“Mədəniyyət günləri ikitərəfli
əməkdaşlığın inkişafına müsbət
təsir göstərir”
Azərbaycanda İran mədəniyyəti
günləri çərçivəsində
görüş və tədbirlər
Xəbər
verdiyimiz kimi, iyunun 27-də Azərbaycanda İran mədəniyyəti
günləri başlayıb. Bununla bağlı İran İslam
Respublikasının mədəniyyət və islami irşad
naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə
heyəti iyunun 26-da Bakıya gəlib.
Nümayəndə heyəti həmin
gün Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı
önünə gül dəstələri qoyub. Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üzərinə tər çiçəklər
düzülüb. Nümayəndə heyəti
daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini yad edib. “Əbədi
məşəl” abidəsinin önünə gül dəstələri
qoyulub.
* * *
İyunun 27-də
Azərbaycan Respublikasının mədəniyyət naziri
Əbülfəs Qarayev İranın mədəniyyət və
islami irşad naziri Seyid Abbas Salehinin başçılıq
etdiyi nümayəndə heyəti ilə
görüşdü.
Nazir qonaqları salamlayaraq Azərbaycanda
İran mədəniyyəti günlərinin keçirilməsinin
önəmini vurğuladı və bu tədbirlərin
yüksək səviyyədə keçiriləcəyinə əminliyini
ifadə etdi. Nazir ötən il İranda Azərbaycan
mədəniyyəti günlərinin uğurla gerçəkləşməsinə
və səmimi qonaqpərvərliyə görə minnətdarlığını
bildirdi, ölkəmizin nümayəndə heyətinin bu səfərdən
xoş təəssüratlarla qayıtdığını
dedi.
Vurğulandı ki, qarşılıqlı səfərlər,
o cümlədən mədəniyyət günləri iki
ölkə arasında əməkdaşlığın
inkişafına müsbət təsir göstərir.
İyunun 20-də “Naxçıvan
İslam mədəniyyətinin paytaxtı - 2018” tədbirlərinin
açılış mərasimində İranın mədəniyyət
və islami irşad naziri müavininin fəal
iştirakından razılığını ifadə edən
Əbülfəs Qarayev bunu münasibətlərimizin möhkəmliyinin
nümunəsi kimi dəyərləndirdi.
İranın mədəniyyət və
islami irşad naziri Seyid Abbas Salehi qonaqpərvərliyə
görə təşəkkürünü bildirdi. O,
2017-ci ilin iyulunda İranda keçirilən Azərbaycan mədəniyyəti
günlərinin ölkə ictimaiyyəti tərəfindən
maraqla qarşılandığını xatırlatdı.
İranlı nazir ölkəmizə səfəri çərçivəsində
Prezident İlham Əliyevlə
görüşdüyünü də diqqətə
çatdıraraq qeyd etdi ki, ikitərəfli mədəni əlaqələrin
inkişafı üçün böyük potensial var: “Bir tərəfdən xalqlarımızı birləşdirən
mədəni və tarixi köklər, digər tərəfdən
isə hazırda ölkələrimiz arasında siyasi əlaqələrin
yüksək səviyyədə olması buna əminlik
yaradır. Ölkə rəhbərlərinin çoxsaylı
görüşləri, dövlətlərimiz
arasında imzalanan sazişlər göstərir ki, əməkdaşlıq
üçün mühüm hüquqi baza mövcuddur. Bu da mədəni
sahədə çoxsaylı proqramları icra etməyə zəmin
yaradır”. Vurğulandı ki, iki ölkənin müvafiq
nazirlikləri olaraq bu imkanlardan lazımınca istifadə etməliyik.
Qonaq qeyd etdi ki, İranın Təbriz
şəhərinin “İslam ölkələrinin turizm
paytaxtı”, Azərbaycanın Naxçıvan şəhərinin
“İslam mədəniyyətinin paytaxtı” elan edilməsi
müştərək layihələri gerçəkləşdirmək
üçün yeni imkanlar açır. Azərbaycanda
İran mədəniyyəti günlərinin keçirilməsi
də əlaqələrimizdə yeni bir mərhələnin
başlanğıcıdır.
Nazir Əbülfəs Qarayev əlavə
etdi ki, Azərbaycan İranla mədəni əlaqələri
genişləndirməkdə maraqlıdır. Azərbaycanda
İran Mədəniyyət Mərkəzinin fəaliyyətindən
də razılığını ifadə edən nazir
qarşılıqlı olaraq kino, rəssamlıq, muzey işi
və digər sahələrdə əməkdaşlığın
vacibliyini vurğuladı: “Xalqlarımızı bir-birinə
yaxın edən memarlıq, xalq yaradıcılığı
nümunələri, ədəbiyyatımız var. Bu sahədə
layihələrin həyata keçirilməsi əməkdaşlığın
əsas qolunu təşkil edir. Mədəni əlaqələrdə
teatr sahəsinin də öz yeri var. Azərbaycan teatrları
mütəmadi olaraq İranda keçirilən beynəlxalq
festivallarda uğurla iştirak edirlər. İki ölkənin
milli kitabxanaları arasında sıx əməkdaşlıq
informasiya mübadiləsi üçün geniş imkanlar
yaradır.
Kino sahəsində əməkdaşlığın
da önəmini xüsusi vurğulayan Əbülfəs Qarayev
bu istiqamətdə işbirliyinin perspektivlərini diqqətə
çatdırdı. Vurğulandı ki, mədəni
yaxınlıq ölkələr arasında ümumi münasibətlərə
də hər zaman müsbət təsir göstərir.
