Azərbaycan domları: onları
tanıyırıqmı?
Domlar Azərbaycanda indiyə qədər “qaraçı” adı ilə tanınıblar. Müşahidələr göstərir ki, “qaraçı” yerli türklərin onlara verdiyi addır. Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri İlkin Rüstəmzadə ölkəmizdə yaşayan domların folkloru, tarixi, məşğuliyyəti, dili və s. ilə bağlı geniş araşdırma aparıb.
- İlkin müəllim, “qaraçı” adının meydana gəlməsi haqqında nə deyə bilərsiniz?
- “Qaraçı” adı Azərbaycan və Qafqaz ərazisində işlənib, dilənçiliklə məşğul olan tayfalara deyilib. “Qaraçı” sözü ilə bağlı fərqli ehtimallar var. Bu sözün Kəraçi şəhərinin adının xalq arasında dəyişikliyə uğramış şəkli olduğu söylənilir. Başqa ehtimala görə, “qaraçı” adı onlara dərilərinin rənginə görə verilib. Beləliklə, “qaraçı” onlara qıraqdan verilən addır, onlar özlərini “dom” adlandırır.
Domlar ölkəmizdə Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağcabədi, Ağdam ərazisində yaşayırlar. Dəqiq sayları bəlli olmasa da, Ağsu rayonunda 48, Ağdaşda 250, Yevlaxda 87, Ağdam rayonunda 101 ailə olduğu ehtimal edilir.
- Onlar nə vaxtdan oturaqlaşıblar?
- Azərbaycanda domların oturaqlaşması 1956-cı ildən sonraya təsadüf edir. Ağsu domlarının nümayəndəsi Şaməddin Cəbiyev bu rayonda yerləşmələrini mənə belə danışıb: “1956-cı ildə bizim köç Çayqaraqoyunlu kəndinin yaxınlığında düşmüşdü. Şamaxının raykom katibi Allahyarlı oraya gələrək Əmirli tayfasının böyüyü Məşədi Əhməd kişini xəbər alır. Bizim camaat onu Məşədi Əhmədin alaçığına yönəldir. Katib deyir ki, Məşədi Əhməd, Xruşşov qərar çıxarıb, əgər oturaqlaşsanız malınız, mülkünüz sizin olacaq, istəməsəniz hər şeyiniz əlinizdən alınacaq, Qazaxıstana sürgün olunacaqsınız. Məşədi Əhməd 1949-cu ildə Qazaxıstana sürgün olunmuşdu. Ona görə dedi ki, yoldaş Allahyarlı, oralara getmək istəmirəm, bizi Ağsuya yaz”. Beləliklə, 1956-cı ildən etibarən Ağsu rayonunda dom ailələri üçün torpaq sahəsi ayrılır və orada yaşamağa başlayırlar.
Ağdaş domlarının da məskunlaşması həmin dövrə təsadüf edir. Yevlax domlarının dediyinə görə, qaraçıların oturaqlaşması haqqında qərar çıxandan sonra onlara köç etməyə imkan verməyiblər, hamı Qarxun kəndinin ətrafına yığılıbmış. Ondan sonra Yevlax ərazisində, bir qisminə isə Bərdə rayonunda yer ayrılıb və domlar orada yerləşdiriliblər. Yaşlı nəsil uzun müddət oturaq həyata uyğunlaşa bilmirdi, amma sürgün oluna biləcəklərindən qorxaraq oturaq həyata alışdılar.
- Domların köçəriliyinin səbəbi nədir?
- Köçəriliyin qaraçıların azadlıq, sərbəstlik istəklərilə əlaqəsi yoxdur, sırf iqtisadi səbəbləri var. Qaraçılar ələk, xəlbir, şadara kimi bir çox məişət əşyalarının istehsalı ilə məşğul olurdular, istehsal etdikləri əşyaları satmaq üçün isə onlara yeni bazarlar gərək idi. Ayı oynadanların yeni məkanlara, fala baxanların yeni müştərilərə ehtiyacı var idi. Bu ehtiyac onları bir bölgədən başqasına köç etməyə sövq edirdi. Son dövrlərə qədər domlar səyyar şəkildə kəndbəkənd gəzərək hazırladıqları əmək alətlərini satırdılar.
Dom camaatının köçü mart ayında başlayır, payızın sonlarına kimi davam edirdi. Onların əsas düşərgəsi Girdiman, Türyançay, Araz çaylarının qırağı olub. Domlar bir həftə, on gün düşərgə saldıqları yerdə qalır, istehsal etdikləri ələk, xəlbir, şadara, həmçinin başqa rayonlardan aldıqları ərzaqları (düyü, şabalıd, qoz, fındıq və s.) kəndlərdə, Ağsu, Ağdaş, Kürdəmir və s. bazarlarında satır, sonra yenidən köçə başlayırdılar. Hər tayfanın öz köç marşrutu vardı. Məsələn, Ağsu domları Ağsu, İsmayıllı, Qəbələ istiqamətində köç edirdilər. Ağdaş ərazisində yaşayan domlar İrəvandan, Kəlbəcərdən, Şərurdan belə gəzmiş, Göygölün üstündə alaçıqlar qurmuş, yayı isə Şəki şəhərində keçirmişlər.
