Aləmül-qeybin süfatı məndən oldu aşikar...

 

   “Nəsimiyə ithafvokal-xoreoqrafik tamaşasının premyerası keçiriləcək

  

   Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim ediləcək musiqi layihələrindən biri də Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithafvokal-xoreoqrafik tamaşası olacaq.

   Tamaşa martın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində göstəriləcək.

   İlk dəfə ötən il mayın 18-də Parisdə, UNESCO-nun mənzil-qərargahında nümayiş olunan əsər böyük maraqla qarşılanmışdı. Bakı premyerasının da maraqla gözlənildiyini nəzərə alıb səhnə əsərinin məşqlərini izləmək qərarına gəldik.

   Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonu. Məşqin başlama saatına az qalıb. Musiqiçilər bir-bir səhnədə yerlərini tuturlar. Hamıdan əvvəl gələn müəllif isə ifaçıların səhnədə düzgün sıralanmasını nəzərdən keçirir, digər musiqiçilərin gəlməsini gözləyir. Məşqə mane olmamaq üçün arxa sıralarda əyləşib izləməyi düşünsəm də, daha sonradan yerimi ön sıraya dəyişirəm. Çünki əsər elə ilk notlardan ona diqqət kəsilməyə vadar edir.

  

   Öncə violonçelin səsi eşidilir və digər musiqi alətləri də ona qoşulur.

   Müəllif:

   - Tonallığı qarışdırmayın... Bir də yenidən başlayırıq, skripkadan sonra xanəndə davam edir... “Soloktavadan... Kanon, sən niyə qoşulmursan? Violonçel? Belə olmaz, bir-birinizi izləmirsiniz. 3-ə 5 qalmış bir də həmin yerdən başlayırıq və notları vaxtında eşitmək xoş olardı...

   Xanəndə Teyyub Aslanov oxuyur:

   - Aləmül-qeybin süfatı məndən oldu aşikar...məndən oldu aşikar...

   Arada ifanı dayandırıb deyir:

   - Mən burada bir az fərqlilik etsəm pis olmaz, məncə.

   - Bəli, Teyyub müəllim, siz o ritmi bir az oynaq ifa edə bilərsiniz...

  

   Beləcə, məşq yavaş-yavaş öz axarına düşür. Əslində, vokal-xoreoqrafik tamaşanın ilk premyerasının videoyazısını izləyəndə çətin əsər olduğu görünürdü. İndi məşq zamanı da bu əsərin hədsiz məsuliyyət tələb etdiyini vurğulamalıyıq.

   Vokal-xoreoqrafik tamaşa iki əsərin musiqisi əsasında səhnələşdirilib. Bunlardan birincisi “Dərviş” əsəridir. Əsər vaxtilə dünya şöhrətli musiqiçi Yo-Yo Manın “İpək Yolu” beynəlxalq layihəsi (1999-2005) üçün yaradılıb. İkinci əsər isə “Muğamsayağı”dır.

   Hər iki əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulub. Bir tərəfdən ney, kanon, xanəndə ifaçı kimi milli səs, digər tərəfdən klassik alətlər - violonçel, skripka, alt öz rəngarəngliyi ilə diqqəti çəkir. Qərb və Şərq alətlərinin kontrastlığı sonradan bir harmoniya təşkil edir.

   Tamaşa boyu musiqi, rəqs və vokalın sintezini izləyirik. Burada şairin düşüncələri, işıqlı ideallar uğrunda mübarizəsi, ədalətsizlikdən çəkdiyi əzablar öz əksini tapıb. Xanəndənin ifası üçün seçilmiş qəzəllər də məhz musiqinin əhvalına uyğundur və xanəndənin təkcə muğam deyil, Nəsimi yaradıcılığından bədii qiraət söyləməsi səhnə əsərinə bir az da rəng qatır.

   Məşq zamanı xoreoqrafiya səhnələrini izləyə bilməsək də, diqqətinizə çatdırmaq istərdik ki, xoreoqraf Nailə Məmmədzadənin quruluş verdiyi performansda 5 rəqqas iştirak edir. Musiqiçilər, xanəndə, rəqqasların ifasında Nəsimi dühası rəngarəng obrazlarduyğularla təqdim edilir, musiqi və rəqsin dili ilə təcəssüm olunur. Əgər sizbu əsrarəngiz sənət nümunəsini izləmək istəyirsinizsə, onda martın 12-də yolunuzu Milli Dram Teatrından salın.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.6.