Beynəlxalq muğam
müsabiqəsi başa çatdı
Qaliblər
“Muğam aləmi” festivalının
bağlanış mərasimində elan olunacaq
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə martın 7-də başlanan “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı sona çatır.
Festival proqramının xüsusi maraq doğuran tədbirlərindən biri muğam müsabiqəsi idi. Martın 10-da Azərbaycan Milli Konservatoriyasında start verilən V Beynəlxalq muğam müsabiqəsində 13 ölkədən - Azərbaycan, Türkiyə, Moldova, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən ifaçılar qabiliyyətlərini nümayiş etdirdilər.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi müsabiqə haqqında məlumat verərək bildirdi ki, bu ifaçılıq yarışmasında müxtəlif ölkələrdən gəlmiş ifaçıların çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən incəsənət növü olduğunu bir daha sübut edir. Rektor qeyd etdi ki, muğam sənəti tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyədə inkişaf etməkdədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın danılmaz əməyi nəticəsində muğam öz yüksək qiymətini alıb: “Qloballaşan dünyada ənənəvi sənətin, milli dəyərlərin qorunması xüsusi önəm daşıyır. Muğam sənəti ilə bağlı çoxşaxəli layihələr də bunun bariz nümunəsidir. Artıq ənənəyə çevrilən müsabiqə muğam dünyasına yeni ifaçılar, istedadlı sənətkarlar bəxş edib. Onların müsabiqədəki qələbələri bu çoxçalarlı sənəti beynəlxalq miqyasda layiqincə təmsil etmək üçün möhkəm zəmin yaradıb. Əminik ki, beşinci dəfə keçirilən Beynəlxalq muğam müsabiqəsi də yeni istedadları aşkar edəcək, onların yolunu böyük səhnələrə açacaq”.
Müsabiqənin münsiflər heyətinin Türkiyədən olan üzvü Mehmet Bitmez festivalın və müsabiqənin keçirilməsini musiqi mədəniyyətimiz üçün əhəmiyyətli hadisə kimi xarakterizə etdi: “Bu tədbirlər həm də bir mədəni paylaşmadır. Azərbaycana çoxsaylı ifaçılar, tanınmış musiqi biliciləri gəlir. Hər kəs burada öz ölkəsinin muğam ənənəsini nümayiş etdirir. Canlı olaraq onların mədəniyyəti ilə tanış oluruq. Bütün bunlar bir-birimizin musiqi mədəniyyətini yaxından tanımağımıza vəsilədir”.
Qeyd edək ki, müsabiqənin ilk günü püşkatma mərasimindən sonra instrumental və vokal muğam ifaçısı olan iştirakçıların çıxışları oldu. Martın 11 və 12-də müsabiqənin dinləmələri davam etdi.
Xalq artisti, professor Siyavuş Kəriminin sədrlik etdiyi beynəlmiləl tərkibli münsiflər heyətinə Türkiyədən Mehmet Bitmez, Tacikistandan Abduvali Abduraşidov, İrandan Farhad Faxraddini və Polşadan Piotr Pucylo daxildir.
Müsabiqənin nəticələri martın 14-də “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində məlum olacaq.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 14 mart.-
S.2.