Muğam bilicilərinin daha
bir Bakı görüşü
başa çatdı
“Hər dəfə
buraya gələndə yeni
tanışlıqlar və yeni ideyalar qazanırıq”
Martın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Muğam aləmi”
V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq elmi simpoziuma yekun vuruldu.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək diqqətə çatdırdı ki, martın 7-də işə başlayan simpoziuma Azərbaycan alimləri ilə yanaşı, Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran, Qazaxıstan və Özbəkistandan da mütəxəssislər qatılıb. Bu müddətdə beynəlxalq simpioziumun Bakıda "Muğam Şərq lad sisteminin milli interpretasiyaları", "Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya", "Muğam - makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi", “Muğam yaradıcılığı elm və sənətin qovşağında", "Muğamın inkişaf yolları - tarix və müasirlik", Gəncədə isə "Azərbaycan muğamının konseptual mahiyyəti, dil və ritmik özəllikləri" mövzularında bölmə iclasları təşkil olunub.
Bildirildi ki, bölmə iclaslarında sözügedən mövzularda səmərəli müzakirələr aparılıb və təqdim olunan elmi məqalələrdən ibarət kitab nəşr olunacaq. Simpoziumun uğurla başa çatdığını vurğulayan akademik bütün iştirakçılara növbəti festivallarda görüşmək ümidi ilə səmərəli fəaliyyət arzuladı. Simpoziumun son iş günü bölmə rəhbərlərinin hesabat məruzələri ilə davam etdi. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, onun rəhbərliyi ilə keçən "Muğam - makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi" mövzusunda bölmə iclasında yerli və xarici mütəxəssislərin iştirakı ilə 9 məruzə dinlənilib. Bölmə rəhbəri muğamşünaslığın mükəmməl bir elmə çevrildiyini və bu gün dünyada muğam sahəsində çoxsaylı araşdırmaların aparıldığını vurğuladı.
AMEA
Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli
bildirdi ki, "Muğam Şərq lad sisteminin milli
interpretasiyaları" və "Muğam
ifasının psixoloji təsir qüvvəsinin
qaynaqları və musiqiterapiya" mövzusunda bölmə iclaslarında dinlənilən
məruzələr muğam sənətinin,
eyni zamanda milli mədəniyyətimizin
inkişafına müsbət təsir edəcək. O, simpozium
materiallarının elektron
formatda internetdə yerləşdiriləcəyini də
diqqətə çatdırdı.
AMEA Folklor
İnstitutunun direktoru,
akademik Muxtar İmanov "Muğam yaradıcılığı elm və sənətin qovşağında", "Muğamın
inkişaf yolları -
tarix və müasirlik" mövzusunda
dinlənilən məruzələrdən,
onların əhəmiyyətindən
danışdı. AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Gəncə
şəhərində keçirilən
"Azərbaycan muğamının
konseptual mahiyyəti, dil və ritmik
özəllikləri" mövzusunda
bölmə iclası
haqqında məlumatı
da dinlənildi.
Tədbir iştirakçıları simpoziumun əhəmiyyətindən
söz açdılar,
gələcək əməkdaşlıq
imkanlarını müzakirə
etdilər.
* * *
Beynəlxalq simpoziumun bir
neçə qonağının
təəssüratını da öyrəndik.
Yanoş Şipoş (Macarıstan Elmlər Akademiyası Mifologiya İnstitutunun professoru):
Azərbaycanda keçirilən beynəlxalq muğam festivalı biz mütəxəssislər üçün böyük əhəmiyyət kəsb edir. Mən Azərbaycan muğamından bəhs edən kitabın, həmçinin Qarabağ muğam sənəti üzrə məqalələrin müəllifiyəm. Simpoziumda iştirakımdan məmnun qaldım. İnanıram ki, bu festival muğam elminin daha da geniş araşdırılması istiqamətində öz töhfələrini verəcək. Festivalın açılışı, onun zövqlə tərtib edilməsi, keçirilən konsertlər mənə güclü təsir bağışladı. Festivalın ənənəvi tədbiri olan simpozium isə artıq dünya musiqişünaslarının diqqət mərkəzindədir.
Ravşan Yunusov (Özbəkistan Dövlət
Konservatoriyasının professoru):
Bu gün
burada olmağıma çox şadam. Bilirsiniz ki, muğam özbək xalqının
da həyatının
ayrılmaz tərkib hissəsidir. Özbəkistanda uzun illərdir muğam festivalı keçirilir. Lakin məhz
bu ildən ölkə rəhbərinin
sərəncamı ilə
muğam sahəsinin araşdırılması ilə
bağlı qərar qəbul edilib. Bu, biz alimlər üçün
böyük imkanlar açır. Azərbaycan muğamı
bizə yaxşı tanışdır və sizin ölkədə muğam sənətinə
olan diqqəti yüksək dəyərləndirirəm.
Aleksandr Xaruto (P.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasının
dosenti, Rusiya):
Bakıda keçirilən simpoziumda ilk dəfə deyil ki, iştirak edirəm. Budəfəki məruzəm “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya" mövzusunda oldu. Hər dəfə bura gələndə yeni tanışlıqlar və yeni ideyalar qazanırıq. Elmi müzakirələr məşğul olduğumuz sahə üzrə daha da geniş bilgilərə malik olmağımıza şərait yaradır. Beynəlxalq Muğam Mərkəzinin binasını, simpoziumun keçirildiyi Mərkəzi Elmi Kitabxana və Milli Konservatoriyanı da çox bəyəndim. Muğam konsertləri, Azərbaycan musiqisindən aldığımız zövq isə bir başqadır.
Lalə Azəri
Mədəniyyət.- 2018.- 14 mart.-
S.8.