Səhnədə qeyd
edilən teatr bayramı
Martın 10-da Azərbaycan peşəkar milli teatrının 145 yaşı
tamam oldu. 1873-cü ilin bu
günündə Bakıda
Mirzə Fətəli
Axundzadənin “Lənkəran
xanının vəziri”
komediyasının səhnələşdirilməsi
ilə başlanan sənət yolunun ildönümü paytaxtdakı
teatrlarda maraqlı tədbirlər və təltiflərlə, premyeralar
ilə qeyd edildi.
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrında həmin gün “Şah Qacar” tamaşasının növbəti
nümayişi vardı.
Tamaşadan əvvəl səhnəyə
çıxan teatrın
direktoru, Xalq artisti Azərpaşa Nemətov bu günün tarixindən və əhəmiyyətindən
söz açıb.
O, milli teatrın keçdiyi inkişaf yoluna nəzər salaraq, 145 il
ərzində peşəkar
teatrımızın qazandığı
sənət uğurlarından
danışıb, Azərbaycan
mədəniyyətinə, o cümlədən də teatrına dövlət qayğısından bəhs
edib. Qeyd edib ki, teatr
sənətində sözünü
demiş çoxsaylı
sənətkarlarımız olub: “Bu ənənə davam etdirilir. Milli Teatr Günü münasibətilə bütün
həmkarlarımı təbrik
edir, onlara yaradıcılıq axtarışlarında
uğurlar arzulayıram”.
Bayram münasibətilə Milli Dram Teatrının bir sıra əməkdaşlarına
diplom və mükafatlar təqdim edilib.
Sonra “Şah Qacar”
tamaşası nümayiş
olunub. İkihissəli
səhnə əsərində
əsas rollarda Xalq artisti Laləzar
Mustafayeva, əməkdar
artistlər Abbas Qəhrəmanov, Sabir Məmmədov, Kazım Abdullayev, Ayşad Məmmədov, Elşən
Rüstəmov, Anar Heybətov və başqaları çıxış
ediblər.
* * *
Martın 10-da və 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycan musiqili səhnə əsəri janrının iki incisini seyrçilərə
təqdim edib. Şənbə günü dahi
Qara Qarayevin “Yeddi gözəl” baleti, bazar günü
isə Üzeyir bəyin “Leyli və Məcnun” operası oynanılıb.
Hər iki tamaşa “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində
nümayiş olunub.
1952-ci ildən səhnədə
olan “Yeddi gözəl” baleti, artıq on ildir ki, yeni redaksiyada
balet heyranlarına təqdim edilir. 2008-ci ildə Q.Qarayevin
90 illik yubileyi münasibətilə yeni quruluşda səhnəyə
qayıtmış balet
üzərində beynəlmiləl
heyət çalışıb.
Libretto müəllifi Türkiyədə
yaşayan yazıçı-ssenarist
Yana Temiz, quruluşçu
baletmeyster rusiyalı Vasili Medvedyev, musiqi rəhbəri və quruluşçu dirijor Türkiyədə çalışan soydaşımız
Elşad Bağırov,
quruluşçu rəssamı
rusiyalı Dmitri Çerbacidir.
Tamaşada əsas partiyaları Əməkdar artist Nigar İbrahimova, Anar Mikayılov, Samirə Məmmədova, Elmira Süleymanova,
Cəmilə Kərimova
və başqaları
ifa ediblər.
“Leyli
və Məcnun” operasının budəfəki
tamaşası isə
gənc xanəndə
Rəvanə Əmiraslanovanın
Leyli partiyasında debütü olub.
1995-ci ildə Gəncədə
anadan olmuş Rəvanə orta musiqi təhsilini Bakıda Rostropoviçlər
adına 21 saylı musiqi məktəbində alıb, sonra Azərbaycan Milli Konservatoriyasında Əməkdar
artist Təyyar Bayramovun
sinfində oxuyub. VI Televiziya Muğam
müsabiqəsinin mükafatçısı
olan Rəvanənin
ilk tamaşada tərəf-müqabili
teatrın solisti Elnur Zeynalov olub.
* * *
Dövlət Musiqili Teatrında isə 10 mart günündə
növbəti premyeranı
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 və
ömrünü müstəqillik
ideallarına həsr etmiş ictimai xadim, publisist Ceyhun Hacıbəylinin 125
illik yubileyi münasibətilə səhnələşdirilmiş
“Nuri-didə Ceyhun” tamaşasını izlədik.
