Bakıda “Muğam aləmi”
V Beynəlxalq Muğam Festivalı
başlanır
Festivalda 15-dən
çox ölkə iştirak edəcək
Martın 7-də
Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı
və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı başlanır.
Martın 14-dək davam edəcək
festival çərçivəsində Bakı və Gəncə şəhərlərində
Azərbaycan və xarici ölkə musiqiçilərinin iştirakı
ilə konsertlər, beynəlxalq elmi simpozium və muğam müsabiqəsinin
keçirilməsi nəzərdə
tutulub. Festivalın bədii rəhbəri
Xalq artisti, Bəstəkarlar İttifaqının
sədri, professor Firəngiz
Əlizadədir.
Tədbirlərdə
iştirak etmək üçün Türkiyə,
Moldova, Polşa, İran,
İraq, Özbəkistan,
İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş,
Gürcüstan, Hindistan,
İsrail və digər ölkələrdən
musiqiçi və münsiflər heyəti dəvət olunub.
Festivalın açılış mərasimi martın 7-də
Heydər Əliyev Sarayında reallaşacaq.
Tədbirdə tanınmış
kollektivlər - Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı
İmanova), Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster Cəmilə Bayramova), Bakı Xoreoqrafiya Akademiyasının tələbələri
və solistlər - Gülyaz Məmmədova, İlkin Əhmədov, Afaq Abbasova, Anton Fernştat, Sahib Paşazadə,
Toğrul Əsədullayev
və başqaları
iştirak edəcəklər.
Azərbaycan Milli Elmlər
Akademiyasında martın
7-10-da “Muğam ənənəsi
elm və incəsənət
qovşağında” mövzusunda
beynəlxalq simpozium keçiriləcək. Tədbirdə
Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər.
Azərbaycan Milli Konservatoriyasında
10-13 mart tarixində beynəlxalq
muğam müsabiqəsi
təşkil olunacaq.
Müsabiqə iştirakçılarını
Azərbaycandan münsiflər
heyətinin sədri, Xalq artisti, professor Siyavuş Kərimi, Polşadan Piotr Pucylo, Türkiyədən
Mehmet Bitmez, İrandan Fərhad Fəxrəddini və Tacikistandan Abduvali Abduraşidov kimi musiqi mədəniyyətinin
görkəmli nümayəndələri
qiymətləndirəcəklər. Müsabiqə instrumental və vokal
bölmələri üzrə
aparılacaq. Konservatoriyada, həmçinin musiqi gecələrinin keçirilməsi
də nəzərdə
tutulub. Konsertlərdə
“Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı
görkəmli sənətçi
və tanınmış
musiqiçilər - Mənsum
İbrahimov, Ənvər
Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran
Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə birgə çıxış edəcəklər.
Beynəlxalq Muğam Mərkəzində
keçiriləcək konsertlərdə
“Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”
və “Hümayun” muğamları istedadlı
ifaçılar - Elnur
Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən
tamaşaçılara təqdim
olunacaq.
Festival günlərində
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri,
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə
də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət
Xor Kapellasının,
Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının,
“Cəngi” etno-caz qrupunun çıxışları
da nəzərdə tutulub.
Martın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Firəngiz Əlizadənin
“Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası
təqdim olunacaq.
Tamaşa ilk dəfə
2017-ci il mayın 18-də Fransada,
UNESCO-nun mənzil-qərargahında, Azərbaycan şairi Nəsiminin edamının
600 illiyinə həsr
edilmiş tədbirdə
nümayiş etdirilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
səhnəsində Üzeyir
Hacıbəylinin “Koroğlu”
operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı
əsəri əsasında
“Leyli və Məcnun” marionet tamaşası festival günlərində
qonaqlar üçün
təqdim olunacaq.
Gəncə şəhərində martın 8-13-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.
Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Gecədə Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsinin qalibləri çıxış edəcəklər.
Mədəniyyət.- 2018.- 7 mart.-
S.2.