Vətəndaşlığın yolu
haradan başlanır?
Əslində vətəndaşlıq kəlməsinin anlamı çoxdur. Nədənsə ilk eşidilişdə bu kəlmə sırf hüquqi anlayış kimi qəbul edilir. Amma biz bu gün vətəndaşlıq kəlməsinin insan həyatının və düşüncəsinin daha geniş, daha dərin qatlarını əhatə edən tərəfinə toxunacağıq. Üstəlik, total informasiya savaşının, həyatımızın hər anına, hər sahəsinə nüfuz edən yad bilgi və dünyagörüşləri seli qarşısında bizi çarəsiz olmağa, acizləşməyə qoymayacaq Vətəndaşın Mənəvi Tərbiyəsinin ilk baxışda nəzərə çarpmayan aspektlərindən söz açacağıq.
Bu yazının ilk abzasını oxuyub hövsələsi tükənənlər qəzetin səhifəsini çevirə, yaxud internetdə daha cəlbedici ifadələrlə oxucu toplamağa hesablanmış yazılara baxa bilərlər. Yalnız bircə şərtimiz var: əgər azyaşlı övladınız varsa, ya da işiniz bilavasitə uşaqlar və yeniyetmələrlə bağlıdırsa, onda hövsələnizi basın. Bu yazı sizə ünvanlanıb.
* * *
Müdriklərdən biri deyib ki, övladınıza xərcləyə biləcəyiniz pulun məbləğini iki dəfə azaldın, ona ayıra biləcəyiniz vaxtı isə iki dəfə artırın. Maraqlı yanaşmadır, elə deyilmi? Bəs biz necə hərəkət edirik?
Gəlin, mücərrəd suallarla özümüzü yormadan, ümumi cavablarla uzunçuluq etmədən konkret nümunə ilə sözümüzə davam edək.
Ailənin mövqeyi
...Səkinə ilə Vüqar 15 ildir ki, evlidirlər. İki övladları var: 13 yaşlı Nigar və 11 yaşlı İlqar. Hər iki valideyn işləyir. Vüqarın özü demişkən, nə gecəsi var, nə gündüzü, nə şənbəsi var, nə də bazarı. Səkinə ona baxanda şükürlüdür. Heç olmasa, axşam saat altıdan sonra evdədir, həftəsonu da işləmir. Artıq özlərinə qulluq göstərə biləcək yaşda olmasına baxmayaraq, uşaqların dayəsi var (?). Qəribədir? Valideynlər bunun səbəbini belə izah edirlər: vaxtımız yoxdur, işləyirik axı! Uşaqlar dərsdən gələndən sonra mütləq evdə onların qarşısına isti xörək qoyan (?), tökdüklərini yığan (?), ev tapşırıqlarını yerinə yetirmələrinə, fənn hazırlığına vaxtında gedib-gəlməyinə nəzarət edən bir nəfər olmalıdır. Valideynin narahatlığını, hələ yeniyetmə çağından övladlarının müstəqil həyatda ayaq üstə durmalarını düşünməyini alqışlamaq lazımdır. Bəli, uşaq yaxşı təhsil almalıdır. Əgər məktəbdəki proqramdan axsayırsa, ona təkan vermək lazımdır. Bəli, qaynar şəhər həyatında keçid dövrünü yaşayan uşağı tam nəzarətsiz qoymaq olmaz.
...Səkinə xanımla indiki zəmanədə şəhər yerində uşaq tərbiyə etməyin çətinliyindən şikayət dolu söhbətin arasında soruşuram:
- Nigar incəsənətin hansı sahəsi ilə maraqlanır?
- Nə bilim... Deyəsən, türk estradasına çox qulaq asır...
Bu arada divanın bir küncündə əyləşib əlindəki planşetdən gözlərini ayırmayan, qulaqlıqlarından zəif də olsa, ətrafa süzülən mızıltı-ritm qarışığından belə başa düşürəm ki, Nigar qızımızın musiqi (əgər buna musiqi demək olarsa) zövqü barədə anasının məlumatı kasaddır.
