“Mənə Bakıdan qəzet gətirin...”

 

 

   O, Azərbaycana gənc bir diktor kimi gəlmişdi. Uzun illər radio dalğalarından məlahətli səsi ilə evlərimizə qonaq olmuş, hər kəsin qəlbində aydın diksiyası, şirin ləhcəsi ilə qalmışdı. Amma öz vətəninə alim kimi dönmüşdü. Bu yazıda kərküklü diktor, tərcüməçi, tədqiqatçı Sinan Səidin ömür yolundan söz açacağıq.

   Sinan Səid 1934-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Bağdad radiosunda işə düzəlir. Həmin dövrdə Azərbaycan RadioTeleviziya Komitəsində beynəlxalq radionun ərəb şöbəsi yaradılır. Ərəb və türk dillərini yaxşı bilən mütəxəssisə ehtiyac duyulur. Gənc Sinan bu tələblərə cavab verdiyi üçün Azərbaycana dəvət olunur. Bakıya yola düşən Sinan Səidi hava limanında Teleradio komitəsində baş redaktor işləyən Muxtar Hacıyev qarşılayır. Gələn qonağın ərəb olacağına heç kim şübhə etmir. Ancaq o, içəri keçərkən deyir: “Bəyim, mən Sinan Səidəm. Mən də sizin kimi türkəm. Bizə orada inqilabdan sonra türkmən deyirlər. Amma əslində mən Kərkük türküyəm, bununla da fəxr edirəm”.

   S.Səid ərəb dilində həftəlik proqramı səsləndirməklə yanaşı, xəbərləri oxuyur və Azərbaycanın tanınan yazarlarının əsərlərini ərəb dilinə tərcümə edir. İşləyə-işləyə 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alır. 1969-cu ildə Bakıda “İraq-türkman mətbuatı və ədəbi məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

   S.Səidin yaxın dostu mərhum yazıçı-jurnalist Nahid Hacızadə xatirələrində yazır: “Axşamlar Sinan Səid çay qoyurdu. Hərdən dodaqaltı şirin, bir az da qəmli mahnılar oxuyurdu. Bir mahnısı məni tutdu: “Ninni, yavrum, ninni”...

   Bir dəfə ona dedim:

   - Sinan, gəl bu mahnını lentə yazdır, efirdə səslənsin.

   Sinan Səid tutuldu:

   - Bəyim, sən nə danışırsan? Mən diktoram, gülərlər mənə. Sən bir görəydin, eşidəydin, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər”...

   Sonradan radiostudiyada xor ansamblının konsert məşqi zamanı solist Nərminə Məmmədovanın ifasını bəyənən türkmən diktorNinni, yavrum, ninni” mahnısını müğənni ilə duet oxuyaraq lentə yazdırır. Bir neçə mahnı da əlavə olunaraq “Kərkük-İraq mahnıları” adı ilə ictimaiyyətə təqdim edilir.

   1970-ci ildə S.Səidlə bağlanan xidməti müqavilənin müddəti başa çatır və İraqa qayıdır. Həmin il Bağdad Universitetində işə düzəlir. 1975-1980-ci illərdə Jurnalistika fakültəsinin dekanı işləyir. Eyni zamanda tərcüməçiliklə də məşğul olur. Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi sahəsində uğurla fəaliyyət göstərir. Süleyman Rəhimovun “Ataoğullar" hekayələr toplusunu, həmçinin “Molla Pənah Vaqif”, “Mirzə Ələkbər Sabir”, “Cəlil Məmmədquluzadə” monoqrafiyalarını ərəb dilinə tərcümə edir. Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək, geniş müqəddimə ilə “Ərəb ellərinə Azərbaycan nəğmələri” adlı (1971) kitabını çap etdirir.

   Araşdırmalarda qeyd olunur ki, Azərbaycan, Türkiyə və başqa türkdilli ölkələrdən Bağdada gedənlər mütləq S.Səidin qonağı olarmış. O da hər dəfə böyük eşqlə gəncliyinin şahidi olan Bakıdan söz açarmış. Onun Bakıdan gələnlərdən maraqlı xahişi də olarmış: “Ədəbiyyat qəzeti”nin nüsxələrini gətirsinlər”. Çünki o burada yaşadığı illər ərzində bu qəzeti daim oxuyub və oradakı maraqlı yazıları ərəb dilinə tərcümə edib. Bakıdan gələn qonaqlarını Bağdadı iki yerə bölən Dəclə çayının sahilinə apararora qızıl pul atmasını xahiş edərmiş. Bu da o demək idi ki, əfsanəyə görə, Dəclə çayına qızıl sikkə atanlar bir daha o şəhərə qayıdarmış. O, əslində, Azərbaycandan olan bir qonağın bura yenidən qayıtmasını arzu etməklə Bakını yenidən yaşamaq istəyib...

   Sinan Səid 1990-cı ildə Bağdad şəhərində vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 2 mart.- S.14.