Gürcüstan rəssamlarının “Cari
vəziyyət”i
Sərgidə 25 rəssamın əl
işləri nümayiş olunur
İyunun 27-də Heydər
Əliyev Mərkəzində Gürcüstan
rəssamlarının əsərlərindən ibarət “Cari vəziyyət” adlı sərgi
açılıb.
Açılış mərasimində
çıxış edən Heydər Əliyev Mərkəzinin
direktoru Anar Ələkbərov sərginin Gürcüstan Mədəniyyət
Nazirliyi və Gürcüstan Milli Muzeyi ilə birgə əməkdaşlıq
çərçivəsində ərsəyə gəldiyini
bildirib. Diqqətə çatdırıb ki, sərgi ötən
əsrin 80-90-cı illərində Gürcüstan təsviri
incəsənətinin inkişafına töhfə vermiş
25 rəssamın yaradıcılığı ilə
tanışlıq imkanı yaradır.
Layihənin kuratoru Çarlz Merevezer qeyd
edib ki, sərgidəki nümunələr sırasında həm
fərdi, həm də dövlət kolleksiyasına aid əsərlər
yer alıb. Bildirib ki, nümayiş olunan əsərlər 1985-ci ildən sonra Gürcüstanda yaşanan dəyişiklikləri əks etdirir: “Sərginin digər
bölümündə isə 2000-2005-ci illərə aid əsərlər də var
ki, o vaxt
Gürcüstan ötən əsrin
90-cı illəri ilə müqayisədə daha
ağır dövrünü
yaşayırdı. Biz incəsənətdə
genişmiqyaslı dəyişikliklərin şahidi
olacağıq”.
Sərginin koordinatoru və
Gürcüstan Milli Muzeyinin kuratoru Lika Mamataşvili
Gürcüstanın Mədəniyyət Nazirliyi və Milli
Muzeyi adından Heydər Əliyev Mərkəzinə təşəkkür
edib.
Tədbirdə çıxış edən
rəssamlar sərginin Gürcüstan və Azərbaycan incəsənət
xadimlərini bir araya gətirdiyini vurğulayıblar. Qeyd
olunub ki, 70-ci illərdə Gürcüstan Rəssamlıq Məktəbində
azərbaycanlı gənclər də təhsil alıblar və
onların gürcüstanlı həmkarları ilə gözəl
münasibətləri olub.
Sərgidə nümayiş etdirilən
fotoların müəllifi Quram Tşibaxaşvili sevimli şəhəri
Bakıya gəlməsindən və burada sərgi təşkil
edilməsindən çox şad olduğunu deyib.
Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov
gürcü rəssamlarının əsərlərini
yüksək qiymətləndirib və bu yaxınlarda Tbilisidə
keçirilən festivaldan söz açıb.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində
“Cari vəziyyət” sərgisi avqustun 26-dək davam edəcək.
Mədəniyyət.-
2018.- 29 iyun.- S.16.