ABŞ-da keçirilən konfransda
Qarabağ xalçalarından
danışılıb
Xalça Muzeyinin direktoru Şirin Məlikova
ABŞ-da keçirilən XIV Beynəlxalq Şərq
Xalçaları Konfransında (İCOC) ölkəmizi təmsil
edib.
Muzeydən bildirilib ki, Şirin Məlikova
konfransda “Azərbaycan Xalça Muzeyinin kolleksiyasının zənginləşmə
mənbələri” mövzusunda məruzə ilə
çıxış edib. O, muzeyin nadir xalçaları, tikmələri,
reallaşdırılan layihələr haqqında məlumat verib.
Əsrlər
boyu Azərbaycandan
çıxarılmış nadir
xalçalarımızdan danışan Şirin
Məlikova Qarabağın “Bağçada
güllər” xalçasının taleyindən də söz açıb. Bildirib
ki, onu San-Fransiskoda
“qədim erməni xalçası” adı altında
satırdılar. “İşğal olunmuş ərazidə çoxlu
sayda muzeylər, talan edilmiş və erməniləşdirilmiş artefaktlar qalıb. “Bağçada
güllər” xalçası dünya “səyahətindən”
sonra Vətənə qayıtmış ilk nümunədir”, – deyə Ş.Məlikova
vurğulayıb.
Muzeyin
kolleksiyasının zənginləşmə mənbələrindən
söz açan direktor rəhbərlik etdiyi
mədəniyyət ocağının 50 illiyi
ərəfəsində Vyanadan XVII əsrin
sonlarına aid “Şamaxı”
xalçasının əldə edildiyini,
Heydər Əliyev Fondu tərəfindən
“Sotheby’s” hərracında əldə olunan, XVIII əsrə aid
tikmənin muzeyə hədiyyə edildiyini
deyib. Uzun müddət
xarici ölkələrdə şəxsi kolleksiyada olmuş Qarabağa aid
“Əjdahalı” xalçasının da
muzeyə Heydər Əliyev Fondu tərəfindən
hədiyyə edildiyi diqqətə
çatdırılıb.
Şirin Məlikova müxtəlif muzey
toplularına amerikalı kolleksiyaçılar tərəfindən
hədiyyə edilmiş Azərbaycan xalçalarının
siyahısını da təqdim edib. Onların sırasında
kolleksiyaların ən qiymətli eksponatları sayılan unikal nümunələr var.
Mədəniyyət.-
2018.- 29 iyun.- S.16.