Mədəniyyət və turizm naziri Naftalanda vətəndaşlarla görüşüb

 

   Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 15-də Naftalan şəhərində gerçəkləşib.

   Nazir Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib.

   Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

   Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

   Gəncə sakinləri şəhərdə regionlararası “Mədəniyyət festivalı” layihəsinin və “Milli geyim mədəniyyətinin cəmiyyət arasında formalaşdırılması və təbliği” layihəsinin həyata keçirilməsi, “Azərbaycan musiqisi” adlı müsabiqənin, “Avropa Gənclər Paytaxtları və qardaşlaşmış şəhərlərin mədəniyyət festivalı”nın təşkili və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

   Naftalandan qəbula yazılan vətəndaşların müraciətləri şəhər ərazisində Mədəniyyət mərkəzinin tikilməsi, Uşaq musiqi məktəbinə Azərbaycan və xarici ölkə bəstəkarlarının portretlərinin, yeni not nümunələrinin və qısametrajlı filmlərin nümayişi üçün proyektorun verilməsi barədə olub.

   Samux sakinləri rayonda arxeoloji tədqiqatların aparılması, Heydər Əliyev Mərkəzinin nəzdində təbii resursların qorunması mərkəzinin açılması, həmçinin mərkəzdə qədim əşyalara aid guşənin yaradılması və digər məsələlərlə bağlı müraciət ediblər.

   Goranboy sakinlərinin xahişləri AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən Borsunlu kəndində Gəsi adlanan ərazidə IX-XIII əsrlərə aid yaşayış sahəsində üzə çıxarılan maddi nümunələrin dövlət qeydiyyatına alınması və bu məkanın ölkə əhəmiyyətli turizm marşrutuna daxil edilməsi, 28 May - Respublika Günü münasibəti ilə təşkil olunacaq bayram konsertində Bakıdan incəsənət ustalarının iştirakına köməklik göstərilməsi və başqa məsələlər barədə olub.

   Kəlbəcər sakinləri Uşaq incəsənət məktəbində nağara sinfinin açılması, rayonun folklor kollektivinin xarici ölkələrə qastrol səfərlərinin təşkilinə dəstək verilməsi ilə bağlı nazirə müraciət ediblər.

   Xocalı sakinləri rayon Mədəniyyət evində əsərlərin səhnələşdirilməsi üçün təcrübəli rejissor və aktyorların metodiki köməklik göstərməsi, kitabxana işçilərinin mütəmadi olaraq regionlararası əməkdaşlıq görüşlərinin keçirilməsi, Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində bədii tərtibat işlərinin aparılmasına köməklik göstərilməsini xahiş ediblər.

   Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.4.