Əbədi maarif
ziyası
Həsən bəy Zərdabi Azərbaycan
xalqının mədəni inkişafında müstəsna
xidmətləri ilə yadda qalıb
Əsrlər
boyu Azərbaycanın müdrik
şəxsiyyətləri xalqımızın mədəni-mənəvi
dəyərlərinin zənginləşdirilməsi və
qorunması yolunda yorulmadan
çalışıblar. İlk ali təhsilli müəllim, milli
mətbuatımızın yaradıcısı, milli teatrın yaradılmasında yaxından iştirak edən, müsəlman
dünyasının ilk təbiətşünas
alimlərindən Həsən bəy Zərdabi belə şəxsiyyətlərdən
olub.
Həsən
bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də Göyçay
qəzasının Zərdab kəndində dünyaya
göz açıb. Mollaxana
və Şamaxı şəhər məktəbində oxuyub, orta təhsilini
Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva
Universitetinin Təbiət-riyaziyyat
fakültəsinə daxil olur.
Təhsil ocağını yüksək göstəricilərlə
başa vurduğu üçün universitetdə
saxlanılması haqqında qərar qəbul edilir.
Lakin vətəninə olan
məhəbbəti, xalqına, millətinə xidmət etmək
arzusu onu Azərbaycana
qayıtmağa vadar edir.
Həsən bəy 1869-cu ildə
Bakıya gələrək burada orta məktəbdə təbiətdən
dərs deyir. Eyni zamanda ölkənin mədəni həyatında
aktiv iştirak edir. Onun rəhbərliyi, dramaturqlardan Nəcəf
bəy Vəzirov və Əsgər ağa
Adıgözəlovun (Gorani) fəal
iştirakı ilə 1873-cü il
martın 10-da Mirzə Fətəli Axundzadənin “Lənkəran
xanının vəziri” komediyası səhnələşdirilir.
Beləliklə, bu il
145 yaşını qeyd etdiyimiz
Azərbaycan peşəkar milli
teatrının əsası qoyulur.
Ana dilində mətbuata böyük
ehtiyacın olduğunu dərk edən Həsən bəy qəzet
çap etmək üçün hökumətə müraciət
edir. 1875-ci
ilin 22 iyulunda
Bakıda qubernator mətbəəsində
Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə
müvəffəq olur. Azərbaycan
milli mətbuatının qaranquşu
olan “Əkinçi” qəzeti 1877-ci ilin 29 sentyabrına qədər fəaliyyət
göstərir. Bu müddət ərzində
qəzetin 56 nömrəsi işıq üzü
görür. Qəzetdə dövrün tanınmış ziyalı və
ədiblərindən M.F.Axundzadə, N.Vəzirov, Ə.Gorani, S.Ə.Şirvani və
başqaları çıxış edərək xalqın
maariflənməsində mühüm rol oynayıblar.
“Əkinçi” fəaliyyətini
dayandırdıqdan sonra Zərdabi Bakıda və Tiflisdə
çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye”
və s. qəzetlərdə Azərbaycan və rus dillərində
çoxlu elmi-kütləvi məqalələr dərc etdirib,
xalqın problemlərinin tərcümanı missiyasını
yerinə yetirib. Eyni zamanda geniş ictimai fəaliyyət göstərib. Nəriman
Nərimanovla birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin
Bakıda birinci qurultayının təşkilində
yaxından iştirak edib.
O, ana dilində tədrisi,
qadınların təhsil almasını zəruri hesab edirdi. Azərbaycan
qadınlarının maariflənməsinə xüsusi
əhəmiyyət verirdi. 1901-ci ildə
Bakıda azərbaycanlı qızlar üçün
ilk məktəbin açılmasına böyük kömək göstərmişdi.
Görkəmli
maarifçi həyatının son illərində Bakı Şəhər
Dumasının Maarif şöbəsində
çalışaraq Bakı və ətraf kəndlərdəki
məktəblərə başçılıq edib, həmçinin elmi fəaliyyətlə
məşğul olub. Bu
aramsız iş şəraiti onun səhhətinə ağır təsir
göstərib. Azərbaycan mətbuat və mədəniyyət
tarixində dərin iz qoymuş
böyük ziyalı 1907-ci il noyabr ayının 28-də
vəfat edib.
Xalqın səadəti
və tərəqqisi uğrunda
Zərdabi 40 ildən artıq bir dövr
ərzində öz xalqının səadəti və tərəqqisi
uğrunda əzmlə mübarizə aparıb. O,
qarşısına Azərbaycan xalqını cəhalətdən
xilas etmək kimi nəcib
bir məqsəd qoymuşdu
və bunun üçün
maarifi əsas vasitə seçmişdi.
Çar Rusiyasının müstəmləkəsi
altından olan bir çox xalqlara ögey münasibəti üzündən Azərbaycanda
da sosial-iqtisadi həyat
dözülməz idi. Bütün sahələrdə
ciddi dəyişikliklərə ehtiyac vardı. Belə bir
zamanda problemlərin öhdəsindən
yalnız elmin köməyi ilə gəlmək
olardı. Böyük mütəfəkkir
H.Zərdabi də bu həqiqəti dərk
etdiyi üçün
ilk növbədə maarif
məşəlini yandırdı və ömrünün
axırınadək bu məşəli əlindən
yerə qoymadı. “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”
- deyən Zərdabinin bütün həyatı
xalqın maariflənməsi işi ilə
bağlı olub. Mətbuatın ali missiyalarından söz
açan Zərdabi “Əkinçi”nin ilk nömrələrində yazırdı: “Hər
bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun.
