Bölgə teatrlarında bayram
əhvalı
10 mart - Milli Teatr
Günü paytaxtın teatr
ocaqları ilə bərabər, region
teatrlarında da qeyd olunub.
Lənkəran. Əlamətdar gün münasibətilə Lənkəran Dövlət Dram Teatrında keçirilən tədbiri giriş sözü ilə açan direktor Tofiq Heydərov Azərbaycanda milli peşəkar teatrın yaranma tarixindən, rəhbərlik etdiyi kollektivin inkişaf yolundan, yaradıcılıq planlarından danışıb.
Bildirilib
ki, ötən illər ərzində Lənkəran
teatrı dəfələrlə respublikamızda, eləcə
də xarici ölkələrdə
keçirilən beynəlxalq festivallarda uğurla iştirak edib. Hazırda kollektiv
yüksək yaradıcılıq əzmkarlığı ilə
yeni tamaşalar üzərində
işləyir. Gənc rejissor Emil Əsgərov Belçika dramaturqu Moris Meterlinqin “Korlar” pyesinin məşqlərini aparır. Bundan əlavə,
cari mövsümdə
Sofokolun “Antiqona”, N.Vəzirovun “Pəhləvanani-zəmanə”,
başqırd dramaturqu
Süleyman Lətipovun
“Evlən, oğul, evlən!” əsərlərinin
tamaşaya qoyulması,
habelə uşaqlar üçün yeni tamaşaların hazırlanması
nəzərdə tutulub.
Tədbirdə teatrın bir
qrup əməkdaşına
səmərəli fəaliyyətlərinə
görə fəxri fərmanlar və pul mükafatı təqdim olunub.
Sonra Cəlil Məmmədquluzadənin
“Danabaş kəndinin
məktəbi” əsərinin
tamaşası nümayiş
etdirilib. Əməkdar
incəsənət xadimi
Oruc Qurbanovun quruluş verdiyi səhnə əsərində
əsas rolları Xalq artisti Qabil
Quliyev, Əməkdar
artist Sucəddin Mirzəyev,
aktyorlardan Şahrud Mehdiyeva, Allahverən Babayev, Miraslan Ağayev, Əlibala Əsgərov, Səyad Əliyev, Hikmət Cəfərov və başqaları oynayır.
Tamaşanı Lənkəran Dövlət
Universitetinin professor-müəllim
heyəti və tələbələri izləyiblər.
Martın 11-də isə Lənkəran
teatrında Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Qaraca qız və Xallı ifritə” adlı nağıl-tamaşanın premyerası
olub. Xeyirlə şərin mübarizəsindən
bəhs edən səhnə əsərinin
quruluşçu rəssamı
Tərlan Sadıqov, rəqslərin quruluşçusu
Günel Abbaszadə, musiqi tərtibatçısı
Fərahim Fərəcovdur.
Məktəblilər
tərəfindən maraqla
qarşılanan tamaşada
əsas rolları Əməkdar artist Sucəddin
Mirzəyev, artistlərdən
Qızılgül Quliyeva,
Emin Fərzullayev, Aysel Cahangirova, Şəbnəm Hüseynova,
Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər. Novruz bayramı günlərində
oynanılacaq tamaşa
məktəbyaşlı uşaqlara
xoş anlar yaşadacaq.
* * *
Qazax. Martın 10-da Qazax Dövlət
Dram Teatrında peşə
bayramı münasibətilə
tədbir keçirilib.
Tədbirdə teatrın
direktoru Saqif İskəndərov Azərbaycan
peşəkar milli teatrının 145 illik tarixindən və Qazax Dövlət Dram Teatrının 80 il ərzində keçdiyi yaradıcılıq yolundan
bəhs edib.
Rayon İcra
Hakimiyyəti başçısının
müavini Gülayə
Həsənova çıxış
edərək kollektivi
Milli Teatr Günü münasibətilə
təbrik edib. Teatrın direktoru Saqif İskəndərov, baş
rəssam Səyyad Məmmədov və aktyor Aydın Orucov İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.
* * *
Füzuli. Bölgə teatrlarında bu
günlər peşə
bayramı ilə yanaşı, qarşıdan
gələn Novruz bayramının da əhvalı hakimdir.
Füzuli Dövlət
Dram Teatrı bu münasibətlə "Bahar
çələngi” adlı
şou-proqrama start verib.
Kollektiv martın 12-dən etibarən rayonun kənd və qəsəbələrində bu
proqramla çıxış
edir. Teatrın direktoru, Əməkdar
mədəniyyət işçisi
Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan və teatrın baş rejissoru Asif Şirinovun quruluş verdiyi proqramın quruluşçu rəssamı
Ellinaz Balaşova, musiqi tərtibatçısı
Nizami Süleymanovdur.
Teatr ənənəvi olaraq bu il də bayram ərəfəsində rayonun
hərbi hissələrində
də bayram proqramı ilə çıxış edəcək.
* * *
Şəki. Sabit Rəhman
adına Şəki Dövlət
Dram Teatrında əlamətdar
gün premyera və 2009-cu ildən fəaliyyət göstərən
teatr-studiyanın məzunlarına
sertifikatların təqdimatı
ilə qeyd edilib.
İlkin olaraq adıgey dramaturqu Bilal Appayevin “Gözəlləri necə qaçırırlar” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Tamaşaya teatr-studiyanın məzunu, ADMİU-nun 4-cü kurs tələbəsi Arzu Əhmədova quruluş verib. Tamaşada rol alan Günay Novruzəliyeva, Nərmin Abbasova, Elvin Mabudov, İlkin Rüstəmov, Samirə Bəbişova və Fidan Lətifova da studiyanın məzunlarıdır. Səhnə əsərinin rəssamı Nicat Məmmədli, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib.
Teatr-studiyanın məzunlarına sertifikatların təqdim
edilməsində teatrın direktoru Namiq Qaffarov və baş rejissor, Əməkdar
incəsənət xadimi Mirbala
Səlimli çıxış edərək kollektivə uğurlar arzulayıblar.
Mədəniyyət.-2018.- 14 mart.-
S.11.