Ədəbi əlaqələr
xalqlarımızın bir-birini yaxından
tanımasına şərait yaradır
Mədəniyyət
və Turizm Nazirliyində Moldova
nümayəndə heyəti ilə görüş
Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Moldova nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixində Bakıda keçirilən “Moldova ədəbiyyatı günləri”ndə iştirak etmək üçün ölkəmizə gəlib. Nümayəndə heyətinə Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldovalı ədiblər Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov daxildir.
Görüşdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Moldovanın Bakıdakı səfiri Georq Leuka, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edirdi.
Nazir qonaqları salamlayaraq “Moldova ədəbiyyatı günləri”ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirdi. Bildirdi ki, bu cür qarşılıqlı layihələr əməkdaşlığa stimul verir: “Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinin dəvət olunması ədəbiyyat adamlarının bir-birini tanımasına xidmət edir. Bu gün hər iki tərəfin bir-birinin ədəbi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır”.
Əbülfəs Qarayev diqqətə çatdırdı ki, bu gün Azərbaycanla Moldova arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Nazir ölkəmizdə keçirilən mədəniyyət layihələrində Moldovanın aktiv iştirakından məmnunluğunu ifadə etdi. Bildirildi ki, Moldova incəsənət ustaları mütəmadi olaraq Azərbaycanda təşkil olunan beynəlxalq festivallarda iştirak edirlər: “Kitab və mətbuat sahəsində əməkdaşlıq isə bu tanışlığı bir addım da yaxınlaşdırır. İnsanların intellektual inkişafına xidmət edən kitabların və ədəbiyyat adamlarının tanıdılması mühüm əhəmiyyət kəsb edir”.
İki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə hər iki ölkənin səfirliklərinə və Moldova Azərbaycanlıları Konqresinə təşəkkürünü bildirən Əbülfəs Qarayev xalqlarımız arasında oxşar mədəniyyətlərin olduğunu vurğuladı. UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın Novruz bayramı ilə Rumıniya və Moldova respublikalarının milli bayramı olan Bahar günü - Martişor bayramı arasında oxşar xüsusiyyətlər qeyd edildi.
Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postike səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi. O, Bakıda “Moldova ədəbiyyatı günləri” layihəsinin keçirilməsinə göstərdiyi təşəbbüsə görə əlaqədar təşkilatlara minnətdarlıq etdi. Qeyd olundu ki, iki ölkə arasında son 25 ildə siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf edib, Moldovada Azərbaycan diasporu aktiv fəaliyyət göstərir. Georq Postike Moldovada nəşr olunan “Azərbaycan xalçaları” seriyasından təqvimi nazirə təqdim etdi.
Moldovanın Azərbaycandakı səfiri Georq Leuka Azərbaycan Yazıçılar Birliyinə və qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, ədəbiyyat günləri çərçivəsində mərkəzin “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının, Arkadie Suçevyanunun “Qağayı ilə göndərilən məktub” şeir toplusunun, İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabının təqdimatları, habelə Moldova poeziya gecəsinin keçirilməsi planlaşdırılır. Bildirildi ki, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitabların təqdimatı keçiriləcək.
Səfir il ərzində gözlənilən mədəni tədbirlər planı haqqında da məlumat verdi. Bildirdi ki, Moldova sənət ustaları Azərbaycanda keçiriləcək “Muğam aləmi” beynəlxalq festivalına, “İpək Yolu” beynəlxalq musiqi festivalına qatılacaqlar, qarşılıqlı layihələr reallaşdırılacaq.
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov qurum tərəfindən görülən işlərdən söz açdı. Vurğuladı ki, konqres Moldovada fəaliyyət göstərən yaradıcı ittifaqlarla sıx əməkdaşlıq edir.
Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlı olduqlarını bildirdi: “Mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir”. O, Kişineuda Azərbaycan yazıçılarının hekayələrindən ibarət antologiyanın, Xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” romanının nəşr edildiyini dedi.
Görüşün sonunda nazir Əbülfəs Qarayev 65 illik yubileyi və dünya mədəniyyətinə verdiyi töhfələrə görə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanuya, Azərbaycan və Moldova arasında ədəbi və mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova fəxri fərman və hədiyyələr təqdim etdi.
Lalə
Mədəniyyət.- 2018.- 2 mart.-
S.3.