Mədəniyyət və turizm
əməkdaşlığı müzakirə olunub
Nazir Əbülfəs Qarayev
Qazaxıstan və İndoneziya səfirləri
ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 8-də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beibit İssabayev ilə görüşüb.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.
Nazir 2017-ci ildə xarici ölkələrdən Azərbaycana gələn turist sayının 20 faiz artdığını diqqətə çatdıraraq bu artımda Qazaxıstan vətəndaşlarının da payının olduğunu bildirib. Qeyd olunub ki, Qazaxıstandan ölkəmizə 37 minə yaxın turist səfər edib.
Görüş zamanı həmçinin, Qazaxıstanın paytaxtı Astananın 20 illik yubiley tədbirlərində Azərbaycanın təmsil olunması, 2019-2020-ci illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
* * *
Nazir Əbülfəs Qarayev İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani ilə də görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələlərindən söz açılıb.
Səfir 2016-2017-ci illərdə Azərbaycanda keçirilən İndoneziya mədəniyyət festivalının təşkilində dəstəyə görə təşəkkürünü bildirib və bu ilin sentyabr ayında bu festivalın yenidən keçirilməsinin planlaşdırıldığını deyib. O, nazirlik tərəfindən bu festivala yenidən dəstək göstərilməsini xahiş edib.
Əbülfəs Qarayev nazirliyin mədəniyyət sahəsində keçiriləcək tədbirlərə müvafiq dəstəyin göstərilməsinə hər zaman hazır olduğunu vurğulayıb.
Səfir ölkəmizin turizm potensialına toxunaraq İndoneziyanın turizm şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı layihələrinin olduğunu bildirib.
Nazir İndoneziya ilə bu sahədə fəal əməkdaşlıq etməyə hazır olduğunu və bu məqsədlə aidiyyəti şəxsləri təlimatlandıracağını bildirib.
Mədəniyyət.- 2018.- 7 mart.-
S.4.