Moldovadan gələn söz çələngi

 

   Ötən həftə paytaxtın mədəni həyatı bir zamanlar qırılmış ədəbi əlaqələrin bərpasına yönəlmiş təşəbbüsün reallaşması ilə əlamətdar oldu. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə martın 1-dən 3-dək davam edən Moldova ədəbiyyatı günləri maraqlı görüşlərlə yadda qaldı.

   Moldova Yazıçılar İttifaqının sədri Arkadi Suçevyanunun da yer aldığı heyətin ilk rəsmi görüşü Mədəniyyət və Turizm Nazirliyində keçirildikdən sonra qonaqlar Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda görüşə toplaşdılar.

   Görüşdə AYB-nin sədri, Xalq yazıçısı Anar Azərbaycan ilə Moldova arasında ədəbi əlaqələrdən danışdı, ədəbiyyat günlərinin təşkilinə dəstək göstərdiyinə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova AYB-nin fəxri üzvlük vəsiqəsini təqdim etdi.

   Moldovanın ölkəmizdəki səfiri George Leuka, Moldova Yazıçılar İttifaqının sədri Arkadi Suçevyanu və digər çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətindən söz açdılar, iki ölkənin ədəbiyyat nümunələrinin qarşılıqlı olaraq tərcüməsinin mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi vurğulandı.

   Martın 1-də axşam, Milli İncəsənət Muzeyində tanınmış şair Arkadi Suçevyanu, Nikolae Spetaru, Leo Butnarubaşqa şairlərin şeirlərinin yer aldığı “Qağayı ilə göndərilən məktub” poeziya toplusunun təqdimatı keçirildi.

   Martın 2-də Bakının tarixi və görməli məkanları ilə tanış olan, Mertsişor milli bahar bayramını səfərdə qeyd edən qonaqlarla bir də ayın 3-də Milli Kitabxanada görüşdük. Həmin gün məşhur yazıçı İqor Volnitskinin Azərbaycan dilinə tərcümə edilmiş “Mənə ölməyi öyrət” romanının təqdimatı və imza günü baş tutdu.

   Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq, Bakıda Moldova ədəbiyyatı günlərinin keçirilməsini hər iki ölkənin mədəni həyatında əhəmiyyətli hadisə kimi dəyərləndirdi. Moldovadakı diaspor təşkilatımızın başçısı Vüqar Novruzov da Sovet İttifaqı dağılandan bəri bir-birinin mədəni həyatından aralı qalmış, həm də Qarabağ və Dnestryanı hadisələri üzündən oxşar tale yaşayan Azərbaycan və Moldova arasında münasibətlərin bərpasına ehtiyacın olduğunu söylədi. Öyrəndik ki, təqdim edilən “Mənə ölməyi öyrət” romanı əvvəlcə rus dilinə, sonradan da Azərbaycan dilinə məhz Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə çevrilib. Yaxın zamanlarda isə təşkilatın dəstəyi ilə Moldovada Azərbaycan ədəbiyyatı günləri keçiriləcək, bizim ədiblərin əsərlərinin rumın dilinə tərcüməsi davam edəcək.

   Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu təqdim olunan kitab barədə söz açaraq söylədi ki, roman postsovet məkanı ölkələrinin xalqları üçün maraqlıdır. Ömrünü imperiya maraqlarını qorumağa həsr etmiş, bütün doğmaları baş qəhrəmanın qol qoyduğu fəlakətlərin acısını çəkən bir qocanın taleyindən bəhs edən romanı Azərbaycan dilinə Azad Yaşar çevirib, kitabın redaktoru Seyfəddin Hüseynlidir.

   Tədbirdə Moldovanın səfiri George Leuka, Arkadi Suçevyanu, AYB-nin katibi Rəşad Məcid çıxış etdilər. Artıq romanla tanış olmağa imkan tapmış tədbir iştirakçıları isə müəllif İqor Volnitskiyə əsərlə bağlı suallarını ünvanlayıb, təəssüratlarını bölüşdülər.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.7.