“Tələsin, insanlar, əldən tutmağa...”

 

   Xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunan gecə

  

   Martın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Cabir Novruzun (1933-2002) 85 illiyinə həsr olunmuş “Tələsin, insanlar, əldən tutmağa” adlı ədəbi-bədii gecə keçirildi.

   Yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyi və “Cabir Novruz” Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdi.  

   Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatları, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

   Xatirə gecəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək görkəmli ədibin zəngin və mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, çoxşaxəli yaradıcılığından və yorulmaz ictimai-siyasi fəaliyyətindən söhbət açaraq, onunla bağlı xatirələrini bölüşdülər.

   Qeyd olundu ki, şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Şair ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Yaratdığı lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.

   Diqqətə çatdırıldı ki, Cabir Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Özünü qoru, xalqım” və digər şeirlər və poemalardan ibarət kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.

   Cabir Novruzun poeziyası əsrimizi, müasirlərimizi düşündürən aktual problemlərə - insan ömrünün mənasına, müharibənin bir nəslin taleyinə vurduğu yaralara, zəhmət adamlarının mənəvi dünyasına yazılmış nəğmələrdir, himnlərdir. Şairin tərcümeyi-halı poeziyası ilə ahəngdarlıq təşkil edir. O, müharibənin ağrı-acılarını öz taleyində daşıyan nəslin nümayəndəsidir. Cabir Novruz poeziyası sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Buna görə də onun şeirlərinə çoxlu mahnılar yazılıb və musiqisevərlərdə həmişə böyük rəğbət doğurub.

   Vurğulandı ki, şairin əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

   Cabir Novruzun ictimai fəaliyyəti zəngin olub. O, həyatının bütün mərhələlərində, xüsusilə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

   Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, dövlət mükafatına, ordenmedallara layiq görülüb.

   Cabir Novruzun həyatının müxtəlif məqamlarını əks etdirən videomaterialların da təqdim olunduğu gecədə Xalq artisti Əminə Yusifqızı, Əməkdar artist Azad Şükürov şairin şeirlərini səsləndirdilər və tanınmış müğənnilərin ifasında sözlərinə yazılmış mahnılar ifa olundu.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.3.