“Əhməd Cavad kimi şəxsiyyətlər bizi
aydınladan ulduzlardır”
Sedat
Sağırkaya: “Onu oxuduqca, öyrəndikcə bir daha əmin
oluruq ki, nə yaxşı çəkəcəyimiz film
üçün Əhməd Cavadı seçmişik”
Türk dünyasının ortaq
televiziya kanalı olan TRT Avaz qurulduğu gündən etibarən
müxtəlif layihələrlə gündəmə gəlir.
Bu layihələrdə Azərbaycanın tarixi, mədəniyyəti,
incəsənəti də önəmli yer tutmaqdadır.
Telekanalın koordinatoru Sedat Sağırkaya ilə söhbətimiz
zamanı bu məqamlara toxunmaqla yanaşı, yeni layihələrdən
də xəbər tutduq.
Həmsöhbətim hazırda kanalda
yenidənqurma işləri aparıldığını və
sentyabrda başlanacaq yeni yayım mövsümünə
hazırlaşdıqlarını dedi.
- TRT Avazı daha fərqli proqramlarla
yayına hazırlayırıq. TRT-nin çəkdiyi və
“Diriliş Ərtoğrul” kimi maraqla izlənən seriallar yeni
mərhələdən başlayaraq TRT Avazda yayımlanacaq.
Kanalımızın böyük izləyici kütləsinin
Azərbaycan tamaşaçısı olduğunu da bilirik. Bu
baxımdan Azərbaycan Televiziyası və İctimai Televiziya
ilə bir sıra layihələri gerçəkləşdirmək
niyyətimiz var. Ümumiyyətlə, Türk mədəniyyəti və tarixi ilə
bağlı ortaq fəaliyyətlərimizi inkişaf etdirəcəyik.
- Yeri gəlmişkən, Azərbaycan
telekanalları ilə əlaqələri necə qiymətləndirirsiniz?
- Bizim Azərbaycanla əlaqələrimiz
çox yaxşıdır. Azərbaycan Türkiyə
üçün qardaş ölkədir. İnanıram ki, Azərbaycanla
Türkiyə arasında bu qardaşlıq daha da güclənəcək
və biz televiziya sahəsində çox önəmli işlər
görəcəyik. TRT Avazda Azərbaycanla, Azərbaycanın
tarixi şəxsiyyətləri ilə bağlı bir
çox layihələr həyata keçirilib və bu ənənə
davam edəcək.
- Bu il Şərqdə ilk respublika olan
Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Bu
münasibətlə hansısa layihəniz varmı?
- Cümhuriyyətin 100 illiyi ilə əlaqədar
olaraq “Əhməd Cavad” sənədli filmi üzərində
işləyirik. Filmdə Azərbaycan və Türkiyə
arasındakı qardaşlıq münasibətlərini Əhməd
Cavadın həyatı üzərindən çox gözəl
anlada biləcəyimizi düşünürük. Hazırda
filmin ssenari mətni yazılır. Bu, portret janrında sənədli
film olacaq.
Bu ilin sentyabr ayında Qafqaz İslam
Ordusunun Bakını azad etməsinin 100-cü ili də tamam
olur. Bu münasibətlə Əhməd Cavadın sözlərinə
bəstələnən əsərlərin də yer
alacağı konsert düzənləməyi
planlaşdırırıq.
Cümhuriyyətin yubiley ili ilə
bağlı önümüzdəki günlərdə
Bakını da ziyarət edəcək və Azərbaycan
Televiziyası, İctimai Televiziya ilə bu mövzuda bəzi
ortaq layihələrdə əməkdaşlıq
imkanlarını müzakirə etmək istəyirik.
Bildiyiniz kimi,
Qafqaz İslam Ordusunun Azərbaycanda 1130 hərbiçisi
şəhid olub. Onlar üçün Bakıda ehsan mərasimi
düzənləməyi düşünürük. Əgər
bunu həyata keçirə bilsək, bu tədbir Türkiyədəki
Mövlud mərasiminə bənzəyəcək və
televiziyada canlı yayımlanacaq. Türkiyənin
Bakıdakı səfirliyi ilə də görüşüb
niyyətimizi onlara bildirəcəyik.
- Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi münasibətilə nə üçün məhz Əhməd
Cavadla bağlı film çəkmək qərarına gəldiniz?
Onun həyatını və fəaliyyətini sənədli
filmdə canlandırmaq üçün şairi yaxşı
tanımaq, araşdırmaq lazımdır. Buna nail ola bildinizmi?
- Biz bu qərara gəldikdən
sonra üç
aydır ki, Əhməd Cavadla
bağlı Azərbaycanda çap edilən
kitabları, məlumatları oxuyuram. Qeyd edim ki,
onun Türkiyədə də türkcə
nəşr olunmuş əsərləri var. Əhməd
Cavadı oxuduqdan sonra
bu dahi şəxsiyyətlə
eyni millətin nümayəndəsi olmaqdan qürur duydum. Çox gənc
yaşlarında Balkan müharibəsinə
qatılmaq üçün Türkiyəyə
gəlib, bu qədər gözəl
şeirlər yazıb, yardım kampaniyalarına qoşulub, Qafqaz İslam Ordusunu hərbi
geyimdə Gəncədə qarşılayıb, müstəqillik
uğrunda mübarizə aparıb. Eyni zamanda rus
dilini öz ana dili kimi
bilib, bir çox əsəri tərcümə edərək
türk oxucusuna
qazandırıb. O, Nuru paşaya
öz imzası ilə bir
şeir kitabını hədiyyə edibmiş. Filmdə bundan da bəhs ediləcək. Gözəl təhsilə
yiyələnib. Soylu-köklü bir ailənin övladı olub.
Şükriyyə xanımla yaşadığı həyat da məni çox təsirləndirdi.
Hər kəsin belə bir şəxsiyyəti tanımasını istəyirəm.
Əhməd Cavad kimi
şəxsiyyətlər bizim göydəki
ulduzlarımızdır və biz bunlarla aydınlanırıq.
- Belə nəticəyə gəlmək
olar ki, qardaş ölkə olsaq da, bir-birimizi, görkəmli
şəxsiyyətlərimizi hələ də yaxşı
tanıya bilməmişik...
- Elədir.
“Çırpınırdın, Qara dəniz” bütün
türk xalqlarının milli marşıdır. Onu
uşaqlıqdan dinləyib sevmişik. TRT
Avaz kanalının
açılışında Azərinin ifasında bu mahnı səsləndirilib. Bu
mahnı ifa edilərkən Türkiyədə
həyəcanlanmayan insan yoxdur.
Bu şeir haqqında məlumatımız
vardı, amma onu Əhməd
Cavadın yazdığını bilmirdik.
İndi öyrənirik onun
xeyli qiymətli əsəri varmış.
Azərbaycan milli marşının
sözlərinin də Əhməd Cavad tərəfindən
yazıldığını yeni öyrəndik.
Əhməd Cavad öz
millətinə aşiq, Türk millətinə canını fəda etmiş böyük bir insan, böyük
bir mücahiddir. Onunla bağlı oxuduqca sanki gözümün
önünə bizim “Diriliş
Ərtoğrul” filmindəki Ərtoğrul Qazi
kimi cəngavər gəlir. Eyni zamanda böyük
bir şair, mütəfəkkir.
Xanımına yazdığı şeirləri oxuduğumda müdhiş romantik bir insan
gözlər önünə gəlir. Zəngin bir xarakterə, ruha sahib olub. Əhməd
Cavadı oxuduqca, öyrəndikcə, bir daha əmin oluruq ki, yaxşı ki, onu seçmişik.
Onun adına layiq
işlər görməyə çalışırıq. Gələcəkdə
də belə şəxsiyyətlərin tanıdılması
üçün səy göstərəcəyik.
Millətimizin ortaq dəyərlərini bu kanaldan tanıtmağa davam edəcəyik.
Mehparə SULTANOVA
Mədəniyyət.-
2018.- 29 iyun.- S.15.