Azərbaycan xalqının qonaqpərvərliyini,
fədakarlığını göstərən ekran əsəri
“Bir ailə” bədii filminin
75 ildən sonra böyük
ekranda təqdimat mərasimi keçirildi
Martın 1-də Nizami Kino Mərkəzində 1943-cü ildə Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə ərsəyə gəlmiş “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirildi. Təqdimat ekran əsərinin ssenari müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin anadan olmasının 110, filmin musiqisinin müəllifi, dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilib.
Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət, elm xadimləri iştirak edirdi.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva çıxış edərək bildirdi ki, 1943-cü ildə Bakı kinostudiyasında istehsal edilən film II Dünya müharibəsində Azərbaycan neftinin rolu və xalqımızın vətənpərvərliyindən bəhs edir. Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və başqaları canlandırıblar. Filmin 75 il sonra gerçəkləşən təqdimatı “Ədibin evi” (Mir Cəlalın İçərişəhərdəki ev-muzeyi) və Nizami Kino Mərkəzinin birgə layihəsidir.
“Ədibin evi”nin direktoru Elnur İmanbəyli çıxış edərək bildirdi ki, görkəmli yazıçı Mir Cəlal bu evdə 1920-1940-cı illərdə yaşayıb. Ev təmir edilərək ailəsi tərəfindən ədibin anadan olmasının 109-cu ildönümündə ev-muzeyi kimi mədəniyyətsevərlərin istifadəsinə verilib. Mir Cəlal onu yazıçı kimi məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox hekayələrini bu evdə yazıb. Hazırda bu ev Mir Cəlalın mədəni irsinin qorunduğu mərkəz kimi fəaliyyət göstərir. Mərkəz mədəni layihələr həyata keçirir və Mir Cəlalın arxivinin toplanması ilə məşğuldur.
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
icraçı katibi, Əməkdar incəsənət
xadimi Cəmil Quliyev filmin yaranma tarixi haqqında məlumat verdi.
Bildirdi ki, hələ
1970-ci illərdə Azərbaycan kinematoqrafçıları
ilə görüşən ulu öndər
Heydər Əliyev “Azərbaycanın kino tarixi xalqımızın salnaməsidir” demişdi. Bu gün bu salnaməni yaradan filmlərdən “Bir ailə” filminin 75 illik yubileyidir. Bu il
görkəmli elm və
mədəniyyət xadimləri
Mir Cəlalın 110, Qara
Qarayevin 100 illik yubileyləri qeyd edilir. 2018-ci il
həm də Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlamətdardır.
Cəmil Quliyev əlavə
etdi ki, film 2008-ci ildə akademik Nərgiz Paşayevanın
təşəbbüsü ilə bərpa olunub, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadan Azərbaycana gətirilib.
Hazırda Dövlət Film Fondunun “qızıl fond”unda qorunur.
Qeyd olundu ki, filmin rejissoru Qriqori Aleksandrov müharibənin qızğın
vaxtında Azərbaycana
filmi çəkmək
üçün ezam edilib. Filmdə Azərbaycan xalqının
Böyük Vətən
müharibəsində misilsiz
xidmətləri əksini
tapıb. Çox cəsarətlə
çəkilən filmdə
“Lenin, partiya, Stalin” mövzusu
yoxdur. Ekran işində müharibə
dövründə Azərbaycan
qadınının şücaəti
də əks olunub. Məhz bu filmdə
ilk dəfə kinosimfonizmdən
istifadə olunub.
Burada musiqi ilə təsvirin vəhdətini
görmək mümkündür.
SSRİ Kinematoqrafçılar
İttifaqının sədri
Bolşakov filmi qəbul etsə də, sonradan ekran əsərinin nümayişi 1953-cü ilədək
qadağan olunmuşdu.
Cəmil Quliyev vurğuladı
ki, bu gün
Azərbaycan kinosu müstəqil inkişaf dövrünü yaşayır
və biz filmimizin 75 illik yubileyini qeyd edirik. O, mədəniyyətin, kinonun
inkişafı üçün
yaradılan şəraitə
görə Prezident İlham Əliyevə dərin təşəkkürünü
bildirdi.
Daha sonra ekran əsəri nümayiş
olundu.
Film vahid
süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Ssenari müharibədə
olan azərbaycanlı
tankçı Nacarın
birgünlük məzuniyyəti
zamanı vurulduğu Katya adlı rus qızına məhəbbəti ətrafında
qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu
isə Xosrov Məlikov ifa edib. Film Qara
Qarayevin bəstəkar,
Mirzə Babayevin aktyor-müğənni kimi
ilk kino işidir.
Sovet arxivlərindən
tapılan sənəddə
filmə qadağa qoyulması ilə bağlı yazılıb:
“Bir ailə” kinofilmində Böyük
Vətən müharibəsi
və həmin müharibədə Kommunist
Partiyasının rolu
kifayət qədər
əks olunmayıb”. Həqiqətən də, Mir Cəlal
Paşayev ssenaridə
müharibənin bütün
yükünün sadə
xalqın üzərinə
düşdüyünü qabartmışdı. Yazıçı
öz çörək
payını da Bakıya təxliyə edilmiş rus, ukraynalı, belarus,
latış və s. millətlərin nümayəndələri
ilə bölüşən
Azərbaycan xalqının
qonaqpərvərliyindən, fədakarlığından bəhs
edirdi...
Lalə Azəri
Mədəniyyət.- 2018.- 2 mart.-
S.2.