“Cənab 420”...
ingilis şlyapası və yapon
başmaqları
Əsl adı Ranbir Rac - dünyaca məşhur aktyor, rejissor, prodüser və ssenarist Rac Kapur.
Sovet dövründə kinosevərlərin Hindistanın
kino sənəti ilə tanışlığı
“Avara” filmi ilə başlamışdı.
Həmin
ölkənin incəsənət
xadimləri 1954-cü ilin
sentyabrında ilk dəfə
Moskvada keçirilən
hind filmləri festivalına
bu ekran əsərini də gətirmişdilər. Film
rejissorun gözlədiyindən
də artıq müvəffəqiyyət qazanmışdı.
Rac Kapur o vaxt zarafatla belə demişdi: “Mənim “Avara”m burada özünə mənzil və dost tapdı”.
Azərbaycanın
kinosevərləri isə
1955-1956-cı illərdə əvvəlcə “Avara”, sonra “Cənab 420” filmlərinə “Nizami” və “Vətən” kinoteatrlarında saatlarla növbəyə dayanıb,
bilet aldıqdan sonra baxa bilmişdilər.
Hər iki film tamaşaçıları
ovsunlamışdı. «Avara» filmindəki
mahnının melodiyası
və Rac Kapurun adı dillər əzbəri oldu. Gənclər o melodiyanı həvəslə
hər yerdə oxuyurdular. Qızlar isə filmin
ikinci qəhrəmanın
yaradan aktrisa Nərgizə (Fatimə Rəşid) məftun olduqlarını gizlətmir
və ona oxşamağa çalışırdılar.
O vaxtlar R.Kapurun filmləri seyrçiləri
sanki möcüzəli
bir aləmə aparırdı. Həmin aləmin təravəti, saf hisləri indi də xatirələrdə
yaşayır...
Rac Kapur 1924-cü il
dekabrın 14-də Peşəvarda
doğulub. Atası Prithvirac Kapur
məşhur aktyor və teatr rejissoru
olub. Kiçik yaşlarından sənət aləminə
daxil olan Rac «Rancit» kinostudiyasında
rejissor assistenti kimi işə başlayıb. Eyni zamanda
atasının yaratdığı
“Prithvi Theatres” truppasında
aktyor olub. O,
1935-ci ildə 11 yaşında
ilk dəfə «Zəlzələdən
sonra» filminə çəkilib. 1943-cü ildən başlayaraq filmlərdə epizodik rollara, 1946-cı ildə isə «Valmiki» filmində baş rola dəvət alıb. Daha sonra bir-birinin ardınca «Mavi lotos», «Çittaridə qələbə», «İstəkli
xanım», «Məhkum olunmuş» (V.Hüqonun «Səfillər» romanı əsasında) və s. ekran əsərlərində
müxtəlif səpkili
rollar oynayıb. Kapur aktyorluq karyerası dövründə ümumilikdə
70-dən çox filmə
çəkilib.
Aktyorluqdan rejissorluğa
Lakin o, uşaqlıqdan rejissor olmaq istəyirdi. 1947-ci ildə 23 yaşlı gənc Bombeydə «Rac Kapur-films» studiyasını yaradır.
Həmin günləri
o, belə xatırlayırdı:
“Başlanğıcda əməkdaşlarımızın
sayı az idi. İşçilərin və maliyyənin
çatışmazlığını ruh yüksəkliyi ilə əvəz edirdik. Çəkiliş zamanı bütün
günü işləyirdik,
bəzən yeməyi
və istirahəti də unudurduq. Rəssam, bəstəkar və fəhlələr eyni vaxtda kütləvi səhnələrdə iştirak
edir, bəzən kiçik rolları da oynayırdılar”.
Kapur isə qəhrəmanları
oynamaqdan əlavə,
ssenarist, rejissor, prodüser və inzibatçı vəzifələrini
də icra edirdi. Çəkilişlərdə tərəf-müqabili olan gözəl, lirik aktrisa Nərgiz
ona həmişə kömək edirdi. Əvvəlcə «Alov» (1948), sonra
isə «Yağış
mövsümü» (1949) filmlərini
çəkən Kapur
məhəbbət və
ehtiram mövzusunu sənətə gətirməklə
yaradıcılıq istedadını
nümayiş etdirir, mütəxəssislərin və
tamaşaçıların diqqətini özünə
cəlb edə bilir.
