“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı

 

Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən festival regionların mədəni irsinin təbliğinə xidmət edir

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” başlığı altında “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı keçirilir.

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.

Azərbaycan tarixən zəngin mədəniyyəti ilə şöhrət qazanıb. Əsrlər öncə ölkəmizə gələn səyyahlar mədəni-mənəvi dəyərlərimizin rəngarəngliyini xüsusi qeyd ediblər. Bu gün mədəniyyətimiz bu zəngin irs üzərində inkişaf etdirilir, təbliğ olunur.  Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin təbliği istiqamətində icra olunan layihələr də bu məqsədə xidmət edir. 2010-2014-cü illərdə reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqram çərçivəsində beş il ərzində ümumilikdə 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, ilboyu çoxsaylı tədbirlər keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib.

Bundan əlavə, 2015-2016-cı illərdə nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə həyata keçirilib, konsert və sərgilər təşkil edilib.

Hazırda nazirlik tərəfindən bu yöndə tədbirlər davam etdirilir.  Cümhuriyyətin 100 illiyi şərəfinə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı da regionların mədəni irsinin təbliğinə, mədəni mübadiləyə mühüm töhfədir.

 

Regionlararası mədəni mübadilə

 

Festivalın ilk tədbiri iyunun 25-də Masallı şəhərindəki Heydər Əliyev parkında təşkil olunub. Park ərazisində Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birinin festival çadırları qurulub, idarələr üzrə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələrinin, rəsm və suvenirlərin, digər əl işlərinin sərgisi və satışı keçirilib.

Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, Masallı rayon rəhbərliyi, regional idarələrin rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festivala burada start verilməsini bölgə əhalisinə göstərilən hörmətin nümunəsi kimi dəyərləndirib, festival iştirakçılarına uğurlar arzulayıb.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, Masallı rayonunun müxtəlif festivalların keçirilməsində zəngin təcrübəsi var. Üç il əvvəl nazirliyin “Bölgələrdən paytaxta” layihəsi də bu rayondan başlanmışdı.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.

Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Rayon sakinləri bölgələrdə bu cür festivalların keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Müxtəlif şəhər və rayonlardan gəlmiş sənətkarlar, rəngarəng əl işlərini həvəslə nümayiş etdirən ustalar da festivalın təşkilindən, belə bir layihədə iştirak etməkdən məmnunluqlarını ifadə ediblər.

“Bölgələrdən bölgələrə” festivalı ilə bağlı təəssüratlarını bölüşən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova layihənin  əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən yeni yaradıcılıq festivalı bölgələrimizin mədəni potensialının nümayişi, mədəni irsinin təbliği və tanıdılması ilə yanaşı, bu sahədə regionlararası yaradıcılıq əlaqələrini daha da genişləndirəcək: “Bu, həqiqətən də, böyük layihədir. Respublikamızın bütün bölgələri - regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonlarımızın nümayəndələri bu gün bizim qonağımızdır. Sənətkarların əl işlərinin nümayişi, həmçinin bölgələrimizin bar-bərəkətinin təqdim olunması həm yerli sakinlər, həm də qonaqlar tərəfindən maraqla qarşılandı. Mən burada rayon ictimaiyyətinin marağını xüsusi qeyd etmək istəyirəm. Bu olduqca önəmli məqamdır. İnsanlarımız bölgələrimizin təqdimat çadırlarındakı sərgilərə baxır, konsert proqramlarını həvəslə izləyir, ölkəmizin digər bölgələrinin mədəni həyatı ilə daha yaxından tanış olurlar. Festivalın növbəti tədbirlərində biz də o biri regionlara qonaq gedəcəyik”.

Lətifə Mövsümova festivalın Cümhuriyyətin 100 illiyinə həsr olunmasının önəmini də vurğulayıb. Bildirib ki, zəngin tarixə, dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliği hər zaman diqqətdə saxlanılır: “Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur. Bu festivalın da yubiley tədbirləri çərçivəsində təşkili çox mühüm hadisədir. Son illərdə bizim regionumuzda da maraqlı mədəniyyət tədbirləri təşkil olunub. Nazirliyin “Bölgələrdən paytaxta” adlı layihəsində Masallı rayonu xüsusi həvəslə iştirak etmişdi”.