Tamaşadan öncə səhnəyə
çıxan Əməkdar
incəsənət xadimi,
professor, Mədəniyyət və İncəsənət
Universitetinin prorektoru Məryəm Əlizadə
hər kəsi sənət bayramı münasibətilə təbrik
etdi. Söylədi ki, 145 yaşlı
peşəkar teatrın
bu günədək yaşamasında və inkişafında böyük
rolu olmuş görkəmli sənətkarlarımızın
ruhu bugünkü bayram təntənəsini
gördükləri üçün
onların da ruhu şaddır.
2018-ci ilin ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini vurğulayan Məryəm xanım “Nuri-didə Ceyhun” tamaşasının
bu ilə ilk sənət töhfəsi
olduğunu dedi.
M.Əlizadə son illər Azərbaycan
teatrlarının ölkə
xaricində qazandığı
uğurlardan və milli teatrın perspektivlərindən də
danışdı. Onun təklifi
ilə həm salonda əyləşmiş,
həm də səhnə arxasında həyəcanla çıxışını
gözləyən aktyorlar
bir daha alqışlandı.
Sonra yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan
səhnə əsəri
nümayiş olundu.
Janrı
pyes-metafora kimi müəyyən edilmiş
“Nuri-didə Ceyhun” tamaşasının ideya müəllifi Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayev,
quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadədir.
Hadisələr konkret tarixi
şəxsiyyətin ətrafında
cərəyan etsə
də, əsər qürbətdə yaşayıb
vətən naminə
çarpışan, Azərbaycan
nisgili ilə ömrünü başa vuran bütün mühacirlərimizin xatirəsinə
həsr olunub.
Rolları Xalq artisti Fatma
Mahmudova, əməkdar
artistlər Pərviz Məmmədrzayev, Şövqü
Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva və başqaları ifa edirlər. Tamaşada Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və digər bəstəkarların musiqilərindən
istifadə olunub. Musiqi tərtibatçısı
və quruluşçu
dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssam
Vüsal Rəhimov, quruluşçu baletmeysterlər
Əməkdar artist Zakir
Ağayev və Yelena Ağayeva, xormeyster Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.
* * *
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında
Milli Teatr Günü ayrıca tədbir ilə qeyd edilib. Əvvəlcə salona toplaşanlar
milli teatrın 145, bu sənət ocağının isə
90 illik tarixini əks etdirən videoçarxa baxıblar.
Teatrın direktoru, Əməkdar
artist Mübariz Həmidov
1873-cü il martın 10-da Bakı realnı məktəbi şagirdlərinin həvəskar
truppasının oynadığı
tamaşa ilə təməli qoyulan Avropa tipli teatrın
yaranma tarixi barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan teatrları bu gün beynəlxalq
festivallarda milli teatr sənətini layiqincə təmsil edir. Ölkə başçısının sərəncamı
ilə “Əməkdar
mədəniyyət işçisi”
adına, Mədəniyyət
və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi”
döş nişanına,
Teatr Xadimləri İttifaqının “Sənətkar”
medalına layiq görülmüş əməkdaşları
təbrik edən direktor sonra kollektivin bir sıra üzvlərinə
diplom və pul mükafatları təqdim edib. Xalq artistləri Ağaxan Salmanlı, Tariyel Qasımov, Yasin Qarayev, Cənnət Səlimova və Vaqif Əsədov
da Milli Teatr Günü münasibətilə salona
toplaşanlara təbriklərini
çatdırıblar. Tədbir teatrın
aktyorlarının konsert
proqramı ilə yekunlaşıb.
Axşam isə illərdən
bəri teatrın repertuarından düşməyən,
bir neçə beynəlxalq festivalda kollektivi uğurla təmsil etmiş “Mən gəldim, qızlar” (“Müharibə”)
tamaşası oynanılıb.
İsveç dramaturqu Lars Nurenin
əsərinə teatrın
baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanov quruluş verib. Tamaşada əməkdar artistlər
Qurban İsmayılov,
Kəmalə Hüseynova,
Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədova
çıxış edirlər.
* * *
Paytaxtın digər teatrları da peşə bayramı günündə repertuarlarındakı maraqlı tamaşalarla sənətsevərlərin görüşünə çıxıblar. Dövlət Rus Dram Teatrında V.Denisovun “Sanset bulvarı”, Kukla teatrında “Qoğal”, Yuğ teatrında V.Klimin “Medeya. Sekvensiya - 01”, Pantomima teatrında E.Rzayevin “Mənim balığımsan” tamaşaları oynanılıb.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2018.- 14 mart.-
S.6.