“Nar bağı”
filmi Kayseridə nümayiş olundu
“Mövzular bir-birinə bənzəyə
bilər, önəmli
olan onun necə ifadə olunmasıdır ki, İlqar Nəcəf bunu gözəl bacarıb”
Martın 6-da Türkiyənin Kayseri şəhərində
Ərciyəs Universitetinin
Sabançı Mədəniyyət
mərkəzində C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası
və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” (rejissor İlqar Nəcəf) filminin təqdimat mərasimi keçirildi. Tədbir Ərciyəs Universiteti İncəsənət bölməsinin
müəllimi Nihal Şengül və ali məktəbin
azərbaycanlı müəllimləri
Nigar Əsgərova və Əsli Xəlilqızının təşkilatçılığı
ilə baş tutdu.
Türkiyənin və Azərbaycanın
himnləri səsləndikdən
sonra mərasimdə açılış nitqi
ilə çıxış
edən Nihal Şengül böyük bir sevinc içində
olduqlarını vurğulayaraq
bu təqdimatı iki qardaş ölkənin mədəni
əlaqələri baxımından
əlamətdar hadisə
kimi səciyyələndirdi.
Sonra film nümayiş olundu. Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən ekran əsərində hadisələr
bir kənddə baş verir və Azərbaycan ailəsinin dramını əks etdirir. Filmin seyrindən təsirlənən
bir çox tamaşaçılar nümayişdən
sonra rejissora yaxınlaşaraq həyati
reallıqları əks
etdirən ekran əsərinə görə
minnətdarlıq edirdilər.
Bu canlı
ünsiyyət nümayişdən
sonra filmin quruluşçu rejissoru İlqar Nəcəflə
görüşdə də
davam etdi. Rejissor ona ünvanlanan
sualları cavablayaraq filmin çəkilməsi,
aktyor seçimi və s. məsələlərlə
bağlı məqamlara
aydınlıq gətirdi,
özü haqqında
məlumat verdi.
Sonda Ərciyəs Universitetinin
rektor müavini,
professor Karamehmet Yıldız
ali məktəbin
adından İ.Nəcəfə
təşəkkürnamə təqdim etdi.
Film barədə
təşkilatçıların təəssüratları da
maraqlı idi. Nihal Şengün ilk dəfə bir Azərbaycan filmi seyr etdiyini etiraf
etdi: “Bu ailə dramını izlədikdən
sonra anladım ki, Türkiyə ilə müqayisə etdikdə Azərbaycandakı
kənd həyatı və onun sosial
problemlərinin o qədər
də böyük fərqi yoxdur. Amma önəmli olan hadisələrin tamaşaçıya
çatdırılmasıdır. Çünki mövzular bir-birinə
bənzəyə bilər,
amma önəmli olan onun necə
ifadə olunmasıdır
ki, İ.Nəcəf bunu gözəl bacarıb. Dili bilməyən insan
belə “Nar bağı”
kimi filmi seyr etdikdə görüntülərdən hər
bir şeyi aydın başa düşə bilər.
Hərəkətlər də, təbiət
də hər şeyi deyir. Küləklə yarpağın uçuşu,
filmdə musiqinin səslənməməsi, sakitlik
içində və təbii səslərin fonunda cərəyan edən hadisələr olduqca maraqlıdır.
Kaş ki, universitetimizdə çox sayda belə tədbirlər keçirə bilsək.
Bizim üçün böyük
şansdır ki, İlqar Nəcəf kimi bir sənətçi
universitetimizə gəldi”.
Professor Nigar Əsgərova filmin aktual mövzusuna diqqət çəkdi: “Filmdə rejissor təkcə Azərbaycanda
deyil, dünyada baş verən problemi qaldırır. Bu, şəxsiyyətin deqradasiyasıdır. Hadisələrin sonunda oğulun öz atasını və ailəsini aldatması ilə sanki torpağın və insanlığın
ölümü başlayır.
Baxırsan ki, filmdə heç kim ölmədi.
Ancaq insanlıq öldü.
Bu, pessimistik faciədir.
İnsanı ağrıdan da
bu pessimizmdir. Bir rejissor kimi bütün
bu məzmunu rənglərdə göstərmək
özü də böyük peşəkarlıqdır.
Sonda isə hadisələr uşağa elə təsir edir ki, həkimə deyir heç bir gözü ilə rəngləri görmür. Fəxr edirik
ki, Azərbaycanda belə bir film çəkilib və ölkədən kənarda
bəyənilib. Əgər filmə
belə bir münasibət varsa, deməli, bu, insanları düşündürən
məsələdir. Rejissor, ssenari,
tərtibat işləri
çox mükəmməldir.
Düşündürən bir filmdir.
İnsanlar isə təəssüf
ki, düşünmək
istəmirlər”.
Əsli Xəlilqızı: “Film salona
hakim kəsilmişdi. İlqar Nəcəf
bir ailənin dramını, üzüntüsünü,
acısını səssizliyin
səsində canlandırmışdı.
Bu sakitliyin içində
bir münaqişə
var. Mən inanıram
ki, o Azərbaycan kinosunda daha böyük uğurlara imza atacaq”.
İlqar Nəcəf isə təəssüratlarını belə ifadə etdi: “Tamaşaçı münasibəti müəllifə
də təsir edir. Əmin olursan ki, doğru yoldasan. Film artıq öz
həyatını yaşayır,
tamaşaçısı ilə
görüşür. Bu gün Ərciyəs
Universitetində çox
emosional anlar yaşadım və kövrəldim”.
Qeyd edək ki,
2017-ci ildə ekranlara
çıxan “Nar bağı”
filmi bir sıra beynəlxalq müsabiqələrdə mükafatlara
layiq görülüb.
Ekran əsəri ötən il
“Xarici dildə ən yaxşı film” nominasiyası üzrə
“Oskar” mükafatına təqdim
edilmişdi.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.-
2018.- 10 mart.- S.16.