Yəni o vilayətin sakinləri elədiyi
işlər, onlara lazım olan şeylər, xülasə onların hər
bir dərdi və xahişi
o qəzetdə çap
olunsun ki, o qəzetə baxan,
xalqı aynada görən kimi
görsün”.
O öz qəzetində bu vəzifələrin
layiqincə yerinə yetirilməsi üçün əlindən
gələni əsirgəməyib. Bütün
ziyalıların, həqiqi vətənpərvərlərin əsas
vəzifəsini xalqı qəflət yuxusundan
oyatmaqda, elmi, maarifi xalq arasında geniş yaymaqda görürdü. Gənclərə müraciət
edərək onları vətəninin, xalqının səadəti
və maariflənməsi uğrunda mübarizə
aparmağa və bu
işdə heç kəsdən qorxmamağa, hər cür
çətinliyə sinə gərməyə
çağırırdı.
Zərdabinin yazılarının ana xəttini
təşkil edən vətənpərvərlik sadəcə
olaraq vətəni və xalqı sevməklə məhdudlaşmır.
Onun vətənpərvərlik
anlayışı mücərrəd deyil,
əməldə olan vətənpərvərlikdir.
O, bir məqaləsində yazırdı:
“Ey müsəlmanlar, mürvətdirmi ki, tamam dünya
bizim qonşularımız belə təhsil
etməyə səy etsinlər ki, zindəganlıq
cəngində düşmənə fayiq
gəlsinlər, amma bizlər: Allahdan buyruq, ağzıma
quyruq” – deyib duraq! Ey müsəlmanların
millət təəssübü çəkən kəsləri!
Bir açız gözünüzü,
dünyaya tamaşa edin...”.
Əslində, “Əkinçi” qəzetinin
adı da təsadüfi seçilməmişdi. Bu adın
yalnız qəzetin aqrar istiqamətini
müəyyənləşdirdiyini düşünmək sadəlövhlük
olardı. “Əkinçi” sözünün
altında böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət
proqramı gizlənirdi. Təkcə Azərbaycan kəndlisini daha yaxşı, daha səmərəli
işləməyə öyrətmək yox,
həm də onun ürəyinə, şüuruna maarif toxumu səpmək lazım idi.
Bir sözlə, maarif,
mədəniyyət əkinçisi üçün
ən böyük meydan
şüurunu fanatizm,
cəhalət və laqeydliyin alaq otları basmaqdan qorumaqdan ibarət idi. Zərdabi
özü Azərbaycan mədəniyyəti
tarixində belə bir əkinçi oldu. Onun 1875-ci ildən başlayaraq səpdiyi maarif
toxumları cücərərək digər mətbu nəşrlərimizi
– “Kəşkül”ü və “Şərqi-Rus”u yaratdı, xalq üçün “Həyat”a
və “İrşad”a çevrildi. “Molla Nəsrəddin”i,
“Füyuzat”ı ərsəyə gətirdi.
Zərdabini bir maarifpərvər kimi
yoxsul və kimsəsiz uşaqların təhsilə cəlb
olunması, onların təhsilinə yardım göstərilməsi
kimi ümdə məsələlər xüsusilə düşündürürdü. Bu
məqsədlə o, 1872-ci ildə
Bakıda “Cəmiyyəti-xeyriyyə” adlı bir
qurumun əsasın qoymuş, geniş xeyriyyəçilik hərəkatına
başlamışdı. Onu da qeyd edək ki, Həsən bəyin həyat yoldaşı
Hənifə xanım da görkəmli maarif xadiminin xalq yolundakı fəaliyyətini böyük həvəslə dəstəkləyirdi.
O, H.Z.Tağıyevin Qız məktəbində,
Bakı I Rus-Azərbaycan məktəbində, Cümhuriyyət
dövründə I Qadın türk məktəbində
müdir, sovet
dövründə Bakı şəhər I pillə məktəbində
müəllim işləmişdi.
Həsən bəy hökumət idarələrində
uzunmüddətli xidmətinə görə “Müqəddəs
Anna” qızıl medalı ilə təltif olunsa da, heç
zaman yaxasına taxmamışdı. Hətta Qafqazın sərdarı
Bakıya gələndə xaç şəkilli medalı
döşünə taxmamaq üçün özünü
xəstəliyə vurmuşdu...
Zərdabi Azərbaycan xalqının mədəni
inkişafında müstəsna xidmətləri ilə yadda
qalıb. Onun yandırdığı maarif və mədəniyyət məşəlinin
şöləsi mühitimizi daim işıqlandıracaq. Ruhun
şad olsun.
Aynurə ƏLİYEVA
Mədəniyyət.-
2018.- 29 iyun.- S.13.