Regional idarənin rəisi xatırladıb ki, bir neçə il əvvəl nazirliyin “Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Masallı “Folklor paytaxtı” seçilmiş və geniş tədbirlər keçirilmişdi: “Eyni zamanda rayonumuzda beynəlxalq folklor festivalları təşkil olunub. Bu cür tədbirlər regionlarımızda mədəniyyətin daha da inkişaf etdirilməsinə töhfədir. İnanıram ki, yeni layihə də ölkə boyu daha da geniş şəkildə təşkil olunacaq və vətəndaşlarımız, eyni zamanda ölkəmizə gələn qonaqlar tərəfindən maraqla qarşılanacaq”.

“Bölgələrdən bölgələrə” festivalının Masallıdan sonrakı ünvanı Lənkəran şəhəri olub.

 

100 illik tariximiz mədəni irs işığında

 

İyunun 26-da festivalın iştirakçıları Lənkərana gəliblər. Şəhərdəki Heydər Əliyev parkında da Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin festival çadırları qurulub, bölgələrimizin mədəni irsini, xalq sənətkarlığını əks etdirən sərgi nümayiş etdirilib. Regionlarımızın təmsilçiləri bir-birlərinin çadırlarını gəzərək nümayiş olunan əl işlərinə baxıblar. Yerli sakinlər Azərbaycanın bölgələrinin mədəni zənginliyi ilə maraqla tanış olublar.

Sonra hər bir regional idarə üzrə folklor qrupları, incəsənət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Onlar Lənkəranda belə bir tədbirin təşkilindən məmnunluqlarını ifadə ediblər.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının Azərbaycanın şəhər və rayonlarının zəngin mədəni irsinin təbliğ olunması baxımından əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın digər bölgələri kimi, Lənkəran və regional idarənin əhatə etdiyi digər rayonlar da öz mədəni zənginliyi ilə seçilir. Eyni zamanda ölkəmizin 15 regionunun mədəni irsinin bir arada nümayiş olunması yerli sakinlərin və qonaqların xüsusi marağına səbəb olub: “Lənkəranda təşkil olunan tədbirdə 15 regional idarənin stendləri qurulmuşdu. Hər bir region yüksək səviyyədə öz mədəni potensialını nümayiş etdirdi. Burada ölkəmizin hər yerindən gəlmiş sənətkarların əl işlərinin, dekorativ-tətbiqi sənət nümunələrinin satış-sərgiləri keçirildi, eyni zamanda kənd təsərrüfatı məhsulları nümayiş olundu”.

Vüsal Nəsirli Cümhuriyyətimizin 100 illiyi şərəfinə gerçəkləşən festivalın ölkəmizin mədəniyyəti, el sənətkarlığı, incəsənəti ilə tanış olmaq üçün böyük imkanlar açdığını deyərək, bu festivalın bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsinə təkan verəcəyini bildirib: “Festival Lənkəran sakinləri tərəfindən olduqca maraqla qarşılandı. Sakinlərimiz gün ərzində bayram əhval-ruhiyyəsində festivalı ziyarət edirdilər. Regional mədəniyyət idarələrinin bədii kollektivləri, folklor və rəqs qruplarının konsert proqramı festivalı daha da yaddaqalan etdi”.

 

* * *

 

İyunun 30-da Salyan şəhərində, iyulun 1-də Sabirabadda keçiriləcək  “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı digər regionlarda (ümumilikdə regional idarələr üzrə 15 şəhər və rayonda) da davam edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə bütün ölkə boyu təqdim və təbliğ olunacaq.

Xatırladaq ki, ötən illərdə həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi nümayiş olunmuşdu. Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan “Bölgələrdən bölgələrə” festivalı ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə zəmin olacaq.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.8-9.