- Bəs İlqar? Yəqin futbolu sevər...
- Nə bilim...
Düzü, əvvəllər çox maraqlanırdı. Hətta bir ara istədi ki,
futbolla məşğul olsun. Biz qoymadıq.
Qoy özünə əməlli karyera qursun.
Sonra neçə dəfə atasına dedi ki,
“Qarabağ”ın oyununa apar məni. Yazıq Vüqarın
vaxtı var ki!.. Səhər
tezdən çıxır, gecə qayıdır.
Uşaqların gələcəyini düşünür də...
İstəyirik ki, onlar biz çəkən əziyyətləri
görməsinlər.
Rəfiqəmin gətirdiyi
arqumentlər ilk baxışda daşdan keçərli
görünür. Amma əslində bəhanədən
başqa heç nə deyil. Axı,
övladı yedirib-içirtmək, əyləncə mərkəzlərində
vaxt keçirmələrinə para xərcləmək, istədiyi
brend paltarı geyindirmək, yaşıdlarında hələ
olmayan son model planşet, smartfon almaq, xarici dil öyrənməsinə
bir ətək pul tökmək - hələ onun həyatda
uğurlu insan olacağına zəmanət vermir. Arada uşaqlar analarına yaxınlaşıb istəklərini
deyirlər. Bütün istəklər “al”, “ver”, “et”,
“istəyirəm”lə bitir, cavablar da təsdiq
formasındadır: “alaram”, “edərəm”... Bircə dəfə
feilin qeyri-qəti gələcək zamanı işlədilir:
“atana deyərəm”.
Bəxtim gətirir,
Səkinə çayları təzələmək
üçün mətbəxə keçir. Mən isə uşaqları dilə tuturam. Hər ikisi başını planşetdən
qaldırmadan suallarıma dodaqucu cavab verir. Məlum olur
ki, Nigar axırıncı dəfə yay tətilində kitab
oxuyub, İlqar isə bir az da irəli gedib
deyir ki, indi heç kim kitab oxumur, hamı elektron variantdan
istifadə edir. Elədə soruşuram ki, bəs
planşetdə hansı kitabı oxuyur. Oğlan,
deyəsən, sualımı eşitmir. Qəfil
bağırtısından anlayıram ki, bayaqdan bacısı
ilə hansısa internet oyununda yarışırmış,
axır ki, qələbə çalıb!..
Həkimin mövqeyi
Pakizə xanım illərin
uşaq həkimidir. Bugünkü uşaqları, yeniyetmələri
onun qədər həm daxildən (sözün həqiqi və
məcazi mənasında), həm də xaricdən
yaxşı tanıyan elə uşaqları çox sevən
illərin həkimi ola bilər.
- Hər gün neçə
uşağa baxıram. Qəbula gələn
balacaların müayinə, iynə qorxusunu azaltmaq
üçün onları söhbətə tuturam ki,
başı qarışsın. Bağçaya,
hazırlıq sinfinə getməyən məktəbəqədər
yaşlı hər on uşaqdan biri nə şeir bilir, nə
də onacan saymağı. Amma gəl, hərf
tanımaya-tanımaya telefonla internetə qoşulur, “Maşa və
Ayı”nı, daha nələri tapır, əlindən
almasan, saatlarla videoya baxır. Analar da sevinirlər
ki, uşağın səsi çıxmır, qulağım
dincdir. Bu gün gənc valideynlər
uşaqla məşğul olmağa tənbəllik edirlər.
Hərdən məsləhət görürəm
ki, uşağın başını qatmaq üçün
mobil telefondan, televizordan başqa da nələrsə var. Məsələn,
arada uşağı kukla teatrına aparın. Bir də
görürsən ki, belə cavab eşidirəm: “maraqlı
deyil axı...”. Deyirəm ki,
əlbəttə, sənin üçün maraqlı deyil.
Amma balaca üçün maraqlıdır.
