Paytaxt teatrlarının Novruz xonçası
Havanın necə keçməyindən asılı olmayaraq, fəslin üzü yazadır. Üstəlik, yaz fəsli Azərbaycana ən uzun bayram tətili ilə qədəm qoyur. Bu günlər tez-tez görə bilmədiyin dostlar-qohumlarla ünsiyyət fürsəti, qısamüddətli səyahətə çıxmaq imkanı vəd etsə də, həm də çox uzağa getmədən mədəni istirahət etmək, iş çoxluğundan təxirə salınan uşaqlarla vaxt keçirmək, ailəvi harasa çıxmaq üçün də şansdır.
Elədə sizi “Novruzda nəyə baxaq?” adlı məlumatlandırıcı ekskursa dəvət edirik. Adətən evdə çox oturmaqdan bezən, üstəlik, əyləncəli vaxt keçirməyi ən çox arzulayan balacalar olduğundan, ilk növbədə, övladının mənəvi tərbiyəsini arxa plana keçirməyən valideynlərin maraqlarını nəzərə alırıq.
Ən sevimli tamaşalar bayram repertuarında
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Novruz tətili günlərində repertuardakı ən sevilən tamaşaları təqdim edəcək. Balaca teatrsevərlər martın 19-dan 26-dək hər gün 4 seans (saat 12, 14 və 16-da Azərbaycan dilində, 18-də rus dilində) nağıl-tamaşalara baxa biləcəklər. Tam bir həftə ərzində “Cırtdan”, “Qoğal”, “Ağ babanın nağılı”, “Tıq-tıq və Taq-taqın nağılı”, “Turp”, “Gözəl və Bədheybət”, “Qoçaq Əhməd”, “Çipollino”, “Durna balığı” tamaşaları nümayiş olunacaq.
İki yeni tamaşa ilə başlayan tətil
Azərbaycan Dövlət Gənc Tamaşalar Teatrında Novruz ərəfəsində təhvil verilən iki uşaq tamaşasını kollektivin bayram töhfəsi hesab etmək olar. Üstəlik, bu tamaşalar bizim illərdən bəri alışdığımız Keçəl, Kosa və Bahar qızın iştirakı ilə keçən ənənəvi bayram tamaşalarından deyil...
Beləliklə, bayramqabağı, artıq martın 16-da H.X.Andersenin eyniadlı nağılı əsasında hazırlanmış “Qar kraliçası” trillerinin premyerasıdır. Yeri gəlmişkən, rejissor Elşad Rəhimzadənin səhnələşdirib quruluş verdiyi tamaşa orta sinif şagirdləri üçün nəzərdə tutulub. Tamaşada Əməkdar artist Qəmər Məmmədova, aktyorlardan Anar Seyfullayev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova və başqaları rol alıb.
Teatr ənənəvi tamaşaçı kontingenti hesab etdiyi məktəbəqədər uşaqları və kiçikyaşlı məktəbliləri də unutmayıb. Martın 18-də onlar E.Uspenskinin “Çeburaşka” tamaşası ilə ilk dəfə tanış ola biləcəklər. Quruluşçu rejissoru Ayla Həşimova olan tamaşada rollarda Əməkdar artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Ceyhun Məmmədov, Xəyalə Meydanova, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Yasəmən Məmmədova və başqaları çıxış edirlər.
Bayram tətilində həmçinin gün ərzində üç seans (saat 12.00, 14.00, 16.00) teatrın repertuarından “Çəkməli pişik”, “Qoğalın sərgüzəştləri”, “Danışan gəlincik”, “Çipollino”, “Əlibaba və qırx quldur” tamaşaları nümayiş olunacaq.
Yetkin yaşlı tamaşaçılar da unudulmayıb. Martın 24-də K.Qoldoninin “Mehmanxana sahibəsi”, 25-də isə V.Şuqrayeva və Ə.Əmirlinin “Qohumlar” komediyaları sizə gülüş və zarafat dolu ovqat bəxş edəcək.
Qonaq gəlib “Mikki Maus və dostları”
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı bayram həftəsini elə bayram kimi keçirir. Yəni kollektiv həm istirahət edir, həm də demək olar ki, qrafikdən çıxmadan tamaşa oynayır. Bununla belə, bayram həftəsində cari repertuardan tamaşalar göstərəcək kollektiv martın 24-25-də ilk dəfə “Mikki Maus və onun dostları” adlı yeni musiqili interaktiv şounu da təqdim edəcək.
