İnklüziv cəmiyyətlərdə fərqliliklərin aradan qaldırılması

 

   VI Qlobal Bakı Forumu çərçivəsində kitab sammiti təşkil olunacaq

  

   Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

   Əvvəlcə birgə foto çəkdirilib.

   Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

   Prezident İlham Əliyev tədbirdə nitq söyləyib.

   Artıq 6-cı dəfə keçirilən Qlobal Bakı Forumunun nüfuzlu beynəlxalq platformaya çevrildiyini vurğulayan dövlət başçısı son illərdə ölkəmizin mötəbər beynəlxalq tədbirlərin məkanı kimi tanındığını vurğulayıb. Prezident bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir. 2008-ci ildə əsası qoyulan mədəniyyətlərarası dialoqa dair Bakı Prosesinin əhəmiyyətini xüsusi qeyd edən dövlət başçısı deyib ki, Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib.

   Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan bəhs edən Prezident bildirib ki, ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi baxımdan da müstəqil ola bilməz: "Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. Bu, çox yüksək göstəricidir. Davos İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə hesabatına əsasən Azərbaycan 35-ci yerdədir. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan inklüziv inkişaf seqmentində isə dünyada 3-cü yerdədir".

   Qeyd olunub ki, Azərbaycan adambaşına düşən sərmayələrə görə ön sıralardadır. Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Azərbaycan eyni zamanda region ölkələrinə də sərmayə yatırır.

   Ölkəmizdəki tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir. Prezident əmin olduğunu bildirib ki, Forumda beynəlxalq gündəliyin aktual məsələləri müzakirə ediləcək, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürüləcək.

   Sonra Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxış edib.

   İtaliya Prezidenti Sergio Mattarellanın, Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin, Roma Papası Fransiskin, Rumıniya Baş naziri xanım Viorika Dansilanın, BMT-nin baş katibi Antonio Quterreşin müraciətləri oxunub.

   Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edib.

   Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallıqları ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub.

   Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafında xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilib. Birinci xanım Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirib.

   Beynəlxalq sülhünsabitliyin möhkəmlənməsində xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edilibmükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olunub.

   Humanitar və mədəni dəyərlərin təbliğində töhfələrinə görə ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olunub.

   Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

   Qeyd edək ki, üç gün davam edəcək Foruma 50-dən çox ölkədən 500-dən artıq nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

   Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.2.