Yel çərşənbəsi -
baharın nəfəsi
Ötən axşam (13 mart) Novruzun - baharın müjdəçiləri olan dörd ilaxır çərşənbədən üçüncüsü - Yel çərşənbəsi də yurdumuza qədəm qoydu. Yel çərşənbəsi xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə” kimi də tanınır. Əski inanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Yel xalqımızın mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Bu mifik təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçib.
Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Bir inancda isə
deyilir ki, Yel çərşənbəsi
girən gün söyüd ağacının
altına gedib niyyət elə və Yel babanı
çağır. Əgər Yel
baba sənin səsini eşidib söyüdün budaqlarını
torpağa toxundursa diləyin yerinə yetər.
Yel çərşənbəsindən
başlayaraq axır çərşənbə üçün
hazırlıq görülür.
Ev əşyaları təmizlənir,
xalça-palaz çırpılır,
yorğan-döşək havaya
verilir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat
tədarükü görürlər.
Çünki Novruza yalnız
bir çərşənbə
qalıb. Üstəlik bu dəfə Novruz bayramı ilə ilaxır - Torpaq çərşənbəsi
eyni gündə yurdumuza qədəm qoyacaq.
Bəhruz
Mədəniyyət.-2018.- 14 mart.-
S.14.