“Yağış
mövsümü”ndə Kəşmir
vadisinin gözəl mənzərələri, bəstəkarların
ürəyəyatımlı nəğmələri filmə
xüsusi rəng qatırdı. Bundan əlavə,
Kapurun aktyorluq traktovka üslubu, xüsusilə romantik məhəbbət səhnələri
filmi son dərəcə
baxımlı edirdi.
Pakistan qaçqınlarının
taleyindən bəhs edən bu kinolent
çəkiliş qrupuna
böyük məbləğdə
gəlir qazandırmışdı.
Gənc kollektivə yaradıcılıq
uğuru gətirən
ekran əsəri onu daha böyük
film üzərində işləməyə
sövq edir.
1951-ci ildə Rac Kapur
ikiseriyalı “Avara” filmini çəkmək qərarına gəlir.
İfaçıları çox axtarmalı
olurlar. Racın atası hakim Raqunatın
roluna aktyor tapmaq xüsusilə çətin olur. Bu
barədə Kapur belə demişdi: “Atamı həmin obrazda görmək təbii olardı. Ancaq mən cəsarət edib ona - hind kinosunun veteranına bu rolu təklif
edə bilməzdim.
Nəticədə təkcə atamı
yox, babamı da filmə çəkilməyə
razı saldım”.
“Avara” filmi üzərində iş üç il
davam etdi. Film başa çatmamış
vəsait qurtardı.
O zaman Kapur və Nərgiz digər kinoşirkətlərin
filmlərinə çəkilməyə
başladılar. Qazanılan pulları
isə öz filmlərinin ehtiyacına xərcləyirdilər.
Kapurun filmləri dünya ekranlarına çıxır
«Avara»
filmi Hindistanda böyük müvəffəqiyyət
qazandıqdan sonra dünyada, o cümlədən
SSRİ-də ekranlara
yol tapır. Geniş tamaşaçı rəğbətini
qazanan film rejissora dünya şöhrəti
gətirir və
1953-cü ildə Kann
kinofestivalının «Qızıl
palma» mükafatına
layiq görülür.
Həmin
ildən etibarən Bombeydəki balaca studiyaya müxtəlif ölkələrdən turistlərin
axını başladı.
O zaman Kapur haqqında çox danışır və yazırdılar, onu Çarli Çaplinlə
müqayisə edirdilər.
Fransız kinoşünası
Jorj Sadul yazırdı: “Rac Kapur dünyası öz bədbəxt qəhrəmanı və əhatəsində olan sadə, təmizqəlbli insanlarla bərabər, eyni zamanda vicdansız
polis məmurları, varlı,
boynuyoğun ağaları
və gözəl xanımları ilə Çaplinin dünyasına
çox bənzəyir”.
Qazanılan uğurdan ruhlanan
Rac Kapurda yeni ikiseriyalı “Cənab 420” satirik komediyasına quruluş vermək həvəsi yaranır. Çəkilişləri
1955-ci ildə başa
çatan bu film də bir növ
“Avara”nın davamı idi. Racın yaratmış olduğu balacaboy, yöndəmsiz geyimli, başına ingilis şlyapası qoymuş, ayağına yapon başmaqları geymiş safürəkli, nikbin xasiyyətli və gələcəyə
ümidlə baxan adamı tamaşaçı
qəlbən sevir və ona rəğbət
bəsləyir.
Filmdə sosial ədalətsizliyə
qarşı səsini
ucaldan Rac məzlumların müdafiəçisi
kimi çıxış
edir. Şəhərə qazanc dalınca
gələn qəhrəman
insanlar arasındakı
qeyri-bərabərliyi görür
və bu vəziyyət onu çox narahat edir. Xalqın zəhməti hesabına
varlanan, günlərini
restoran və kazinolarda keçirən, şişman bədənli,
piyləşmiş sifətli
adamları görmək
artıq onu bezdirir. Bir müddət sonra
Rac şəhər mühitindən üz döndərərək ata
ocağına dönmək
qərarına gəlir.
Son kadrlarda Rac
yolboyu oxuya-oxuya «apar məni, yapon başmaqları, mən doğma kəndimə qayıtmaq istəyirəm» - deyir.
Mahnı
və rəqslərlə
zəngin olan «Cənab 420» filmi Benqal Kinojurnalistlər Assosiasiyası tərəfindən
doqquz nominasiya üzrə mükafat aldıqdan sonra pərəstişkarları Kapura
Hindistanın ən yaxşı rejissoru adını verirlər.