Yəni uşağın xətrinə 40 dəqiqə
nağıla baxmaq belə çətindir? Susurlar. Bəzisi isə bəhanə gətirir:
“Uşaq qorxar...”. Məgər
əsl nağıl qəhrəmanları internet oyunlarında
gördükləri əcaib Pokemon, Spaydermen, Şrek və
adını bilmədiyim, qəddarlıq, biganəlik
aşılayan “qəhrəmanlardan” da eybəcər və
qorxuncdurlar? Yox. Övladın
hərtərəfli tərbiyəsini yalnız
bağçanın, məktəbin boynuna atmaq olmaz. Gələcək vətəndaşın
dünyagörüşünün, həyat dəyərlərinin
təməli ailədə qoyulur.
Müəllifin mövqeyi
Uşaq və gənclərin,
xüsusilə yeniyetmələrin fiziki və mənəvi
inkişafı mövzusunda yazı hazırlamaq istəyəndə
müxtəlif insanların fikirləri ilə maraqlandım.
Təbii ki, qəzetimizin profilinə və
öz mövzu dairəmə uyğun olaraq fiziki inkişaf məsələsinə
toxunmadan mənəvi inkişaf istiqamətini seçdim.
Düzdür, bugünkü uşaqlar, sabahın gəncləri
barədə ətrafdakıların çoxu təxminən
oxşar fikir söylədilər: “Bugünkü uşaqlar
daha biliklidir”, “Biz onların yaşında olanda dünyadan xəbərimiz
yox idi”, “İndikilər texnika və texnologiyaya daha tez bələd
olurlar”, “İngilis dilində yaxşı danışırlar”
və bu sayaq fikirlər.
Şübhəsiz
ki, sadalanan xoş fikirlər ilə toxunmaq istəmədiyim mənfi
münasibət arasında yaxşılar daha çoxdur.
Bəli, məktəb proqramını həm tədris
ocağında, həm də repetitor ilə ikiqat qüvvə
ilə öyrənən, ən böyük məqsədi ali məktəbə yüksək balla qəbul
olmaqdan ibarət yeniyetmələrin yaş və təhsil səviyyəsinə
uyğun savadına şübhəmiz yoxdur. Lakin bir məqam
diqqəti çəkir: bugünkü yeniyetmələr dərs
proqramına daxil olmayan, ümumi dünyagörüşü
yaradan biliklərdən uzaqdırlar. Yəqin ki,
milli televiziya məkanında yayımlanan, yuxarı sinif
şagirdləri və aşağı kurs tələbələri
üçün nəzərdə tutulan “Mən azərbaycanlıyam”
və digər intellektual yarışlara tamaşa edirsiniz.
Dəfələrlə görmüşük ki, hətta
500-600 balla ali məktəbə qəbul
olan tələbələr ümumi mövzu, mədəniyyət
və incəsənətə dair ən primitiv suallarda
axsayırlar. “Bəxtiyar” filmini görməyən, Üzeyir bəyin
operetta qəhrəmanlarını tanımayan, baba və nəvə
Müslüm Maqomayevləri qarışdıran, Səttar Bəhlulzadənin
hansı sənətin sahibi olduğunu deyə bilməyən
yeniyetmə, gənc ana dilindən başqa daha iki dili yüksək
səviyyədə bilsə də, Azərbaycan mədəniyyətini
necə təbliğ edəcək? Hansı bədii
əsəri oxuduğu, nə vaxt teatrda olduğu yadına
düşməyən gənc Azərbaycan mədəniyyətinin
daşıyıcısı missiyasının öhdəsindən
necə gələcək?
Əslində bu məsələdə
12-16 yaşlıları çox da qınamaq olmur. Gəlin, kitab mağazalarını gəzək.
Uşaq ədəbiyyatı bölümündə
istənilən qədər nağıl, xarici ədəbiyyatdan
çevirmələr, yeni müəlliflərin kitabı var.
