“Özbək şeir
çələngi” kitabının təqdimatı
keçirilib
Daşkənddə fəaliyyət
göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) dəstəyi ilə “Extremum-press” nəşriyyatında
çapdan çıxmış “Özbək şeir çələngi”
(“Uzbek şeriyati qulçambari”) kitabının təqdimat mərasimi
keçirilib.
Kitabın tərtibçiləri azərbaycan
şairi Şahməmməd Dağlaroğlu və özbək
şairəsi, tərcüməçi Şəhla
Qasımovadır. Kitaba akademik Nizami Cəfərov və
filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
Özbəkistan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasında
keçirilən tədbirdə direktor Zuxra Berdiyeva iki xalq
arasında dostluq əlaqələrindən danışıb.
Bildirib ki, Azərbaycan dilində özbək ədəbiyyatının
tanınmış simalarının əsərlərinin
işıq üzü görməsi təqdirəlayiq hadisədir.
AMM-in direktoru Samir Abbasov kitabdakı
şeirlərin tərcüməsinin xüsusi zəhmət tələb
etdiyini vurğulayıb, nəşrin ərsəyə gəlməsində
əməyi olan hər kəsə təşəkkürünü
bildirib. Diqqətə
çatdırıb ki, kitabda ilk dəfə olaraq özbək
ədəbiyyatının tanınmış simaları –
Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə,
Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi,
Xurşud Davron, Tahir Qəhhar və başqa müəlliflərin
əsərləri Azərbaycan və özbək dillərində
oxucuya təqdim edilir.
Özbəkistan
Yazıçılar İttifaqının tərcümə
bölməsinin müdiri Atxam Alimbekov, şair Xasiyət
Rüstəmova, kitabın redaktorları – şair Əkbər
Qoşalı və Fərid Hüseyn nəşrin iki
xalqın ədəbiyyatına töhfə olduğunu söyləyiblər.
Kitab Özbəkistan və Azərbaycan
kitabxanalarına, elm, təhsil müəssisələrinə
hədiyyə ediləcək.
Mədəniyyət.- 2018.- 29 iyun.- S.15.