Görüş iki ölkə
arasında əməkdaşlığa dair fikir mübadiləsi
ilə davam etdi. Sonda
qarşılıqlı hədiyyələr təqdim edildi.
“Münasibətlərin
mədəniyyət vasitəsilə möhkəmləndirilməsi
məmnunluq doğurur”
İyunun 27-də Muzey Mərkəzinin sərgi
qalereyasında Azərbaycanda İran mədəniyyəti
günləri çərçivəsində sərgi və
mətbuat konfransı keçirildi.
Tədbiri İranın Azərbaycandakı
səfiri Cavad Cahangirzadə açaraq iki xalqın
müştərək mədəniyyətə, adət-ənənələrə
malik olduğunu dedi.
Mərasimdə çıxış edən
mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki,
iki ölkənin rəhbərləri arasında olan isti
münasibətlər xalqların da yaxınlaşmasına,
qardaşlıq münasibətinə rəvac verib. Qarşılıqlı
münasibətlərin mədəniyyət vasitəsilə
möhkəmləndirilməsi çox xoşdur: “Ötən
il İranda Azərbaycan mədəniyyəti günləri
keçirildi, bu il isə ölkəmizdə İran mədəniyyəti
günləri təşkil edilib. Mədəniyyət
günlərinin zəngin proqramı var: konsertlər, sərgilər,
film nümayişi, teatr tamaşaları. Bu tədbirlər
paytaxt Bakı ilə yanaşı, Gəncəni də əhatə
edəcək. Bütün bunlar azərbaycanlı sənətsevərlərə
bir çələng şəklində nümayiş
olunacaq”.
Nazir çıxışının
sonunda bu tədbirlərin iki ölkə arasında mədəniyyət
sahəsində əməkdaşlığın
gücünü nümayiş etdirəcəyini bir daha diqqətə
çatdırdı.
İranın mədəniyyət və
islami irşad naziri Seyid Abbas Salehi çıxış edərək
iki ölkənin həmişə bir-birini dəstəklədiyini
dedi: “Adətən mədəniyyət günləri
xalqların bir-birini yaxından tanıması
üçün keçirilir. Azərbaycanın İranda və
İranın Azərbaycanda mədəniyyət günlərinin
keçirilməsinin məqsədi isə mədəniyyətlərimizin
bir-birinə nə qədər yaxın olduğunu göstərməkdir.
Belə tədbirlər sayəsində ölkələrimiz
daha da yaxınlaşır və biz bütün sahələrdə
əməkdaşlığın yeni yollarını tapa
bilirik. İran və Azərbaycan təkcə iki dost və
qonşu ölkə deyil, biz həmçinin eyni coğrafi ərazini
paylaşan xalqlarıq. Bizim Azərbaycana səfərimiz
və qarşılıqlı mədəni əməkdaşlığın
bir məqsədi də bu müştərəkliyi
nümayiş etdirməkdir”.
Sonra hər iki nazir mədəniyyət
günlərinin ilk tədbiri kimi sərginin
açılışını etdilər. Sərgidə
İranın xalq yaradıcılığı nümunələri
– zərgərlik, geyim, xalçaçılıq, xəttatlıq,
rəssamlıq, dekorativ-tətbiqi sənət nümunələrindən
ibarət eksponatlar təqdim olunur.
* * *
Sərginin
açılışından sonra iki ölkənin nazirlərinin
iştirakı ilə mətbuat konfransı keçirildi.
Mətbuat konfransında mədəniyyət
naziri Əbülfəs Qarayev diqqətə
çatdırdı ki, tarix boyu Azərbaycan və İran
xalqları yaxın münasibətdə olublar. İran
mədəniyyəti günlərinin
açılışı ölkələrimiz arasında əlaqələrin
inkişafında mühüm hadisədir. Bir həftə
davam edəcək tədbirlər çərçivəsində
Bakıda və Gəncədə müxtəlif proqramlar təşkil
olunacaq.
Nazir qeyd etdi ki, Azərbaycan ilə
İran arasında ikitərəfli münasibətlər
müxtəlif sahələrdə, o cümlədən mədəni
əməkdaşlıq istiqamətində çox uğurla
inkişaf edir. İran mədəniyyəti
günləri çərçivəsində çox rəngarəng
proqram tərtib
edilib. Ölkəmizdə səfərdə olan nümayəndə
heyətini Prezident İlham Əliyev qəbul edib. Bu da ölkələrimiz
arasında çox yaxşı münasibətlərin
olduğunu göstərir.
İranlı nazir Seyid Abbas Salehi Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 100 illiyi münasibətilə təbriklərini
çatdırdı. O, İranla Azərbaycan
arasında inkişaf edən əlaqələrin gündən-günə
möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Qonaq İran
mədəniyyəti günlərinin yüksək səviyyədə
gerçəkləşəcəyinə əminliyini bildirdi.
Diqqətə çatdırdı ki, mədəniyyət
günlərində iştirak etmək üçün
İrandan Azərbaycana 70-dən çox incəsənət
xadimi təşrif buyurub. Nazir Azərbaycan və İran
arasında mədəniyyətin bütün sahələri
üzrə bundan sonra da səmərəli fəaliyyətin həyata
keçiriləcəyini, müştərək layihələrin
reallaşacağını vurğuladı.
Daha sonra nazirlər jurnalistlərin
suallarını cavablandırdılar.
Lalə
AZƏRİ
Mədəniyyət.-
2018.- 29 iyun.- S.5.