“Muğam
aləmi” V Beynəlxalq
Muğam Festivalı
Sənət bayramının açılışı
münasibətilə möhtəşəm
konsert proqramı təqdim edildi
Ölkəmiz növbəti muğam sənəti bayramına ev sahibliyi
edir. 2009-cu ildə
əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının beşincisi
martın 7-də başlandı.
Festival Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı
və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilir.
Heydər Əliyev Sarayında
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı
münasibətilə geniş
konsert proqramı təqdim edildi. Gecədə
dövlət və hökumət nümayəndələri,
mədəniyyət və
incəsənət xadimləri,
musiqisevərlər iştirak
edirdi.
Konsertdən əvvəl jurnalistlərə
müsahibə verən
görkəmli tarzən,
Xalq artisti, professor Ramiz Quliyev festivalın əhəmiyyətindən danışdı.
Bildirdi ki, muğam sənətinin qorunaraq gələcək nəsillərə
ötürülməsində bu festivalın böyük əhəmiyyəti
var. Birinci vitse-prezident
Mehriban Əliyevanın
muğam sənətinə
və bu sahədə çalışan
sənətkarlara göstərdiyi
diqqət və qayğıdan söz açan Xalq artisti tədbirin təşkilatçılarına belə bir gözəl
muğam bayramının
təşkilinə görə
təşəkkürünü ifadə etdi.
Azərbaycan Milli Konservatoriyasının
rektoru, Xalq artisti, professor Siyavuş Kərimi festivalın Azərbaycan muğamının qorunması
və təbliğində
müstəsna rol oynadığını söylədi.
Bildirdi ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq
ənənəyə çevrilmiş
böyük musiqi tədbirlərinin növbəti
uğurlu hadisəsidir.
Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları
muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların
ənənələrini birləşdirən
bir incəsənət
növü olduğunu
bir daha sübut edir. Muğam tarixi sınaqlardan uğurla keçərək
müasir dövrdə
yeni bir səviyyəyə yüksəlib.
Muğam sənətimizin
belə bir mövqe tutmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz əməyi var. Azərbaycan
muğamının, aşıq,
xalçaçılıq, tar ifaçılığı, kəlağayı
sənəti və mədəni irsimizin digər qiymətli nümunələrinin UNESCO-nun siyahılarına
daxil edilməsi bu zəngin irsin qorunmasına, təbliğinə göstərilən
diqqət və qayğının təzahürüdür.
Heydər Əliyev Sarayının səhnəsində Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi
ilə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri əsl sənət nümunələrinin təqdiminə
hazır idi. Zövqlə
tərtib edilmiş proqramda ilk olaraq tanınmış cazmen
Emil Əfrasiyabın ifasında
görkəmli Azərbaycan
bəstəkarı Qara
Qarayevin “Fa major” prelüdünə caz improvizasiya təqdim edildi. Sonra orkestrin ifasında daha bir şedevrin
- Fikrət Əmirovun
“Kürd ovşarı”nın sədası zalı bürüdü. Bu harmonik musiqi
keçidində əməkdar
artistlər Sahib Paşazadə
(tar), Toğrul Əsədullayev
(kamança) və Çinarə Heydərovanın
(kanon) mükəmməl
ifası musiqili gecənin iştirakçılarının
könlünü oxşadı.
Gecə boyunca Müslüm Maqomayevin “Nərgiz” operasından ariya, Q.Qarayev və C.Hacıyevin “Vətən”
operasından ariya, xalq mahnıları “Laçın”, “Qaragilə”,
Ü.Hacıbəylinin “Leyli
və Məcnun” operasından parçalar musiqisevərlərə unudulmaz
anlar yaşatdı.
Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin ifası,
Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının (bədii rəhbər - Xalq artisti Ağaverdi
Paşayev, baletmeyster
- Xalq artisti Cəmilə Bayramova) çıxışları alqışlarla
qarşılandı. Azərbaycan Dövlət
Xor Kapellasının
(bədii rəhbər
- Xalq artisti Gülbacı İmanova) ifasında səslənən
Firəngiz Əlizadənin
“Nəsimi” passionundan parça isə tamaşaçıları sanki
əsrlər öncəyə
apardı.
Muğam sənətimiz, bəstəkarlarımızın simfonik əsərləri, xalq mahnıları, caz, aşıq havaları və bəstəkar mahnılarından ibarət proqram Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha nümayiş etdirdi. Qeyd edək ki, festivalın açılış konsertinin ideya müəllifi Xalq artisti Firəngiz Əlizadədir.
Rəngarəng proqram həm də qarşıdakı günlər ərzində “Muğam aləmi” festivalının tamaşaçılara unudulmaz anlar yaşadacağının göstəricisi idi.
Lalə Azəri
Mədəniyyət.-
2018.- 10 mart.- S.3.