Qazandığı mükafatlar və
tamaşaçı məhəbbəti
Kapuru daha səylə işləməyə
həvəsləndirir, yeni
mükafatlar qazanır.
«Ayıq olun!» filminə görə Kapur Karlovı-Varı festivalında
«Qrin-pri» mükafatına
(1957) layiq görülür.
Rac Kapur 20-dək filmin quruluşçu rejissoru və prodüseri olub. 60-70-ci illərdə
o, “Sanqam”, «Mənim adım Kloundur», «Bobbi», «Həqiqət, müqəddəslik
və gözəllik»
və başqa filmləri çəkir.
Gənclərin romantik məhəbbətindən
bəhs edən «Bobbi»
filminin kommersiya uğuru qazanması onun istedadlı rejissor olmasını bir daha sübut
edir.
Sovet kinosevərlərinə yaxşı
tanış olan «Bobbi» filmində, müəlliflərin sözlərinə
görə, yalnız
Hindistanda Romeo və Cülyetta məhəbbətinin
səadətə qovuşmasının
şahidi olmaq mümkündür. Kasıb
qızla milyonçu ailəsindən olan gəncin sevgisinə nə nəsil ədavəti, nə də sinfi mübarizə
mane ola bilir.
Kino ulduzunun Bakı görüşləri
və iki korifeyin dostluğu
Hind xalqının böyük oğlu Rac Kapurun həyatında Bakı ilə əlaqədar tarixi məqamlar da əksini tapıb. Bakı kinosevərləri ölməz sənətkarın filmlərini seyr etməklə bərabər, özü ilə də canlı ünsiyyətdə olmaq imkanı əldə ediblər. 1956-cı ildə, sonra isə 1965-ci ildə SSRİ-də keçirilən Hindistanın mədəniyyət günləri çərçivəsində Kapur Bakıya gəlmişdi. Yeri gəlmişkən, xatırladaq ki, ilk dəfə onun Bakıya gəlişinin təşəbbüskarı Azərbaycan vokal sənətinin korifeyi Rəşid Behbudov olmuşdu.
R.Kapur Bakıda olarkən Azərbaycanın kino sənəti ilə də maraqlanmış və Hüseyn Seyidzadənin «O olmasın, bu olsun» filminə baxandan sonra onun rejissorluq işinə yüksək qiymət vermişdi. Hətta o, H.Seyidzadəyə və quruluşçu operator Ə.Atakişiyevə Hindistana gəlib, orada film çəkməyi təklif etmişdi.
«Avara» filminə baxandan sonra Rac Kapurun aktyorluq istedadına valeh olan ölməz müğənnimiz R.Behbudov onunla şəxsən tanış olmaq istəmişdi. İki böyük sənətkarın ilk görüşü SSRİ incəsənət xadimlərinin 1952-ci ildə Hindistana səfəri zamanı baş tutdu. Onların yaradıcılıq ideyaları ilə bir-birini tanış etməsi möhkəm dostluğun başlanğıcı oldu.
Qeyd etmək lazımdır ki, bu istedad sahiblərinin oxşar cəhətləri də var idi. Hər ikisi dekabrın 14-də anadan olmuşdu və ailə üzvlərinin də əksəriyyəti incəsənətə xidmət edirdi. R.Kapur Rəşid müəllimin oxuduğu mahnıları dinlədikdən sonra onun ifaçılıq məharətini çox bəyənmiş və görüşlərin birində belə demişdi: “Əgər bilsəydim ki, Rəşid hind mahnılarını belə gözəl ifa edir, mütləq onun səsini filmlərə yazardım”.
İlk görüşdən sonra R.Behbudov bir neçə dəfə Hindistana getmiş və Kapurla ünsiyyətdə olmuşdu. Onlar şərikli film çəkməyi də planlaşdırırdılar. Lakin hind kino ustadının uzun sürən ağır xəstəliyi bunun reallaşmasına imkan vermədi. R.Kapurun xəstəliyindən xəbər tutan Rəşid müəllim 1988-ci ilin avqustunda Bombeyə gedərək, aktyorun yaşadığı evində onunla görüşdü. Sadiq dostu ilə son dəfə görüşdüyünü hiss edən Kapur ona bir neçə xatirə hədiyyəsi bağışladı.
1988-ci il dekabrın 2-də Rac Kapur 64 yaşında vəfat etdi. Ondan yarım il sonra isə R.Behbudov dünyasını dəyişdi...
Həsən Tağıyev
Mədəniyyət.- 2018.- 7 mart.-
S.13.