Bakı beşinci dəfə
“Muğam aləmi” beynəlxalq
festivalına ev sahibliyi
edəcək
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə 7-14 mart tarixində Bakıda “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın bədii rəhbəri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.
Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlərin təşkili, beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və başqa ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.
Festivalın açılışı martın 7-də Heydər Əliyev Sarayında baş tutacaq. Açılış konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, tanınmış ifaçılar - Gülyaz Məmmədova, Emil Əfrasiyab, Firuz Səxavət, Afaq Abbasova, İlkin Əhmədov və başqaları çıxış edəcək.
7-10 mart tarixində festival çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan qonaqlar iştirak edəcəklər.
10-13 mart tarixində isə Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam müsabiqəsi gerçəkləşəcək. Müsabiqənin münsiflər heyətinə Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistanın tanınmış musiqi xadimləri daxildir. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq.
Festival günlərində Azərbaycan Milli Konservatoriyasında musiqi gecələrinin keçirilməsi də nəzərdə tutulub. Konsertlərdə “Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı tanınmış musiqiçilər - Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcək.
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə isə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.
Festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Ü.Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festivalın qonaqlarına təqdim olunacaq.
Həmçinin Gəncə şəhərində 8-13 mart tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.
Festivalın
bağlanış mərasimi martın 14-də Azərbaycan
Dövlət Akademik Filarmoniyasında olacaq. Gecədə bədii rəhbər
və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi
altında Azərbaycan Dövlət Xalq
Çalğı Alətləri Orkestri,
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı
və Rəqs Ansamblı və muğam
müsabiqəsinin qalibləri çıxış edəcəklər.
Mədəniyyət.- 2018.- 2 mart.-
S.3.