Musiqinin “İpək Yolu” yenə
Şəkidən keçir
Qədim şəhərdə ənənəvi
beynəlxalq festival başlayıb
Azərbaycanın
qədim sənət və mədəniyyət mərkəzlərindən
olan Şəkidə növbəti musiqi bayramı – “İpək Yolu”
IX Beynəlxalq Musiqi Festivalı
başlayıb. Mədəniyyət Nazirliyinin,
Bəstəkarlar İttifaqının və Şəki Şəhər
İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə iyunun 27-dən 1 iyul
tarixinədək davam edəcək
festivalın zəngin proqramı var.
İyunun 25-də Azərbaycan Bəstəkarlar
İttifaqında festival ilə bağlı mətbuat konfransı
keçirildi. Festivalın bədii rəhbəri,
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə son illər ölkəmizdə keçirilən
beynəlxalq incəsənət tədbirlərinin əhəmiyyətindən
söz açdı. Bildirdi
ki, 2010-cu ildə əsası qoyulan Şəki “İpək Yolu”
Beynəlxalq Musiqi Festivalı ölkəmizin mədəni
həyatında əlamətdar hadisədir. Budəfəki festivalda Türkiyə, Rusiya,
Macarıstan və Qazaxıstandan rəqs və musiqi qrupları, ifaçılar, həmçinin
Azərbaycanın tanınmış teatr
və musiqi kollektivləri iştirak
edirlər.
Festivalın tarixində ilk dəfə
olaraq bu il UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq
Şurası”nın (İCTM) “Məqam” elmi tədqiqat qrupunun
beynəlxalq elmi simpoziumu da keçiriləcək. Tədbirə
Yaponiyadan Almaniyayadək 10 ölkədən
tanınmış elm xadimləri
qatılacaqlar.
Mətbuat konfransında Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının baş
rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev,
Yunus Əmrə İnstitutu Bakı Mədəniyyət Mərkəzinin
rəhbəri Cihan Özdəmir və başqaları
çıxış edərək layihə haqqında danışdılar.
Bildirildi ki, “İpək Yolu” festivalı bu dəfə də
iştirakçılara, tamaşaçılara unudulmaz anlar
yaşadacaq.
İyunun 25-də Bəstəkarlar
İttifaqında Şəki “İpək Yolu” IX Beynəlxalq
Musiqi Festivalının “müqəddiməsi” olaraq kamera
konserti keçirilib. Tədbirdə gənc rəssamların əl
işləri də sərgilənib.
“Festivala
çox gözəl əhval-ruhiyyə ilə
başlayırıq”
İyunun 27-də Şəkidəki
“Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında
“İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının
açılış mərasimi keçirilib.
Festivalın bədii rəhbəri, Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə
çıxış edərək möhtəşəm
musiqi bayramı münasibətilə bütün
iştirakçıları və sənətsevərləri
təbrik edib. Vurğulayıb
ki, bu il
bir sıra yaddaqalan
hadisələrlə zəngindir. Ümummilli
lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyəti və dahi
bəstəkar Qara Qarayevin
100 illik yubileyləri möhtəşəm
tədbirlərlə qeyd olunur.
Bir sözlə, bayram
bayrama qarışıb və ənənəvi
festivala gözəl əhval-ruhiyyə ilə
başlayırıq.
Bəstəkarlar İttifaqının sədri
builki festivalın proqramında beynəlxalq elmi simpoziumun yer
almasının da əhəmiyyətini qeyd edib. Bildirib ki, tədbirdə
Şəki şəhərinin tarixi və mədəniyyəti,
dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması və
təbliği məsələləri müzakirə olunacaq.
Bildirilib ki, festival günlərindən
TÜRKSOY təşkilatının 25 illiyinin Şəki
şəhərində qeyd olunması da musiqi mədəniyyətimizdə
mühüm hadisələrdən biri olacaq.
Şəki Şəhər İcra
Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət
mərkəzinin beynəlxalq festivalların keçirilməsi
üçün gözəl məkan olduğunu, Şəkinin
“festivallar şəhəri” kimi tanındığını
vurğulayıb. Qeyd edib ki, hər ilin yayında keçirilən
“İpək Yolu” festivalı Şəkinin mədəni həyatında
çox böyük hadisədir və musiqisevərlərin
yaddaşında gözəl xatirə kimi qalır.
Rəsmi hissədən sonra Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi
hərbi orkestrinin konserti olub. Orkestrin repertuarına müxtəlif
janrlı əsərlər
– klassik, caz, estrada və
populyar musiqi daxildir. Bildirilib ki, repertuarında
vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına xüsusi
yer ayıran orkestr dəfələrlə
ölkəmizin hüdudlarından
kənarda keçirilən
festivallarda iştirak edib, mükafatlara layiq görülüb.
Kollektivin bədii rəhbəri
və dirijoru mayor Səməd Vəkilovdur.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan
konsert proqramının
sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri
təqdim edilib.
Festival çərçivəsində
iyunun 28-də gündüz
Şəki xanları
sarayının həyətində
Şəkinin “Zirvə”
ansamblının konserti
olub. Konsertdə unudulmaz bəstəkar Emin Sabitoğlunun mahnıları səsləndirilib.
Savalan FƏRƏCOV
Mədəniyyət.-
2018.- 29 iyun.- S.9.