Bəs yeniyetmələr öz yaşlarına uyğun nəyi
oxusunlar? Bir zamanlar kitabxanalarda Azərbaycan
və sovet yazıçılarının bu yaş qrupu
üçün xeyli kitabına rast gəlirdin. Təəssüf ki, həmin əsərlər məhz
“sovet məktəblisi necə olmalıdır” ideyasına xidmət
etdiyindən dövran dəyişəndə öz
aktuallığını itirdi.
Ya da Bakıdakı
teatrların repertuarına nəzər salaq. Afişalardan oxuduğumuz gündüz
tamaşalarının adlarını yada salaq.
“Göyçək Fatma”, “Qaraca qız”, “Çipollino”,
“Karlson”, “Qırmızıpapaq”... Bütün
bu tamaşalar məktəbəqədər və
kiçikyaşlı məktəblilər
üçündür. 13-16
yaşlılara bu nağıllara baxmağı təklif etmək
isə ən azı, gülüncdür. Digər tərəfdən,
qəhrəmanları 14-15 yaşında olan “Romeo və
Cülyetta”, “Leyli və Məcnun” kimi klassik əsərləri
dərk etmək də indiki yeniyetmələrlik deyil. Halbuki,
Orta əsrlərdə insan ömrü 50-60 il
olduğundan 14-15 yaşlılar yetkin insan, ailə qurmağa
hazır şəxs sayılırdılar. Sinyora Kapulettinin
evlilik barədə qızına dediklərini xatırlayaq: “Sən
yaşda olanda artıq səni doğmuşdum”. Amma
XXI əsr uşaqlarının platonik məhəbbətə
münasibəti fərqlidir və üstəlik,
qadın-kişi sevgisini tərsindən anlamaları isə
arzulanan deyil. Bəs bu yaş
dövrünü yaşayan nəsil - indi dəbdə olan
sözlə desək, tineycerlər nəyə baxsınlar, nəyi
oxusunlar? Belə çıxır ki, bizim
teatrlar 10-11 yaşında itirdiyi tamaşaçının
yenidən 18 yaşında salona qayıtmasını istəyir.
Bəs bu, nə dərəcədə
mümkündür? Virtual oyunlar, sürətlə
yeniləşən kompüter texnologiyası artıq bu
yaş qrupunu əlimizdən alır.
Belə
çıxır ki, biz Azərbaycanı tanımaq, milli ədəbiyyata
və incəsənət tarixinə yaxşı bələd
olmaq, dünyagörüşünün aktiv genişlənmə,
şəxsiyyət və vətəndaş kimi formalaşmaq
dövrünü yaşayan nəsli itiririk. Bəzən isə bu itki artıq fizioloji baxımdan
baş verir.
Beyinin və qəlbin
mənəvi tələbatı mədəniyyət və ədəbiyyat
tərəfindən ödənilmədikdə yaranan
boşluğu radikal dini fikirlərin, bədbin
düşüncənin doldurmayacağına, hər şeyin
maddiyyata bağlılığına inandığından
maddi istəklərinin ödənilməməsinin depressiyaya,
tərki-dünyalığa, intihara aparıb
çıxarmayacağına zəmanətmi var? Bəs nə etməli?
Yəqin ki, bundan
ötrü xüsusi inkişaf proqramı
hazırlanmalıdır. Təhsil Nazirliyi
məktəb psixoloqları ilə birlikdə nəinki yeniyetmələr,
həm də onların valideynləri üçün
xüsusi proqramlar tərtib etməlidir. Milli
Televiziya və Radio Şurası, mədəniyyət sahəsi
üzrə müvafiq qurumlar, Yazıçılar Birliyi,
teatrlar, informasiya texnologiyaları ilə bağlı təşkilatlar
proqrama qoşulmalıdır. Bu
günün yeniyetmələrini maraqlandıracaq əsərlər
yazılmalı, onların diqqətini çəkən
tamaşalar qoyulmalı, teleproqramlar hazırlanmalı,
faydalı kompüter proqram və oyunları icad edilməlidir.
Bizcə, vətəndaşlığın
yolu haradan başlanır sualına cavab verə bildik.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2018.- 2 mart.-
S.12.