Domlar on, on iki
metr uzunluğunda, beş metr
enində alaçıqlarda
qalırdılar. Alaçığın ortasında ocaq qalayırdılar. Qışda havalar
soyuq keçdikdə soyuqdan donmaması üçün mal-qaranı
da çadırın
içərisinə salırdılar.
Köçəri həyat onları
o qədər möhkəmləndirmişdi
ki, domların arasında xəstə adama çox nadir hallarda rast gəlinirdi.
- Əsas
məşğuliyyətləri nədir?
- Harada yaşamalarından
asılı olmayaraq domların məşğul
olduğu sahələr
demək olar ki, eynidir: ənənəvi
sənətkarlıq, ticarət,
musiqi və rəqs, heyvan əhliləşdirmək, fala
baxmaq və dilənçilik. Dilənməyə ancaq yaşlı qadınlar gedirdi. Qadınlar dilənməyə gedərkən
kişilər onlara axşama kimi möhlət verirdilər.
Dilənməyə iki-iki, üç-üç
gedilir, əldə edilən pullar da kişiyə verilirdi. Kişilər əsasən ələkçilik,
xəlbirçilik, alver,
musiqi, küçə
aktyorluğu və ovsunçuluqla, qadınlar
isə dilənçilik,
falçılıq, çöpçülük
və baxıcılıqla
məşğul olmuşlar.
- Bir çağlar qaraçı
ələyi adla tanınırdı...
- Düzdür,
qaraçı ələyi
keyfiyyətinə, toxunuşuna
görə digər ələklərdən seçilir.
Ələyin tor hissəsi vaxtilə
at yalından hazırlanırdı.
Atın tükünü yerli camaatdan alır, onu sabunla yuyub
təmizləyirdilər. Toxunuşuna görə ələyin iki növü var: yalınqat və cütqat ələk. Yalınqat ələklər bir qat, cütqat ələklər isə ikiqat at tükündən
toxunurdu.
- Qaraçı
musiqisi və rəqsi də dünyada məşhurdur...
- Domlar hansı ölkədə yaşamalarından asılı
olmayaraq musiqi və rəqslə məşğul olublar. Onların arasında vaxtilə gözəl kamança, saz ifaçıları olub. Bərdə domlarının ağsaqqalı
Hətəm kişi
gözəl saz ifaçısı idi, aşıq Ədalətlə
bir yerdə saz ifa etmişdi.
Bərdə domlarından
aşıq Qənbər,
aşıq İbrahim,
Ağdaş domlarından
Hüseynqulu kişi,
bu gün Dəliməmmədlidə yaşayan
aşıq Paşa gözəl saz ifaçıları olublar.
Domların arasında ən
məşhur saz ifaçısı Qaraçıoğlu
İbrahim (İbrahim Əliyev) olub, 1928-ci ildə aşıqlar qurultayının təşkilində
yaxından iştirak edib.
- Domların başlıca etnik özəllikləri hansılardır?
- Yaşadıqları
ölkənin dilini, dinini, adət-ənənəsini
qəbul etməsi bir xalqın assimilyasiya olunması üçün yetərincə
tutarlı amillərdir.
Amma buna rəğmən onlar öz kimliklərini
qoruyub saxlayıblar.
Domlar yerli əhali ilə nə qədər eyni dili, adət-ənənəni
daşısalar da, heç vaxt özünü yerli əhalidən saymayıblar.
Başqa
xalqlara “tayı” deməklə özlərini
onlardan fərqləndiriblər.
Domlar arasında təhsil,
savadlılıq aşağıdır.
Qız uşaqlarını çox
erkən yaşlarında
ad eləyirlər, sonra
onları məktəbə
buraxmırlar. Oğlan uşaqlarını
adətən, doqquzuncu
sinfə qədər oxudurlar. Ağdaş rayonunda yaşayan
domlar 8 saylı orta məktəbə gedirlər. Bu məktəbi
ötən il
cəmi iki nəfər bitirib, hazırda isə 11-ci sinifdə cəmi bir dom uşağı
oxuyur.
- Onların dilləri haqqında nə demək olar?
- Domların əsas danışıq dili Azərbaycan dilidir. Onlardan toplanan folklor
materialı və dilinin təhlili göstərir ki, domlarda vahid bir dialekt yoxdur,
hər kəs məskunlaşdığı bölgənin,
ərazinin ləhcəsinə
uyğun danışır.
Öz aralarında istifadə etdikləri dom dili
var. Bu dildə leksik şəkilçi, özünəməxsus
qrammatik şəkilçilər
yoxdur. Sözlər arasındakı qrammatik
əlaqələr Azərbaycan
dilinin şəkilçiləri
hesabına yaradılır,
cümlələr dilimizin
sintaktik quruluşu əsasında qurulur.
Dom dilinin o qədər
də güclü söz ehtiyatı yoxdur. Bu dilə
aid 200-ə qədər söz,
ifadə və cümlə yazıya almışam, bir qədər də geniş toplanılsa, bu dilə məxsus
sözlərin sayı
500-600 olar.
S.Qaliboğlu
Mədəniyyət.-
2018.- 10 mart.- S.15.