Qarayevin iştirakı ilə Qara
Qarayev adına Mərkəzi İncəsənət Məktəbində
2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş iclas
keçirildi.
İclasdan əvvəl nazir məktəbin
qabaqcıl müəllim və şagird heyəti ilə
görüşdü. Təhsil ocağında yeni
yaradılmış musiqi alətləri emalatxanası, rəsm
dərnəyi, kitabxana ilə tanışlıqdan sonra nazirə
məktəbin nəzdində fəaliyyət göstərən
rəqs kollektivlərinin fəaliyyəti haqqında məlumat
verildi.
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən
uşaq musiqi və incəsənət məktəbləri
direktorlarının iştirak etdiyi iclas Mərkəzi İncəsənət
Məktəbinin tarixini əks etdirən qısa filmin
nümayişi ilə başladı.
Daha sonra məktəbin nəzdində
uşaq estrada və rok estrada sənəti sinfinin
yaradılması layihəsi haqqında məlumat diqqətə
çatdırıldı, incəsənət məktəblərində kino və bədii qiraət, səhnə
danışığı siniflərinin açılması
ilə bağlı təkliflər təqdim edildi.
İclasda çıxış edən Əbülfəs
Qarayev musiqi və incəsənət məktəblərinin
qarşısında duran məsələlərdən
danışdı, Mərkəzi İncəsənət Məktəbinin
yeni yanaşmalar nümayiş etdirən təhsil ocağı
olduğunu bildirdi. Vurğulandı ki, ölkəmizdə fəaliyyət
göstərən bütün musiqi və incəsənət
məktəbləri bu yenilikləri tətbiq etməyə
açıq olmalı, müasir tələblərə cavab
verən üsullardan istifadə etməlidirlər.
Nazir qeyd etdi ki, növbəti tədris
ilində bir sıra məktəblərdə müasir təhsil
proqramı həyata keçiriləcək: “Klassiklik və ənənə,
müasirlik anlayışı məktəblərdəki
bütün sahələri əhatə etməlidir. Musiqi təhsili
sahəsində cəmiyyətin tələbatını ödəyə
bilən sistem qurulmalıdır. Bakıda və regionlarda fəaliyyət
göstərən musiqi məktəbləri bu yeniliklərə
dəstək verməli, tədrisi innovativ üsullarla həyata
keçirməlidirlər. Gənc nəslin estetik tərbiyəsinin
formalaşmasında, ciddi musiqi və sənət anlamında
zövqlərinin düzgün istiqamətləndirilməsində
yeni düşüncə oyada biləcək fəaliyyət
qurulmalı və bu təcrübə həm paytaxt, həm də
region məktəbləri arasında yayılmalıdır.
Musiqi məktəblərinin şəbəkəsi daim
inkişaf etdirilməlidir. Sabahın musiqiçiləri bu
gün yetişməlidir və musiqimizin gələcəyi
onların təhsilindən asılıdır. Bu xüsusda
müasir və yeni düşüncəli pedaqoqlara ehtiyac
var”.
Bildirildi ki, indi qarşıda duran əsas
məqsədlərdən biri musiqimizin keşiyində durmaq,
onu yad meyllərdən qorumaqdır. Bu iş ilk növbədə
musiqi və incəsənət məktəblərinin öhdəsinə
düşür. Musiqi təhsili sahəsində
çalışan mütəxəssislər öz işlərini
düzgün və yaradıcı qurmalı, bütün səy
və bacarıqlarını ortaya qoymalıdırlar.
Daha sonra iclas təhsilin təkmilləşdirilməsi
və optimallaşdırılması ilə bağlı
müzakirələrlə davam etdi. Əbülfəs Qarayev
musiqi və incəsənət məktəblərinin növbəti
tədris ili ilə bağlı öz tövsiyələrini
diqqətə çatdırdı.
İclasda həmçinin məktəb
direktorlarının təklifləri dinlənildi. Nazir bir
sıra təkliflərin həyata keçirilməsi ilə
bağlı müvafiq tapşırıqlar verdi.
LALƏ
Mədəniyyət.-
2018.- 29 iyun.- S.7.