Ailəvi baxış üçün nəzərdə tutulmuş musiqili tamaşada bütün maneələri aşa biləcək dostluq, cəsarət, sədaqət kimi hislərin zəfərindən söhbət açılır. Bu sehrli əhvalat heyrətamiz işıq tərtibatı, xüsusi effektlər, tamaşanın bütün qəhrəmanlarının ifasında orijinal və parlaq rəqs nömrələri, mahnılar, gözoxşayan libaslar və təbii ki, xoşbəxt final ilə yadda qalacaq.
Böyüklər isə bayram günlərində janr və ruh etibarilə rəngarəng səhnə əsərlərinə baxa biləcəklər. Martın 23-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış tamaşa, 24-də N.Kouardın “Sanset bulvarı” “qara komediya”sı, 25-də isə P.Qladilinin “Afina axşamları” lirik komediyası oynanılacaq.
Hansına “O olmasın, bu olsun” deyək?
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı ilə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivləri Novruz günlərində paytaxtda
keçirilən tədbirlərdə
məşğul olduğundan
bu məkanlarda yalnız həftənin ikinci yarısında tamaşalar olacaq.
Musiqili Teatrda martın
23-də Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, 24-də E.Sabitoğlu
və T.Vəliyevanın
“Bankir adaxlı”, 25-də
isə Elçinin “Baladadaşın toy hamamı”
komediyaları oynanılacaq.
Balaca teatrsevərlər isə martın 24-də V.Ulyanovski
və V.Orlovun “Qızıl cücə” (rus dilində), 25-də O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” tamaşalarına
baxa biləcəklər.
Maraqlıdır ki, gələn həftəsonu Opera və Balet Teatrı da “O olmasın, bu olsun” tamaşası ilə öz pərəstişkarlarını sevindirmək niyyətindədir. Milli musiqili teatr ənənələrini çox sevənlər martın 23-də Üzeyir bəyin bu məşhur və heç vaxt dəbdən düşməyən komediyasını, ayın 25-də isə «Əsli və Kərəm» dastanı əsasında bəstələdiyi eyniadlı muğam operasını seyr edə biləcəklər. Martın 24-də isə balet həvəskarları Qara Qarayevin birpərdəli «Leyli və Məcnun» və «Don Kixot» baletlərinin seyrindən zövq alacaqlar.
Bu qış
niyə bitmək bilmir?
...Xan çoban, Əkinci və Bağban qışın gec getməyindən narazıdırlar.
Çox
düşünüb-daşınandan sonra onlar Bahara
şikayət edirlər.
Bahar isə onları diqqətlə dinləyir,
Çərşənbələri Qışın üstünə
göndərir. Gərgin mübarizədən
sonra şikayətçilərin
arzusu yerinə yetir.
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının
builki Novruz bayramı günlərində
azyaşlı tamaşaçılar
üçün hazırladığı
“Gəl, baharım, gəl, yazım” tamaşasının qısa
məzmunu belədir.
Tamaşa Xanım Həsənovanın
eyniadlı əsəri
əsasında hazırlanıb,
quruluşçu rejissoru
isə Anar Babalıdır. Səhnə
əsərində əməkdar
artistlər Mehriban Xanlarova və Mirzə Ağabəyli, aktyorlar Ramin Şıxəliyev, Vüsal
Xaliqoğlu, Rəşad
Bəxtiyarov, Mehman Fətullayev, Rüstəm
Rüstəmov, Şəhla
Əliqızı, Rada
Nəsibova, Firuzə Balayeva, Xədicə Novruzlu, Ceyran Baxışova və başqaları məşğuldur.
“Gəl, baharım, gəl, yazım” tamaşası
19-25 mart tarixində hər
gün dörd seans - saat
11.00, 13.00, 15.00 və 17.00-da nümayiş olunacaq.
* * *
...Yazı dili yüyrək olar. Biz də
bu yazıda intizarını çəkdiyimiz
ən əziz milli bayramımız olan Novruz günlərində
paytaxt teatrlarının
hazırladığı tamaşa
xonçasını qarşınızda
açdıq. Novruza hələ
bir neçə gün qalsa da, indidən bayramınızı təbrik
edirik.
Milli bayrama sənət bayramı zövqü qatılacaq günlərdə
sizlərlə teatr məkanlarında görüşmək
arzusu ilə
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2018.- 16 mart.-
S.10.